2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq. Bəs Azərbaycanda erməni dilinin məktəblərdə tədrisinə ehtiyac varmı?
KONKRET.az xəbər verir ki, bu barədə Demokrat.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, Azərbaycan tərəfi hər zaman qonşularına qarşı humanist dəyərlər baxımından münasibət sərgiləyib:
“O ki qaldı, Ermənistan tərəfindən 3 dövlət məktəbində Azərbaycan dili kursunun təşkil olunmasına, bu, təbii ki, humanist addım kimi irəli atılıbsa, yaxşıdır. Bu kimi addımlar və humanist münasibətlər əslində sülh prosesinə dəstək kimi töhfə verə bilər.
Bildiyim qədərilə Azərbaycan universitetlərində erməni dili öyrənilməsi istiqamətində işlər gedir. Mən hətta bununla bağlı zaman-zaman bildirmişəm ki, dili bilmək üstünlükdür, baxmayaraq ki, biz Ermənistanla hərbi konflikt münasibətindəyik. Hərbi konflikt dövründə belə dili bilən mütəxəssislərin olması faydalıdır.
Azərbaycanda erməni dilinin tədris edilməsinin tərəfdarıyam, amma hesab edirəm ki, ilk növbədə bu, akademik dairələr üçün bu dilin öyrənilməsi baxımından faydalı ola bilər. BDU və Dillər Universitetlərində bu dili öyrənmək üçün kurslar təşkil etmək olar”.
