Azərbaycan təhlükədə – Rusiyada gedən bu prosesə “dur” deyən tapılacaqmı? – ŞOK DETALLARbackend

Azərbaycan təhlükədə - Rusiyada gedən bu prosesə "dur" deyən tapılacaqmı? - ŞOK DETALLAR

Ermənistan kimi düşməni olan dövlət və xalq hər zaman ayıq və diqqətli olmalıdır. Çünki “şər maşın”ı daim, fasiləsiz olaraq iş başındadır. Bu yaxınlarda BMT İnkişaf Proqramının əməkdaşları olan erməni əsilli Armen Qriqoryan, Narine Sahakyan, Meri Tavukciyan və Stepan Marqaryan kimi alçaq həriflərin bu mötəbər qurumun loqosu altında çıxardıqları təhlükəli hoqqalar – sosial şəbəkələrdə antitürkiyə və antiazərbaycan təbliğatı aparmaları, təcavüzkar dövlət adı üstündə olan Ermənistanın ordusunun “qüdrətli silahı” haqqında paylaşımları bunu sübut edir.

Maraqlısı odur ki, Azərbaycandakı qeyri-hökumət təşkilatları rəhbərlərinin BMT-nin Baş katibi Antonio Quterreşə müraciətindən sonra Armen Qriqoryan Şimali Makedoniyada BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi vəzifəsinə təyin olunmaqla “cəzalandırılıb”.

Bu arada məlum olub ki, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsi vəzifəsinə təyin olunmuş Yekaterina Paniklovanın sosial şəbəkələrdəki dostları arasında çoxlu sayda ermənilər var (haqqin.az). Onların arasında həmin Armen Qriqoryan da var. Ermənilər onun Azərbaycanda məsul vəzifəyə təyin olunmasını alqışlayıblar.

Bu, hələ problemin bir hissəsidir. Nüvə silahına malik Rusiya kimi qonşu ölkədə məqsədyönlü və güclü şəkildə erməniləşdirmə prosesi aparılır. Rusiyanın dövlət, elm, hərbi, mədəniyyət, incəsənət, media və özəl strukturlarında ermənilərin yerləşdirilməsi heç kimə sirr deyil. Artıq məsələ o yerə çatıb ki, Rusiyanın federal kanallarının yaydığı bütün süjetlərdən ermənilər “boylanır”. Elə təəssürat yaranır ki, 146 milyondan çox əhalisi olan Rusiyada yaşayan, fəaliyyət göstərən mütəxəssislərin və ekspertlərin əksəriyyətini ermənilər təşkil edir. Üstəlik, “Qazprom” şirkətinin maliyyələşdirdiyi TNT kanalı da ermənilərin əlindədir.

Bu yaxınlarda isə tanınmış rus jurnalisti, kifayət qədər ciddi informasiya mənbələrinə malik olan Andrey Karaulov bildirdi ki, Rusiya Prezidenti Vladimir Putini əvəzləyəcək namizəd şəxslərin arasında indiki Baş nazir Mixail Mişustinin adı hallanır. Ermənilərin, xüsusilə də dünyanın inkişaf etmiş ölkələrində üzünə qapı bağlanan “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyanın iddialarına əsasən, Mişustinin anası erməni kökənlidir. Hansısa şənliklərdən birində müğənni Valeri Meladzenin erməni dilində Mişustinin şərəfinə ifa etdiyi mahnının videosunu ermənilərin internetdə həvəslə yaymaları da bu iddianı sübut etməyə xidmət edir. Mişustinin qonşu ölkənin dövlət başçısı ola biləcəyi kimi təhlükəli proqnozun gerçəkləşəcəyinə şübhə ilə yanaşanlar olsa da, ölkəmiz və xalqımız hər zaman “erməni sürpriz”lərinə, daha doğrusu onların “zərərsizləşdirilməsi”nə hazır olmalıdır.

Biz Vətən müharibəsində qəhrəman oğullarımızın qanı və canı bahasına qazandığımız böyük qələbə ilə arxayınlaşmamalıyıq. Əgər Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ermənilərin başına gətirilsəydi, Ermənistan ərazisinin 20 faizə qədəri işğal edilsəydi, 20 min erməni vətəndaşı qətlə yetirilsəydi, 50 min nəfərdən artıq erməni yaralanıb əlil olsaydı, bütün dünyanın, o cümlədən BMT-nin də tapdağı altında qalardıq. Ermənistanın ərazilərini Ağdam boyda “Xirosimaya” çevirsəydik, qəbiristanlıqları, tarixi və dini abidələri dağıtsaydıq, kilsələrdə heyvanlar saxlasaydıq, ermənilərin evlərini, meşələrini yandırsaydıq, cəbhədən uzaq erməni şəhərlərini bombardman edib, mülki insanları, uşaqları gecə yatdıqları yerdə qətlə yetirsəydik, İrəvana nüvə başlığı daşıya bilən “İsgəndər – M” raketini atsaydıq, dünyanın lənətindən, faşist damğasından qurtula bilməzdik, əbədi tənədən və təzminatdan qalxa bilməzdik. İraq, Suriya, Liviya hadisələrindən betər proseslərlə üz-üzə qalardıq.

