Vaxtilə şagirdlər tətillərdə müxtəlif düşərgələrə qatılır, bir sıra sosial fəaliyyətlərlə məşğul olurdu. Müstəqillik illərinin ilkin mərhələsində bütün sahələrdə olduğu kimi təhsil sahəsində müəyyən problemlər yarandı. İndi şagirdlərin tətillərdə gedə biləcəyi sosial fəaliyyətlər demək olar ki, ləğv olunub.
Maraqlıdır, indiki dövrdə şagirdlər öz asudə vaxtını necə səmərəli təşkil edir? Bu istiqamətdə hansı işlər görülür?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını təhsil eksperti Kamran Əsədov cavablandırıb.
O bildirib ki, davamlı olaraq tədris prosesinin təşkili şagirdlərdə fiziki və psxioloji gərginlik yaradır:
“İstedadlı və eləcə də, xüsusi həsaslığı olan şagirdlərin dövlət büdcəsi hesabına düşərgələrə, bərpa tipli təlimlərə cəlbi mümkündür. Lakin hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 1.6 milyon şagird təhsil alır. Dövlətin bu qədər şagirdin hamısını eyni anda düşərgələrə cəlb etmək imkanı yoxdur. Digər tərəfdən ümumilikdə 10-a yaxın düşərgə var. Onların hər biri böyük tutumlu deyil və çox sayda şagirdi qəbul edə bilmir. Həmin düşərgələr bəzi dövlət qurumlarının və təşkilatlarının nəzdində fəaliyyət göstərir. Ona görə də, ən böyük ağırlıq valideynlərin üzərinə düşür. Məktəblilərin istirahəti və asudə vaxtının səmərəli təşkili valideynlərin öhdəsindədir. Bu məsələ pandemiya dövründə xüsusilə çətindir. Mütəxəssislər uşaqlara daha çox təbiət qoynunda, dənizkənarı və meşəlik ərazilərdə vaxt keçirməyi tövsiyə edir. Çünki iki ildən çoxdur ki, şagirdlər onlayn rejimdə tədrisdə iştirak edir. Elektron avadanlıqlardan istifadə azyaşlıların göz yaddaşına xüsusilə mənfi təsir edir. İndi uşaqlar itirdiyi enerjini bərpa etməlidir. Lakin bunun üçün valideynin imkanı və vaxtı məhduddur”.
Ekspert məsələnin həlli üçün təklif irəli sürüb:
“Hesab edirəm ki, bu məsələ ilə bağlı özəl sektora icazə verilməlidir. Tələbələr özəl sektorun dəstəyi ilə yay tətilində yaşadığı rayonda müəyyən tədbirlər və düşərgələr təşkil edə bilər. Tələbələrin böyük əksəriyyəti işsizdir. Kənd və qəsəbələrdə onlara yer ayrılmalıdır ki, düşərgələr, təlimlər, interaktiv tədbirlər təşkil edə bilsinlər. Bu həm də şagirdlərin asudə vaxtının səmərəli təşkilinə imkan yarada bilər. Tələbə və şagirdlər birlikdə öyrədici layihələrdə iştirak edə bilərlər”.
Şəbnəm Mehdizadə,
KONKRET.az