backend

Azərbaycan səhiyyəsinin reallaşmayan İcbari Tibbi Sığorta planı – Layihəni 20 ildir gecikdirən ilginc səbəblər

Adil Qeybulla: “Neft erası” dövründə, yəni ölkəyə maaliyyə axını güclü olduğu bir vaxtda İcbari Tibbi Sığortanı tətbiq etmək mümkün idi”

Azərbaycanda ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar tam gücü ilə xalqın sosial rifahını yaxşılaşdırmır. Doğrudur prezidentin atdığı addımlar nəticəsində köklü dəyişikliklər, ümumi vəziyyətdə irəliləyiş müşahidə etmək mümkündür. Ancaq elə məsələlər var ki, onların hələ də öz həllini tapmaması ölkənin və iqtidarın imicinə zərbə vurur. İcbari Tibbi Sığortanın bu günə qədər tətbiq olunmaması məhz həmin problemlərdəndir.Təbii ki, bu məsələnin həll olunmamasında prezident deyil, yenə də məmur, yaxud toplu halda desək məmurlar məsuliyyət daşıyırlar. Belə deməyə kifayət qədər əsaslar da var.

Yaxın keçmişə nəzər saldıqda görürük ki, Azərbaycanda  düz 20 il öncə, daha dəqiq desək, 1999-cu ilin oktyabr ayında “İcbari tibbi sığorta haqqında” Qanun qəbul olunub. 2007-ci ildə isə həmin qanuna əlavə və dəyişikliklər edilib. Ölkə başçısının 2007-ci il 27 dekabr tarixli sərəncamına əsasən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb.

Beləliklə, prezidentinin 2016-cı il 15 fevral tarixli fərmanı ilə fəaliyyətə başlayan qurumun əsasında, həmin ilin noyabr ayının 24-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs yaradılıb. Bu qurumun fəaliyyət istiqamətləri hər kəsə bəllidir. İcbari Tibbi sığortanının ölkədə tətbiq olunması…

Lakin 20 il öncə başladılan iş aidiyyatı qurumların səriştəsizliyi və məsuliyyətsizliyi səbəbindən hələ də yekunlaşmayıb. Məlumat üçün bildirək ki, icbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir. Bu layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.

Gördüyünüz kimi, “İcbari tibbi sığorta haqqında” Qanun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mövcud olsa da, bütövlükdə ölkə üzrə icbari tibbi sığorta tətbiq edilmir.  Bu zaman ortaya maraqlı bir sual çıxır.

Niyə bu günə qədər Azərbaycanda İcbari Tibbi Sığortanın tətbiqi yekunlaşmır?

KONKRET.az –ın ünvanladığı sualı tibb elmləri doktoru, professor Adil Qeybulla cavablandırıb.  Ekspert bildirib ki, İcbari Tibbi Sığortanın tətbiqi 20 ilə yaxındır ki, gecikir: “Səbəblərdən ən başlıcası ölkədə səhiyyə islahatlarının tam şəkildə aparılmamasıdır. İstər İcbari Tibbi Sığorta, istərsə də dövlət sığortası arasında münasibətlər tam şəkildə tənzimlənməyib.  Bu proses vaxtında davam etdirilməli idi. Təəsüflər olsun ki, ölkədə səhiyyə sahəsində islahatlar gecikdi. Tibbi Sığortanın bu günə qədəər tətbiq olunmamasının başlıca səbəbi də məhz bu amillə bağlıdır”.

Adil Qeybullanın sözlərinə görə, “neft erası” dövründə, yəni ölkəyə maliyyə axını güclü olduğu bir vaxtda İcbari Tibbi Sığortanı tətbiq etmək mümkün idi: “Təəssüflər olsun ki, bu problem həmin vaxt öz həllini tapmadı.  Hazırda Tibbi Sığortanı pilot layihə kimi bir neçə rayonda tətbiq edirlər. Lakin sığortanın bu rayonlarda tətbiqinə ehtiyac yox idi. Çünki ortada dünya təcrübəsi mövcuddur. Hazırda Tibbi Sığortanın tətbiqi üçün  qurumlar yaradılıb. Bu işə cəlb olunan xəstəxanalar üçün də ayrıca bir qurum təsis edilib. Bütün bunlar onu göstərir ki, İcbari Tibbi Sığorta “Azərbaycansayağı” həll olunacaq. Əslində isə biz qardaş ölkə olan Türkiyənin modelindən istifadə etməli idik.  Türkiyə səhiyyəsi yüksək inkişaf etmiş səviyyədədir. Ona görə də, biz Türkiyə səhiyyəsinə uyğun  sistem qurub, bu işi həyata keçirsəydik çox yaxşı olardı. Amma təəssüflər olsun ki, biz bu gün tam əks mənzərənin şahidi oluruq. Belə ki, xəstəxanaların bir qismi “TƏBİB” adlı qurumda birləşdirilib. Digər qrupu isə kənarda saxlanılıb. Bu isə düzgün hal deyil. Xəstəxanalarda tibbi işlərin gedişinə nəzarət Səhiyyə Nazirliyinin tabeliyində olmalıdır. Maliyyə məsələlərinə isə daxildəki maliyyə menecerləri də nəzarət edə bilərlər. Bundan sonra İcbari Tibbi Sığorta paketini hazırlamaq olar. Bura bütün tibbi müayinələri daxil etməyə hökumətin maliyyə gücü çatmayacaq. Ona görə də hesab edirəm ki, tibb paketinə  daha çox doğuş və təxirəsalınmaz tibbi yardımı, dispanser müalicələr üçün lazım olan çekap müaiyənələri  daxil etmək lazımdır.  Yəni vacib tibbi müayinələri tipp paketinə daxil etsək, o zaman  həm dövlət, həm də vətəndaş fayda görər. Düşünürəm ki, 2020-ci ildə Azərbaycanda İcbari Tibbi Sığortanın tətbiqi reallaşa bilər. Yalnız bu istiqamətdə atılan yalnış addımları düzəldib, vacib olan işləri görmək zəruridir,  Bu məsələnin reallaşacağını bilmək üçün isə gələn ili gözləmək lazımdır”.

Müşfiq Tofiqoğlu

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*