Azərbaycan İranla bağlı qərar versə, ölkədəki bu mağazalar bağlanacaq – YENİ AÇIQLAMAbackend

Azərbaycan İranla bağlı qərar versə, ölkədəki bu mağazalar bağlanacaq - YENİ AÇIQLAMA

İranla ticarət əlaqələrinin zəifləməsi və ya tamamilə dayandırılması ehtimalı Azərbaycanda İran mənşəli məhsulların satışını həyata keçirən mağazaların gələcəyi ilə bağlı suallar doğurur. Belə bir vəziyyət yaranarsa, bu mağazaların fəaliyyəti necə təsirlənə bilər və Bakıda fəaliyyət göstərən İran məhsulları mağazalarının bağlanması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, İran ilə ticarət əlaqələri zəifləsə və ya tamamilə dayansa, yalnız İran mənşəli məhsulların satışı ilə məşğul olan mağazalar ciddi çətinliklərlə üzləşə bilər.

Akif Nəsirli

Onun sözlərinə görə, belə mağazaların əsas problemi məhsul tədarükünün dayanması olacaq:

“Bu mağazalarda satılan malların böyük hissəsi birbaşa İrandan gətirilir. İdxal kəsilərsə, mağazaların rəflərini doldurmaq çətinləşər və mövcud ehtiyatlar qısa müddətdə tükənə bilər”.

Ekspert qeyd edib ki, belə vəziyyətdə mağaza sahiblərinin bir neçə seçim variantı qalır. Onun sözlərinə görə, bəzi sahibkarlar başqa ölkələrdən oxşar məhsullar gətirməyə çalışaraq fəaliyyət istiqamətlərini dəyişə və mağazalarını ümumi ərzaq və ya şərq məhsulları mağazası formatına çevirə bilərlər. Digərləri isə yeni təchizat kanalları tapana qədər fəaliyyətlərini müvəqqəti dayandıra bilərlər.

Akif Nəsirli əlavə edib ki, uzun müddət alternativ tədarük yolları tapılmasa, bəzi mağazaların bağlanması ehtimalı da yarana bilər:

Ekspertin sözlərinə görə, Bakı şəhərində fəaliyyət göstərən İran məhsulları mağazalarının bağlanıb-bağlanmaması bir neçə amildən asılıdır. Bunlara mağazaların ehtiyat anbarları, digər ölkələrdən məhsul gətirmək imkanları, sahibkarların maliyyə vəziyyəti və bazarda müştəri tələbatı daxildir.

“Qısa müddətli ticarət zəifləməsi zamanı mağazaların əksəriyyəti fəaliyyətini davam etdirə bilər. Lakin uzunmüddətli və tam ticarət dayandırılması baş verərsə, bəzi mağazaların bazardan çıxması mümkündür”, – deyə o vurğulayıb.

İqtisadçının fikrincə, belə bir ssenari baş verərsə, İran məhsulları mağazalarının sayında azalma müşahidə oluna və ya onların fəaliyyət formatı dəyişə bilər. Bununla belə, bütün mağazaların eyni anda bağlanması qaçılmaz deyil, çünki bir sıra sahibkarlar bazara uyğunlaşaraq alternativ məhsullar və yeni tədarük kanalları tapmağa çalışacaqlar.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*