Son illər Azərbaycanda qəfil ürəktutmalarından ölüm halları artır. Xüsusilə gənc və zahirən sağlam insanların anidən vəfat etməsi cəmiyyətdə ciddi narahatlıq yaradıb. Lakin belə ölümlərin real səbəbləri barədə konkret məlumat yoxdur. Çünki çox vaxt dünyasını dəyişən şəxsin yaxınları “meyit yarılmasın” deyə israr edir və bu, tibbi araşdırmanın qarşısını alır. Bildirilir ki, müasir tibbdə autopsiya yalnız səbəbi müəyyənləşdirmək deyil, gələcəkdə oxşar halların qarşısını almaq baxımından da həyati əhəmiyyət daşıyır.
Cəmiyyətdə meyitin yarılmasına niyə bu qədər mənfi münasibət var? Bu, seçim olmalıdır ya məcburiyyət?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, bəzi köhnəlmiş və yanlış adət-ənənələrimiz bu gün cəmiyyət üçün ciddi problem yaradır:
“Bu, mənim qohumumdur, atamdır, bacımdır və ya qardaşımdır, onun meyitinin yarılmasına icazə vermirəm” kimi yanaşmalar yolverilməzdir. Bəlkə də həmin şəxs zəhərlənib və hadisə arxasında kriminal səbəblər dayanır. Heç kim şəxsin təbii şəkildə dünyasını dəyişməsini dəqiq təsdiq edə bilməz. Ona görə də küçədə, evdə və ya xəstəxanada baş verən bütün ölüm hallarının səbəbi müəyyənləşdirilməli, diaqnoz dəqiqləşdirilməlidir. Təəssüf ki, ölüm epikrizlərinə və sənədlərinə baxdıqda, çox vaxt məsələyə səthi yanaşıldığı görünür. Düzdür, kənd yerlərində yaşlı insanların və ya ağır xəstələrin təbii ölümləri olur. Amma istənilən halda, hətta ölümə bir neçə gün qalmış belə, vəziyyət tibbi cəhətdən araşdırılmalıdır”.
Professor qeyd edib ki, autopsiya proseduru qanunla məcburi şəkildə tənzimlənməli və onun aparılması kiminləsə razılaşdırılmamalıdır:
“Əks halda, bir çox hadisələrin üstü açılmadan qalır. Cəmiyyətdə kök salmış və inkişafımıza mane olan belə köhnə adət-ənənələr tədricən aradan qaldırılmalı, autopsiya məsələsinə ciddi yanaşılmalıdır”.
Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı isə bildirib ki, ictimaiyyətin bu məsələyə yanaşması məntiqlidir:
“Çünki vəfat etmiş şəxsin bədəninə müdaxilə olunmamalıdır, yalnız cinayət halları istisna təşkil edə bilər. Ölüm səbəbinin müəyyənləşdirilməsi zəruridirsə, hüquqi şübhələr və ya cinayət faktı varsa, məcburi ekspertiza aparıla bilər. Digər hallarda vəfat edən şəxsin ailə üzvləri və yaxınlarının icazəsi olmadan heç bir müdaxilə mümkün deyil. Bu, insan hüququ və şəxsi sərəncam hüququnun tərkib hissəsidir. Heç kim doğmasının meyitinin parçalanmasını, üzərində təcrübə aparılmasını və yad məqsədlərlə orqanlarının istifadəsini istəməz”.
Sosioloqun sözlərinə görə, elmi məqsədlər üçün bədənindən istifadə etmək istəyən şəxs əvvəlcədən vəsiyyətlə razılıq verməli və ya müqavilə bağlamalıdır:
“Cinayət işlərinin araşdırılması üçün isə məcburi müdaxilə əsaslandırılmış zərurət olduqda tətbiq oluna bilər. Məcburi hallarda da proses şəffaf aparılmalı, mərhumun yaxınlarından biri prosesdə iştirak etməli, müşahidə aparmalıdır. Bu, cəmiyyətdə şübhə və etirazların yaranmasının qarşısını alır”.

