Azərbaycana gətirilən kafel-metlaq biznesinə kim himayədarlıq edir?backend

Azərbaycana gətirilən kafel-metlaq biznesinə kim himayədarlıq edir? - Neqativ faktlar

Azərbaycan Respublikasına kafel-metlaq idxal edən bəzi müəssisələr tərəfindən İran İslam Respublikasından gəmi nəqliyyatı ilə gələn külli miqdarda bəyan edilməyən kafel-metlaq yükü “Hövsan” Dəniz Gömrük Postundan keçirilib. Criminal.az saytına daxil olan məlumata görə, həmin müəssisələr yük gömrük bəyannaməsi ilə ölkəmizə idxal etdiyi kafel-metlaq yükünü də faktiki miqdarından az miqdarda bəyan edərək, külli miqdarda dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişlərindən yayınıb.

Qeyd edilən müəssisələr artıq bir neçə dəfə bu cür cinayət hadisəsini törədiblər. Artıq müəyyən bir vərdişə çevirilmiş bu cinayət əməlinin baş verməsində gömrük orqanı əməkdaşları ilə birgə “əməkdaşlıq” faktorunun olması şübhəsi də danılmazdır. Çünki indiyə qədər bir neçə belə halın ardıcıl olaraq baş verməsi bunu deməyə əsas verir. Müəssisələr minlərlə kvadrat kafel-metlaq yükünü gömrük nəzarətindən kənar ölkəyə idxal edilib.

Bu əməllər bir neçə kafel-metlaq idxal edən müəssisə tərəfindən əldə edilən məlumatlar əsasında aşkar edilmiş və aidiyyatı üzrə məlumat verilib. Halbuki, qeyd edilən cinayət əməlinin baş verməsini aşkar etmək və idxal edilən yükün sənədlərlə eyni olub-olmadığını müəyyən etmək Gömrük orqanlarının vəzifəsidir. Bu vəzifəni layiqincə yerinə yetirilməyərək göz yumulması hansısa gömrük orqanının vəzifəli şəxslərinin əməli törədən şəxslərlə əlaqəsinin olması şübhəsini yaradır. Bu əməllər digər kafel-metlaq idxal edən müəssisələrin haqsız rəqabətə davam gətirməyərək fəaliyyətini dayandırmasına səbəb olur. Hazırda aşkar edilən faktlarla bağlı cinayət əməlini törətmiş, bu əməllərə göz yuman və bu cinayət əməlində iştirak edən şəxslərin cəzalandırılmağı da sual altındadır.

Criminal.az qeyd edir ki, qeyri-iş günü olduğundan Dövlət Gömrük Komitəsinin mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb.

Konkret.az xatırladır ki, vəzifəsinin icrasına yeni başladığı vaxtlarda DGK sədri Səfər Mehdiyev jurnalistlər qarşısında çıxış edərək demişdi: “Gömrük xidmətinin fəaliyyətinə dair bircə neqativ fakt göstərin, istefa verim”.

Göründüyü kimi, yuxarıda neqativ faktlar göstərilib. Bununla belə heç kəs DGK sədrinin istefasını tələb etmir, çünki ola bilər, onun bu faktlardan xəbəri yoxdur. İndi isə olacaq. Umulan odur ki, cənab sədr vəzifəsinə yeni başladığı dövrdə olduğu kimi gömrük xidmətinin fəaliyyətinin şəffaflaşmasına çalışsın və sükanı 8 ay öncə olduğu kimi saxlasın.

Konkret.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*