Amma sadaladığımız insanlığa zidd dəhşətli və amansız cinayətlərə Azərbaycan torpaqları və günahsız azərbaycanlılar məruz qalıb. Ermənistanı məhşər ayağına çəkən varmı?! BMT-nin səsi çıxırmı?! Əlbəttə ki, yox.

Odur ki, atalar məsəlinin əksinə olaraq, namərdi (oxu: beynəlxalq təşkilatları) mərd edənə qədər qovmalıyıq. Azərbaycanın haqq səsinin bütün dünyada gur şəkildə eşidilməsinə, ermənilərin hər gün ifşa olunmasına, qəsbkar, təcavüzkar, faşist meyllərini təbliğ edən Ermənistanın beynəlxalq səviyyədə ictimai qınağa tuş gəlməsinə nail olmalıyıq. Zatən Qarabağa səfərlərində, rəsmi görüşlərində Azərbaycan Prezidenti İlham Əliyev təcavüzkar Ermənistanın hərbi cinayətlərini ifşa edir, beynəlxalq ictimaiyyətin diqqətini erməni faşizminə cəlb edir.

Biz nə edirik? Vətən müharibəsi dönəmində “Rossiya” telekanalında Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə edən, ermənipərəst zatilinlərə ermənipərəst Solovyovun proqramında layiqli cavablar verən jurnalist Səadət Qədirovanın bu ölkənin İTAR-TASS agentliyindən çıxarılmasının qarşısını ala bildikmi? Xeyr. Anar Həsənov kimi jurnalisti erməni əsilli xarici işlər naziri Sergey Lavrovun qəzəbindən qoruya bildikmi? Yenə də xeyr. Ermənistanda isə belə jurnalistləri milli qəhrəmana çevirərdilər.

Sual yaranır: nəyə görə Rusiyada “Qazprom” ermənilərin rəhbərlik etdikləri federal kanalı maliyyələşdirir, amma sahibi azərbaycanlı Vahid Ələkbərov olan “Lukoyl” neft şirkəti soydaşlarımızın rəhbərlik etdiyi federal kanalı yarada bilmir? Axı Səadət Qədirova kimi qətiyyətli jurnalistin Azərbaycan Respublikasının Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki ticarət və sərgi mərkəzinin direktoru olmasından çox, belə telekanala rəhbərlik etməsinə daha çox ehtiyac var.

Ortada Araz Ağalarov nümunəsi var. Tanınmış iş adamına rəhbərlik etdiyi şirkətlərdə azərbaycanlıların çoxluq təşkil etdiyini irad tutmaq istəyən rus jurnalistləri “onlar mütəxəssisdir və işləyə bilirlər” cavabını alırlar. Belə azərbaycanlı mütəxəssislərin həm Rusiyanın, həm də Qərbin bütün sahələrində hökmran olması prosesinin genişləndirilməsinə və dərinləşdirilməsinə başlamaq lazımdır. Bunu birbaşa ölkəmizin milli maraqları tələb edir.

P.S. Paradoksa baxın. Bizim Avropa Şurasında olan səfirimiz beynəlxalq təşkilatlara Azərbaycan hakimiyyətindən donos yazır, Ermənistanın BMT-dəki rezidenti ölkəsini məğlubiyyətə aparan biabırçı hökumət başçısı Paşinyanın ali baş komandan olduğu ordu tör-töküntülərinin “qüdrətli silahı”nı təbliğ edir. 24 aprel tarixində qondarma erməni soyqırımının adını çəkən ABŞ Prezidenti Co Baydenin facebook səhifəsinə qısa etiraz şərhi yazdığına görə iqtisadçı alim Qubad İbadoğlunun ABŞ-ın Rutgers Universitetindəki müqaviləsinə xitam verilir. Çünki ermənilər hər gün universitet rəhbərliyinə etiraz dolu məktubla müraciət edib, professor Qubadoğlunun işdən çıxarılmasını tələb edirlər. Amma gecə-gündüz Azərbaycan hakimiyyətini tənqid etməyi peşəyə çevirən ABŞ-dakı internet “qəhrəmanları” və “ekspertləri” onlarla bir cərgədə dayanan azərbaycanlı alimin müdafiəsinə qalxmırlar. Belə, belə işlər…     

Xatirə Sadiq,

KONKRET.az

  • Namiq
    Fevral 15, 2022 - 14:23

    “Bizdə də məmurlar çox iş görür”: – şəhid ailələrini incidir; – qaziləri gözüm çıxdıya salır; – hərbçilərin əmək haqqını kəsir; – pensiyada olan hərbiçilərin pensiyasını artırmır; – hərbi qulluqçuları dövlətdən narazı salır; və s. Bunlar azdırmı ??

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*