Almaniyanın Nörünberq şəhərindəki ”’Medina” Türk İslam Muzeyi tərəfindən təşkil olunmuş “Çoxkültürlü mədəniyyət bir gələcək” adı altında video konfrans keçirilib.
Bu barədə KONKRET.az-a ictimai fəal Svetlana Osmanlı verib. O, bildirib ki, ərazi birliyi, oxşar ictimai-iqtisadi, coğrafi və tarixi şərait azərbaycanlıların və azsaylı xalqların məişət və mədəniyyətlərində, adət-ənənələrində ümumi cəhətlərin formalaşmasına səbəb olub:
”Azərbaycanda yaşayan: tatlar, talışlar, kürdlər, dağ yəhudiləri, ləzgilər, avarlar, udilər, saxurlar, xınalıqlılar, buduqlar, qrızlar, ingiloylar , ruslar və digər xalqlar min illərdi birgə yaşayırlar. Konfransın məqsədi adıgedən etnik (azsaylı) millətlərin qədim tarixini, ümumi adət-ənənələrini, birgə dinc yaşayışını, həmrəyliyini, eyni zamanda İslam dininin insanpərvərlik və sülhsevərlik missiyasını dünya xalqlarına bəyan etməkdir:”
Svetlana Osmanlının sözlərinə görə, müzakirələr əsnasında Azərbaycanda yaşayan azsaylı xalqlar və millətlər müxtəlif mədəniyyətlərə malik olsa da, indiyənə qədər onların arasında heç bir narazıçılıq, anlaşılmazlıq baş verməyib və bu fakt tarix boyu onların bir-birinə qarşı hörmət bəslədiyini sübut edir: ”Hətta ağır illərdə, müharibə və savaşlarda qardaş kimi birlik olub düşmənə qarşı mərdliklə döyüşüblər!”
Konfransda iştirak edən ictimai fəallar, millət vəkilləri, o cümlədən, Milli Məclisin Əmək və sosial müdafiə və Mədəniyyət Komitələrinin və Toponomiya komissiyasının üzvü Əziz Ələkbərli, siyasi elmlər doktoru, alim, politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya və siyasi idarəetmə” kafedrasında professor Elşad Mirbəşir oğlu, Azərbaycanın dövlət və siyasi xadimləri Səbinə Xasayeva və Könül Nurullayeva da çıxış edib.
Onlar həm qədimdə, həm də müasir dövrdə Azərbaycanın öz yüksək tolerantlığı ilə seçilən bir bölgə olduğunu qeyd edib. Çıxış edənlər yekdilliklə söyləyib ki, bura Zərdüştlük dininin vətəni, Qafqazda xristianlığın ilk beşiyi, İslam dininin geniş yayıldığı məkan, müxtəlif etnosların sülh içində yaşadığı ərazi, rəngarəng mədəniyyətlərin biri-birindən bəhrələnərək çiçəkləndiyi diyardır. Tarixi mənbələr Azərbaycanın etnik tərkibinin daim genişləndiyini göstərir. Rəngarəng etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlamışdır. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır.
İştirakçılar həmçinin Azərbaycan da, axıska türklərinin də ölkəmizdə kök salıb, xalqımızla birlikdə multikulturalizm və tolerant bir şəraitdə yaşamağa davam etmələrindən bəhs ediblər. Buna sübut olaraq Azərbaycanın müxtəlif ölkələrindən qaçqın düşmüş, mesxeti və axıska türklərinə Azərbaycan qucaq açaraq insanpərvərliyini və sülhsevərliyinini təsdiqləib.
Bildiyiniz kimi, Nörünberq şəhərindəki “Medina” Türk İslam Muzeyinin rəhbəri Cəmaləddin Özdəmir Avropa ölkələrində baş tutan bir sıra beynəlxalq tədbirlərdə Azərbaycanın qədim tarixini, milli mentalitetini, zəngin mədəniyyətini və milli geyimlərini fəaliyyəti ilə layiqincə təmsil edib və bu missiya bu gün də davam edir. Medina” dərnəyindəki Türk İslam Muzeyində bayrağımız, milli geyimlərimiz xüsusi ilə Ulu Öndər Heydər Əliyevin rəsmi hər kəsi marağına səbəb olur.
Konfransda Udin millətlərin nümayəndələri Robert Mobili Prezident İlham Əliyevin Alban kilsəsinin failiyyəti, udin xalqlarının yaşam tərzi və azsaylı xalqların güzaranı ilə yaxından maraqlandığını vurğulayıb. Dadaş Əliyev lahıc və tat millətlərinin daim Azərbaycan xalqının bir hissəsi olduğunu dilə gətirib. Hər bir vətəndaşın vicdanı, tərbiyəsi, yaşadığı yurduna, dövlətinə, xalqına yararlı olmaqla ölçülür. Və bu gün istər adi vətəndaş, istər ictimai fəal, istər səlahiyyətli dövlət məmurlarının üzərində xalqa, dövlətə layiqincə dəstək olmaq mədəniyyətimizi layiqincə təmsil etmək borcu var. Çünki Almaniya vətəndaşı olan Cəmaləddin Özdəmir kimi ləyaqətli şəxsiyyətlər Azərbaycanı, xüsusi bir sevgi ilə digər ölkələr arasında tərənnüm edirsə, Türkiyədə Mübariz İbrahimov adına orta məktəb uşaqlarımıza, maddi və mənəvi dəstək göstərirsə, demək ki, biz daha böyük işlər görməyə, daha çox çalışmalara imza atmağa başlamalıyıq.
Hər bir ölkənin böyük inkşafı onun mədəniyyətindən başlayır. Biz də bir Azərbaycan Türk – İslam dövləti olaraq ölkəmizdəki millətlər arasında sülhü və asayişi qorumaq, insanlığa yararlı olmağı bacarmışıq. Azərbaycan bu cür də tərənnüm edilir”- deyə S. Osmalı bildirib.
Əntiqə Rəşid