“Azərbaycanda 100 dildə səlis danışsan da, xeyri yoxdur, əgər…”backend

"Azərbaycanda 100 dildə səlis danışsan da, xeyri yoxdur, əgər..."

Vəsilə Hacıyeva

Haradasa 6 il əvvəl olardı. O zaman Qərb Universitetində Xarici əlaqələr şöbəsinin müdiri vəzifəsində işləyirdim. Təbii ki, hər bir müəssisədə olduğu kimi, bir universitetdə də beynəlxalq münasibətlərlə məşğul olan strukturunda xarici dillərdə yazan, danışan mütəxəssislərə tələb birmənalı idi (qeyd edim ki, ingiliscə zəruri idi, digər Avropa dilləri, Çin dili müsbət hal idi, lakin vacib deyildi, rus dili isə ancaq təşkilat içində rusdilli işçilərimizin bir-birilə şifahi ünsiyyətində işlədilirdi, yəni rus dili ilə nəinki dünyaya, hətta Şərqi Avropaya, post-sovet ölkələrinə də çıxa bilmirdik, sadəcə qəbul olunmurdu).

Şöbəyə götürdüklərimizin ingiliscəsi vacib idi, hansı dildə təhsil almış olması isə əhəmiyyət kəsb etmirdi. Bir gün ingilis, fransız və rus dillərinin üçündə təhsil almış bir azərbaycanlı qızı işə götürdük. Tapıntı hesab etdik. Sevindim ki, artıq xariclə bütün yazışmaları məhz mənim aparmağıma, məktubları redaktə etməyimə ehtiyac olmayacaq. Qız orta təhsilə Bakıda rusca başlamış, Avropada öncə ingilisdilli məktəbdə davam etmiş, fransızdilli məktəbdə isə başa vurmuşdu. Ali təhsili də həmçinin. Üçünü də ana dili kimi bilirdi.

Bircə azərbaycancası elementar səviyyədə idi. Azərbaycanca sanki bir xarici danışırdı. Məsuliyyətli, zəhmətkeş idi. Lakin… Bir də baxdım ki, mənim işim nəinki azalmadı, əksinə oldu. Mən həmin işçiyə verdiyim tapşırıqların çoxunu onunla birlikdə etməli və ona dil dərsi keçməli olurdum. Azərbaycan dili dərsini! Sən demə, biz xariclə işləyən şöbə olsaq da işimizin böyük hissəsi doğma dildə – dövlət dilində gedirmiş: həm təşkilat daxilində sənədləşmələr və hesabatlar, həm də müvafiq nazirliklər və komitələr (Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Miqrasiya Komitəsi), hətta buradakı səfirliklərlə yazışmalar və sənədləşmələr.

Mənim üç xarici dili ana dili kimi bilən işçim isə digərlərindən daha çox əziyyət çəkir, problemlər və tənbehlə üzləşir və səriştəsiz vəziyyətə düşürdü. Hətta acınacaqlı hallar da olurdu. Məsələn, bir dəfə bir xarici müəllimimizin yaşamaq izni üçün sənədlərini Miqrasiya Xidmətinə aparmış, orada ərizəni dəyişmək tələb olunmuşdu. İşçim azərbaycanca savadlı yaza bilmədiyindən orada panika yaşamış, nə edəcəyini bilməmiş və çarəsizlikdən qapıdakı mühafizəçiyə onun yerinə ərizə yazmaq üçün yalvarmışdı. Təsəvvür edirsinizmi? Məncə, sonrasını danışmağa ehtiyac yoxdur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*