Azərbaycan Prezidenti Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edib – YENİLƏNİB – 2backend

Azərbaycan Prezidenti Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edib - YENİLƏNİB - 2

Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib.

KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib.

Əlcəzair Prezidenti Abdelmacid Tebbun Prezident İlham Əliyevi, Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladı.

Azərbaycan və Əlcəzair prezidentləri rəsmi foto çəkdirdilər.

Tunis Respublikasının Prezidenti Kays Sayid Zirvə toplantısını açaraq çıxış etdi, təşkilata sədrliyi Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təhvil verdi.

Əlcəzair Prezidenti Abdelmacid Tebbun və Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt çıxış etdilər.

Sonra söz Prezident İlham Əliyevə verildi. Dövlətimizin başçısı Zirvə toplantısında çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

– Hörmətli Əlcəzair Prezidenti Abdelmacid Tebbun.

Hörmətli Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt.

Hörmətli dövlət və hökumət başçıları, hörmətli nümayəndə heyətlərinin rəhbərləri, xanımlar və cənablar.

İlk növbədə, mən Əlcəzair Prezidentinə və Ərəb Dövlətləri Liqasının Baş katibinə dəvətə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Bunu dostluq və qardaşlıq əlaməti hesab edirəm. Bu mötəbər Sammitdə iştirak etmək və ölkələrimiz arasında birliyi nümayiş etdirmək mənim üçün böyük şərəfdir. Əlcəzairi belə bir xüsusi gündə, Milli Azadlıq Günündə, Milli Ləyaqət Günündə ziyarət etmək məndə xüsusi məmnunluq doğurur. Mən Əlcəzair Prezidentini və hökumətini, bütün Əlcəzair xalqını Azadlıq Günü münasibətilə təbrik edirəm.

Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.

Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var. Bu yay mənə Baş katib cənab Əbul Qeyti Bakıda qəbul etmək şərəfi nəsib olub. Biz gələcək əməkdaşlığımızla bağlı geniş söhbət apardıq. Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür və biz əməkdaşlığımızı genişləndirmək istəyirik.

Bu gün mən Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak edirəm, lakin, eyni zamanda, bizim Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var. Əminəm ki, yaxın gələcəkdə də bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq.

Biz Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa da xüsusi önəm veririk. Biz aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk.

Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik.

Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza öz dəstəyini əsirgəməmişdir. Biz İslam həmrəyliyinə kifayət qədər töhfə vermişik. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və biz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdik. Bu da bizim mövqeyimizə və siyasətimizə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Bizim sədrliyimiz bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Biz bunu bir daha siyasətimizə verilən qiymətin əlaməti kimi görürük. Bizim sədrliyimiz COVID-19 dövrünə təsadüf etmişdir və biz bu məsələdə çox fəal idik. Azərbaycan koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərmişdir. Biz Qoşulmama Hərəkatının Sammitini təşkil etdik. Biz 2020-ci ilin dekabrında keçirilmiş və sırf COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşəbbüskarı olduq. Bütün bu təşəbbüslərin bir ümumi məqsədi var idi – ehtiyacı olan ölkələrə dəstək vermək, resursları səfərbər etmək və peyvəndləri əldə etmək imkanı olmayan ölkələrə dəstək göstərmək.

Hörmətli həmkarlar, xatırlayırsınızsa, pandemiyanın əvvəlində peyvəndlərə çıxış ən vacib məsələlərdən biri idi. Hətta inkişaf etmiş bəzi Qərb ölkələri vaksinləri lazım olduğundan beş dəfə, on dəfə çox əldə edirdilər. Amma resursları olmayan ölkələr əziyyət çəkməyə məcbur idi. Beləliklə, Azərbaycan bu məsələdə bir daha peyvənd millətçiliyinə, peyvəndlərin ədalətsiz paylanılmasına qarşı öz səsini ucaltdı və bu, Qoşulmama Hərəkatının da bizim mövqeyimizə dəstəyini gücləndirdi. Biz gələn ilin martında Qoşulmama Hərəkatının Sammitini keçirməyi planlaşdırırıq. Bu fürsətdən istifadə edib Ərəb Dövlətləri Liqasına üzv olan dövlət və hökumət başçılarını həmin Sammitdə iştirak etməyə dəvət edirəm.

