Xəbər verdiyimiz kimi, bu gün Baş nazir Əli Əsədovun imzaladığı yeni qərarla Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı genişləndirilib, siyahıya Təhsilin İnkişafı Fondu da əlavə edilib. Baş nazirin digər qərarına əsasən, Təhsil Nazirliyinin tabeliyində “Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb və Fondun Nizamnaməsi təsdiq edilib.
Bəs görəsən yeni yaradılan fond Azərbaycan təhsilinin inkişafına nə verəcək?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını Milli Məclisin deputatı Ceyhun Məmmədov cavablandırıb.
O bildirib ki, əsas hədəf və məqsəd ümumi təhsilin inkişafına töhfə verməkdir:
“Bu gün biz təhsil sahəsində bir sıra dəyişikliklərin baş verdiyini müşahidə edirik. Təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Belə bir fondun yaradılmasında da əsas məqsəd və hədəf sözügedən təhsilin keyfiyyətini artırmaqdır. Təhsil sahəsində layihələrin maliyyələşdirilməsi, bu sahənin inkişafı ilə bağlı strategiyaların hazırlanması, xarici təcrübənin öyrənilməsi, həyata keçiriləcək islahatlarla bağlı təkliflərin verilməsi istiqamətində fəaliyyət nəzərdə tutulur. İnanıram ki, bu qərar ölkədə təhsilin keyfiyyətini yüksələdəcək”.
Təhsil eksperti Kamran Əsədovun fikrincə, bu qərar təhsil sahəsində inqilabi dəyişikliklərə gətirib çıxaracaq:
“Bu fond ölkədə təhsilin maliyyələşdirilməsindən tutmuş idarəetmə sisteminin təkmilləşdirilməsinə qədər hər şeyi özündə əks etdirəcək. Sözügedən Qərar illərdir əsas hədəfə çevrilən təhsilin inkişafına dair konseptual məsələlərin köklü həllidir. Fond həmin layihələri həyata keçirəcək və bu prosesə nəzarət edəcək. Yəni belə bir fondun yaradılması təhsil sisteminin köklü şəkildə dəyişdirilməsi, müasir təhsil sisteminin qurulmasına yol açacaq. Azərbaycanda müasir çağırışlara cavab verən təhsil sisteminə ehtiyac var. Bu fond həmin istiqamətdə yol xəritəsini həyata keçirən qurum olacaq. Yəni gözləntilər böyükdür. Təhsilin İnkişafı Fondu ali məktəblərdə rəqabətliliyin, orta ümumutəhsil məktəblərində tədrisin keyfiyyətinin artmasına təkan verəcək. Düşünürəm ki, bu qərar Azərbaycan təhsilində inqilabi islahatlara gətirib çıxaracaq. Qeyd edim ki, bu peşə təhsil müəssisələrinə aid deyil. Çünki peşə təhsilinin inkişafı ilə bağlı hazırda ayrıca fond var”.
Şəbnəm Mehdizadə
KONKRET.az