Azərbaycan Fransa ilə münasibətlərin yaxın zamanda normallaşmasına ümid edir.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva yerli KİV-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu gün Fransada müşahidə olunan siyasi böhran Parisin müxtəlif siyasi sahələrinə təsir göstərə bilər: “Azərbaycan hadisələrin inkişafını izləməyə davam edəcək. Aydındır ki, Fransadakı daxili böhran digər sektorlara da təsir göstərə bilər. Lakin biz onun necə bitəcəyini müşahidə edəcəyik. Biz böhranın ikitərəfli münasibətlərimizə birbaşa təsirini görməsək də, ümid edirik ki, onlar tezliklə normallaşacaq”.
L.Abdullayeva bildirib ki, Azərbaycan-Fransa münasibətləri Parisin Bakı və İrəvan arasındakı artıq başa çatmış münaqişəyə qərəzli mövqeyi səbəbindən pisləşib.
Səfir, Cənubi Qafqazdakı mövcud vəziyyətə toxunaraq, Azərbaycanın Ermənistanla münasibətlərin qurulması üçün şərait yarada bildiyini və ölkələrin yekun sülh sazişinin imzalanması üçün yalnız bir neçə məqamı həll etməli olduğunu vurğulayıb.
“Biz ölkələrimiz arasında düşmənçilik səhifəsini bağladıq. Hazırda yekun sülhün imzalanması qarşısında duran yalnız bir şey var – bu, Ermənistan konstitusiyasıdır. Bizim istədiyimiz Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bundan sonra da əminliklə davamlı sülhdən danışa bilərik”, – diplomat bildirib.