İki il əvvəl Azərbaycan Ermənistan tərəfindən torpaqlarımızın iyirmi faizinin demək olar ki, otuz ilə yaxın davam edən işğalına son qoydu. Aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına baxmayaraq, Ermənistan bütün qərar və qətnamələrə məhəl qoymamış və Azərbaycanın ərazisinin demək olar ki, 20 faizini qanunsuz olaraq işğal altında saxlamağa davam etmişdi. İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. Bizim insanlarımız etnik təmizləməyə məruz qalmışdı. Ermənistan 1992-ci ildə hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törədib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, lakin bu qətnamələr heç vaxt icra olunmamışdır.

Bu isə bizi başqa bir vacib amilə gətirib çıxarır. Bu da BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi ilə bağlıdır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma bizə gəldikdə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu, ikili standartdır, bu, yolverilməzdir. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmadır. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır.

İki il əvvəl Azərbaycan, qeyd etdiyi kimi, bu münaqişəyə son qoydu. Biz bunu öz gücümüzlə etdik. Biz BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etdik və ərazilərimizi güc yolu ilə azad etdik. Biz Ermənistanı məğlub etdik. Ermənistan kapitulyasiya etməyə məcbur oldu. İndi isə bizim torpaqlarımız azaddır və biz torpaqlarımıza qayıtmışıq.

Bəs qayıtdıqdan sonra biz nə gördük? On min kvadratkilometrdən çox ərazinin tamamilə məhv edildiyini gördük. Bu ərazi bəzi ölkələrin ərazisinə bərabərdir. Hər bir şey yerlə-yeksan edilmiş, dağıdılmışdır – şəhərlər, kəndlər, binalar, tarixi abidələr, hətta bizim əcdadlarımızın qəbirləri. İşğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə dağıdılmışdır. Bu isə terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürüdür.

İndi isə biz şəhər və kəndlərimizi bərpa edirik. Biz “Böyük Qayıdış” adlanan proqramın icrasına başlamışıq. Biz bunu öz resurslarımız hesabına edirik. Əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bu işdə yardım etmirlər. Biz özümüz bunu edirik. Bu gün Mücahidlər Muzeyini ziyarət edərkən mənə məlumat verildi ki, Fransanın işğalı zamanı fransızlar 5 milyondan çox mina basdırmışdı. Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır. Biz bu işləri özümüz görürük. Biz torpaqlarımızı özümüz bərpa edəcəyik və artıq proses gedir. Biz Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaşlarımızdan yenə həmrəylik görürük, beynəlxalq təsisatlarda dəstək görürük və buna görə çox minnətdarıq. Ərəb Dövlətləri Liqasına qardaş ölkə Azərbaycanın Prezidenti, Qoşulmama Hərəkatının Sədri olaraq mən sizi bir daha əmin etmək istəyirəm ki, biz həmrəyliyimizi, birliyimizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik.

Mən bu dəvətə görə Prezidentə və Baş katibə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bir daha qeyd etmək istəyirəm ki, belə bir mötəbər auditoriya önündə çıxış etmək mənim üçün böyük şərəfdir. Sizə və xalqlarınıza xoşbəxtlik, rifah və sülh arzu edirəm. Təşəkkür edirəm.

Sonra digər dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri çıxış etdilər.

***

00:33

Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib.

KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib.

Əlcəzair Prezidenti Abdelmacid Tebbun Prezident İlham Əliyevi, Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladı.

Azərbaycan və Əlcəzair prezidentləri rəsmi foto çəkdirdilər.

Tunis Respublikasının Prezidenti Kays Sayid Zirvə toplantısını açaraq çıxış etdi, təşkilata sədrliyi Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təhvil verdi.

Əlcəzair Prezidenti Abdelmacid Tebbun və Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt çıxış etdilər.

Sonra söz dövlətimizin başçısına verilib. Prezident İlham Əliyev Zirvə toplantısında çıxış edib.

Sonra digər dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri çıxış etdilər.

2022-11-01 21:44

Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilir.

KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edir.
Əlcəzair Prezidenti Abdelmacid Tebbun Prezident İlham Əliyevi, Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladı.

Qeyd edək ki, Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*