Qış mövsümünün yaxınlaşması həm ölkədə, həm də dünyada hava şəraitinə dair proqnozları yenidən gündəmə gətirmişdir. Xüsusilə Avropada “əsrin qışı” haqqında səsləndirilən ehtimallar ictimai marağı daha da artırıb. Azərbaycanda isə qarşıdakı aylarda şaxtalı və qarlı günlərin olub-olmayacağı sualı da bizim üçün çox aktualdır.
Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Avropada gözlənilən mümkün soyuq dalğalar barədə verilən proqnozlar Qütb Burulğanının (Polar Vortex) aktivliyi və potensial Arktika soyuqlarının əlamətləri ilə əlaqələndirilir.
“Mövcud məlumatlara əsasən, qışın son illərlə müqayisədə daha soyuq keçəcəyi ehtimalı yüksəkdir, lakin “əsrin qışı” kimi ekstremal dəyərlər barədə danışmaq hələlik spekulyativdir.
Bu ehtimalların yaranmasına səbəb La-Nina cərəyanının aktivliyidir. Adətən bu proses Qərbi Avropaya daha soyuq hava kütlələri gətirir və uzunmüddətli soyuq dalğa riskini artırır”.
Cavid Hüseynov Azərbaycanın iqlim xüsusiyyətlərinə diqqət çəkərək bildirib ki, ölkəmizdə qış fəsli əksər bölgələrdə mülayim keçir. Bununla belə, xüsusən yanvar və fevral aylarında soyuq hava kütlələrinin təsiri ilə qar və şaxta tez-tez müşahidə edilir.
“Son illərdə həm Günəş aktivliyi ilə əlaqədar, həm də istixana qazları hesabına əsas iqlim göstəricilərinin dəyişməsi, həmçinin ətraf mühitə və atmosferə aktiv antropogen təsirlərin artması səbəbindən ölkə ərazisində, eləcə də Bakıda və Abşeron yarımadasında da əsas iqlim göstəricilərinin tərəddüdü (illik temperaturun və isti günlərin sayının artması, yağıntıların miqdarının iqlim normasına görə tərəddüdləri, intensivliyinin artması və s.) müşahidə olunur”
Ekspert vurğulayıb ki, mövcud iqlim dəyişiklikləri fonunda ekstremal hava hadisələri və anomaliyalar istisna edilmir. Bu isə qarşıdakı qışda bəzi bölgələrdə güclü şaxta və qar ehtimalının real olduğunu göstərir.
Aynurə İsmayıl
KONKRET.az

