Azərbaycanda fikir, söz və məlumat azadlığı necə təmin olunur? – ÖZƏLbackend

Azərbaycanda fikir, söz və məlumat azadlığı necə təmin olunur? - ÖZƏL

Söz azadlığı dünyada ən əvəzolunmaz nemətlərdən biri hesab olunur. Təbii ki, insan övladının azad mühitdə yaşayıb, öz fikrini sərbəst ifadə etməsindən yaxşı heç nə ola bilməz. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin edilməsi isə ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin göstəricisi sayılır. Azərbaycan da bu cəhətdən dünya dövlətlərindən geri qalmır. Belə ki, ölkədə fikir və söz azadlığının təmin olunması, pülüralizmin inkişaf etdirilməsi üçün xüsusi dövlət siyasəti həyata keçirilir.

Qeyd etmək lazımdır ki, ölkədə söz və mətbuat azadlığının təmin olunması Ümummilli lider Heydər Əliyevin əməyi nəticəsində başa gəlib. Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə müstəqil mətbuat inkişaf etməyə başlayıb, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Ulu öndərin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, həmçinin, 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman ölkədə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaradıb. 2000-ci ildə isə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoyub. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanunun, sonrakı dövrlərdə isə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” qanunlarının qəbul edilməsi də kütləvi informasiya vasitələrini cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevirib. Ulu öndərin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynayıb.

Aydındır ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ölkə başçısının daim diqqət mərkəzindədir. Son illərdə ölkəmizdə azad mətbuatın inkişafına dövlət qayğısı olduqca yüksək səviyyədədir. Dövlət başçısının mediaya göstərdiyi qayğı bu yüksəlişin əsasını təşkil edir. Belə ki, Milli mətbuatın yaranmasının ildönümlərində Prezident İlham Əliyevin jurnalistləri fəxri adlara layiq görməsi, media subyektlərinə yardımların ayrılması azad sözün qorunması, inkişaf etməsi, ümumən, peşəkarlığın yüksəldilməsinə öz töhfəsini verib. Eyni zamanda Prezident İlham Əliyev media sahəsində islahatların dərinləşdirilməsi məsələsinə də həssas yanaşıb. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentliyin medianın inkişafı, fikir və söz azadlığının təmin olunması istiqamətində gördüyü işlər isə göz qabağındadır. Media reyestrinin yaradılması, jurnalistlərə vahid vəsiqələrin verilməsi, güzəştli ipoteka şərtlərindən media nümayəndələrinin yararlanmasının təmin olunması və digər üstünlüklər jurnalistlərə göstərilən diqqət və qayğının əməli təzahürüdür. Məhz Prezident İlham Əliyev tərəfindən mətbuata xüsusi diqqət və qayğının nəticəsidir ki, ölkə başçısı 2010-cu ildə  “Jurnalistlərin dostu” seçilib.

Bir sözlə, Azərbaycanda mətbuatın inkişafının, o cümlədən, söz azadlığı və plüralizmin yüksək səviyyədə olmasının arxasında illərlə gəlinən yol, formalaşan ənənə dayanır. Bu yolda qarşıya çıxan problemlər isə cəmiyyət-dövlət tandeminin birgə səyi nəticəsində aradan qaldırılır. Əlbəttə ki, Azərbaycan mətbuatının inkişaf tarixində açılan bu yeni mərhələ birmənalı olaraq Prezident İlham Əliyevin mediaya, söz azadlığına qayğısını, diqqətini özündə təcəssüm etdirir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*