Azərbaycana “İskəndər M” raketi Gümrüdəki bazadan atılıb? – ŞOK DETALLARbackend

Azərbaycana “İskəndər M” raketi Gümrüdəki bazadan atılıb? – ŞOK DETALLAR

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (əvvəlki adı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik – ANAMA) rəsmi nümayəndəsinin işğaldan azad edilmiş Şuşa şəhərində martın 15-də aparılan təmizləmə əməliyyatı əsnasında İkinci Qarabağ müharibəsi zamanı atılan “İskəndər” operativ taktiki-raket kompleksinin iki partlamış raket parçalarının tapıldığını bəyan etməsi bu məsələ ətrafında tamamilə yeni vəziyyət yaradıb.

KONKRET.az bildirir ki, vəziyyəti mürəkkəbləşdirən ən əsas məqam onun Rusiyanın Ermənistana verdiyi “İskəndər E” deyil, “İskəndər M” tipli olmasındadır.

Belə ki, Rusiya indiyədək Ermənsitana “İskəndər E” verdiyini bildirirdi, indi tapılan isə daha uzaq mənzilli, daha dağıdıcı və daha güclü silah olan “İskəndər M” tiplidir. Minatəmizləmə Agentliyinin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsini araşdırarkən onun qalıqlarının “İsgəndər M” raket sisteminə (9M723) aid olduğu aşkar edilib.

Beləliklə, buradan iki qənaət hasil olur: ya Rusiya Ermənistana “İskəndər E” deyil, “İskəndər M” verib. Ya da Şuşaya “İskəndər M” Ermənistan ordusu tərəfindən deyil, başqa bir yerdən atılıb. Başqa bir yer deyərkən, nəzərlər ilk olaraq Gümrüdəki 102 saylı hərbi bazaya dikilir. Doğrudur, hələlik bu iddianı tam təsdiq etmək üçün əldə əsaslar yoxdur. Amma istənilən halda bu iki variantdan biridir.

Hərbi ekspert, ehtiyatda olan mayor Ədalət Verdiyev bildirib ki, əvvəla, “İskəndər”lərin hansısa ərazidən atılması üçün o əraziyə özüyeriyən qurğunun bir neçə saat ərzində gedib çıxması heç bir problem təşkil etmir:

“İkincisi isə Ermənistanın bu raketi buraxması mənə bir qədər inandırıcı görünmür. Raketin atılması faktı deyil, onun kimlər tərəfdindən atılması maraqlıdır. Çünki Ermənistanda keçirilən təlimləri izləyən birisi kimi mən iddia edirəm ki, Ermənistan indiyədək heç vaxt “İskəndər” raketlərini təlim zamanı atmayıb. Təlimdə bu raketləri atmayan heyətin isə real döyüş şəraitində bundan istifadə etməsi çox risklidir və riskli olduğu üçün inandırıcı görünmür.

Bütün bunlar bu raketlərin Gümrü ərazisindən və ya ora yaxın digər ərazidən, amma Rusiyanın 102-ci bazasının heyəti tərəfindən buraxıldığı ehtimalını irəli sürməyə imkan verir”.

Ədalət Verdiyev deyib ki, atılan versiyanın “İskəndər E” olmaması başqa bir məsələni də qabardır:

“Deməli, Rusiyanın verdiyi “E” kateqoriyasından olan raketlər nüvə başlığı daşıya bilmir, həm də onlar orta mənzilli raketlər sinfinə aiddir. “M” versiyası isə orta mənzilli olaraq 500 kilometr atəş məsafəsinə və nüvə başlığı daşımaq imkanlarına malikdir.

1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanan Orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı Müqavilənin şərtlərinə uyğun olaraq bu raketlər ixrac edilməməli idi. Tam əksinə, onların məhv edilməsinə dair fəaliyyətlər nəzərdə tutulurdu. Görünür, Rusiyanın hərbi dairələri bu müqavilənin də şərtlərini görməzdən gəliblər və “M” modifikasiyalı raketləri Ermənistana ötürüblər.

