12 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani ilə görüşüb.
XİN-dən KONKRET.az-a verilən məlumata görə, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüş zamanı, Azərbaycan və Bəhreyn arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, münasibətlərin gələcək perspektivləri, həmçinin regiondakı və beynəlxalq inkişaflar müzakirə olunub.
Növbəti il Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağı məmnunluqla qeyd edilib, bu illər ərzində bir sıra sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın, o cümlədən çoxtərəfli platformalar çərçivəsində nümayiş olunan qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti vurğulanıb.
Əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mövcud potensialdan istifadə olunmasının, habelə bu xüsusda qarşılıqlı yüksək səviyyəli səfərlərin və görüşlərin intensivləşdirilməsi, Xarici İşlər Nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələrin aparılması və ikitərəfli hüquqi bazamızın zənginləşdirilməsinin vacibliyi qeyd edilib.
İqtisadiyyat, ticarət, investisiyalar, turizm, yüksək texnologiyalar və s. istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu diqqətə çatıdırılıb.
Humanitar sahə üzrə əməkdaşlığın genişləndirilməsinin, xüsusilə təhsil və təcrübə mübadilələrinin əhəmiyyətindən bəhs edilib.
Regional və beynəxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, ölkəmizin cari ilki AQEM sədrliyi, habelə 2026-cı ildə İƏT-in sammitinə sədrliyi zamanı mümkün birgə təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində formalaşmış Parlament və Gənclər Şəbəkəsi barədə məlumat təqdim olunub. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 2-ci konfransının Manamada keçirilməsi məmnunluqla xatırlanıb.
Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları daxil olmaqla mövcud maneələr barədə ətraflı məlumatlandırılıb.
Görüş zamanı, həmçinin Yaxın Şərqdə vəziyyət geniş müzakirə edilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.