Ermənistan tərəfindən bunların istifadə olunmasına dair faktlar daha əvvəldən bu ölkənin hərbi-siyasi elitası tərəfindən dəfələrlə səsləndirilmişdi. Lakin bu qalıqların əlimizdə olmaması və aiddiyyəti qurumların radiolokasiya vasitəsilə bunların uçuşunu izləməməsi də başqa bir sualdır”.

Hərbi ekspert daha sonra deyib:

“Böyük ehtimalla Rusiyada bəzi dairlər Ermənistanla Azərbaycan arasında balansın davamlı olaraq saxlanılmasında və münaqişəni maksimum müddətə uzadaraq daha uzaq perspektivdə həlli üzrə müzakirələrin davam etməsi üçün əllərindən gələni ediblər. “İskəndər”lərin istifadəsi də yalnız və yalnız bu məqsədi daşıyıb. Yəni, məqsədlər Azərbaycanı öz hücum templərini aşağı salmağa vadar etmək, onun qərarlı bir şəkildə işğal olunmuş ərazilərin azad olunması əməliyyatları həyata keçirməsinə maneələr törətməkdən ibarət olub”.

Ədalət Verdiyev müharibə günlərində Xızı istiqamətinə atılan raketlərin “İskəndər M” olmasına dair fikir bildirdiyini vurğulayıb:

“Bildirmişdim ki, “İskəndər”lər istisna olmaqla Ermənistanın arsenalında olan heç bir silah sistemi Xızıyadək uça bilməz. Üstəlik, Ermənsitana verilən “E” versiyası da heç bir halda ora qədər gələ bilməz. Deməli, Ermənistanın əlində “M” versiyalı raketlər mövcuddir. Bunu mən iddia etmişdim. Bu iddialar da birbaşa olaraq onların təsdiqidir. Yəni, 280 km-lik raket Xızıya çata bilməzdi”.

Politoloq Ərəstun Oruclu isə bildirib ki, Minatəmizləmə Agentliyinin bu tapıntısı Azərbaycan ərazisinə “İskəndər” raketləri atılıbmı sualına aydınlıq gətirməklə yanaşı, həm də xeyli yeni suallar doğurur:

“Həmin identifikasiya kodunun Şuşaya atılmış “İskəndər”in “E” deyil, “M” tipli raketə aid olmasını göstərir:

“Belə raket isə Ermənistanda yoxdur və olmayıb. Rusiya istehsalı olan “İskəndər”in Ermənistana satılmış versiyası “E” eksport” olub, “M” tipli “İskəndər”lər isə yalnız Rusiyanın arsenalındadır. Belə olduğu halda Şuşaya raketi kimin atması sualının cavabı da öz-özünə tapılmış olur. Amma bunun ardınca Bakı üzərində vurulmuş “İskəndər”in haradan atılması sualı da üzə çıxır. Bunun da cavabı prinsipcə bəllidir, çünki “İskəndər E” raketinin maksimum uçuş məsafəsinin 250-280 km arası olması onun hətta Qarabağdan atılmasını istisna edir. Unutmayaq ki, noyabrın 10-da Azərbaycan Ordusu artıq Qarabağın xeyli hissəsinə nəzarət edirdi ki, bu da Bakıdan ən azı 300-330 km-lik məsafə demək idi”.

Ərəstun Oruclu deyib ki, məlumatlı mənbələr İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ərazisinə bir neçə “İskəndər” atıldığını və onlardan 5-6 ədədinin havada zərərsizləşdirildiyini bildirsələr də hələlik bu haqda rəsmi məlumat yoxdur:

“Amma baxır nəyi rəsmi məlumat saymaq olar. Məsələn, Paşinyanın bu raketlərlə bağlı ilk bəyanatı həmin məlumatla təxminən üst-üstə düşür. Demək, düşmən ölkənin baş naziri bir o qədər də yalan danışmamışdı. Onun bəyanatına Rusiyanın isterik reaksiyası da Paşinyanın haqlı olmasına işarə kimi qəbul edilə bilər.

Qalır məsələni dərindən araşdırmaq və bunun üçün də Minatəmizləmə Agentliyinin ortaya qoyduğu və müvafiq foto ilə təsdiqlənən fakta Moskvanın reaksiyası son dərəcə önəmlidir. Moskva isə hələlik susur”./teleqraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*