“Azərbaycanda qadınlara qarşı ayrı-seçkiliyin bütün halları qanunvericiliklə qadağan olunur” – Millət vəkilibackend

"Azərbaycanda qadınlara qarşı ayrı-seçkiliyin bütün halları qanunvericiliklə qadağan olunur" - Millət vəkili

Azərbaycanda qadınlara qarşı ayrı-seçkiliyin bütün halları qanunvericiliklə qadağan olunub. Cəmiyyət həyatının bütün sahələrində gender bərabərliyinin və qadın hüquqlarının təmin olunması, müdafiəsi, onlar üçün yaradılan imkanların genişləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət başçısının imzası ilə Milli Məclisə daxil olan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində də əmək münasibətlərində iştirak sahəsində gender bərabərliyi prinsipinə tam əməl olunması, qadınların əmək bazarında iştirakı ilə bağlı maneələrin aradan qaldırılması üçün qanunvericiliyə dəyişikliklər nəzərdə tutulub. Qanun layihəsinə əsasən, mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə və iş yeri azaldılaraq 204 müəyyən ediləcək. Eyni zamanda qadağan edilən peşə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olanlara tətbiq olunacaq. Nəticədə, respublikada əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasında, kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılmasında əsaslı dönüş yaranacaq. Ölkə üzrə qadınların orta əmək haqlarının kişilərin maaşına yaxınlaşması təmin ediləcək.

Mövzunu KONKRET.az-a şərh edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, millət vəkili Könül Nurullayeva bildirib ki,  Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişilərin bərabər hüquqlarının, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təmin edir: “Bu da demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazasının əsasını təşkil edir. Ölkəmizin beynəlxalq təşkilatlara qoşularaq konvensiyaları, protokolları qəbul etməsi, eləcə də milli qanunvericilik bazasının təkmilləşdirilməsi ictimai-siyasi həyatın bütün sahlərində gender siyasətinin güclənməsini şərtləndirib. Təsadüfi deyil ki, Azərbaycan  “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” BMT Konvensiyası da daxil olmaqla bir çox beynəlxalq sənədlərə qoşulub. “Qadın və kişilərin bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib. Gender bərabərliyinin hüquqi əsasını təşkil edən Qadınlara qarşı Ayrıseçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiya Milli Məclis tərəfindən ratifikasiya olunub. Qəbul edilən dövlət proqramları da ölkəmizdə qadınların hüquqlarının qorunmasını, zərif cinsin nümayəndələrinin sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına maneə yaradan amillərin aradan qaldırılmasını təmin edir.  Qadın hüquqları eyni zamanda Ailə, Mülki, Cinayət, İnzibati Xətalar Məcəllələrində də də təsbit olunub. Bu gün parlament və siyasi qərarvermədə Azərbaycan qadınları fəal iştirak edir. Milli qanunverici orqanda da gender bərabərliyi yüksək səviyyədə təşviq olunur. VI çağırış Azərbaycan Parlamentində mandat qazanan millət vəkillərinin 18,8% -i qadınlardır. Ümumiyyətlə, bu illər ərzində Azərbaycan Parlamenti gender bərabərliyinin hüquqi əsaslarını daha da möhkəmləndirib. “2020-2024-cü il Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı” da gender bərabərliyi  və qadın hüquqları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini, gender  əsaslı zorakılıqla mübarizə tədbirlərinin gücləndirilməsini təmin edir”.

Millət vəkilinin sözlərinə görə, bütövlükdə götürdükdə Azərbaycanda qadınlara qarşı ayrı-seçkiliyin bütün halları qanunvericiliklə qadağan olunur: “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində də əmək münasibətlərində iştirak sahəsində gender bərabərliyi prinsipinə tam əməl olunması, qadınların əmək bazarında iştirakı ilə bağlı maneələrin aradan qaldırılması üçün qanunvericiliyə dəyişikliklər nəzərdə tutulub. Məlumdur ki, Nazirlər Kabinetinin qərarına görə, hazırda Azərbaycanda 38 sahədə 600-dən çox iş yeri üzrə qadın əməyinin tətbiqi qadağandır. Bu siyahı Sovetlər dövrünün  istehsalat mühitinə uyğun hazırlanmış siyahı olduğundan onun yenilənməsinə ehtiyac var. Yeni dəyişiklikdə qadınların əməyini qadağan edən 674 peşə (vəzifə) və iş yerinin azaldılaraq 204-ə çatdırılmasından söhbət gedir. Eyni zamanda qadağan olunan peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək. Bu, ölkəmizdə əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulması, eyni zamanda kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılması deməkdir. Məcəllədəki dəyişikliklər müasir əmək bazarının mövcud resurslarından məqsədyönlü istifadə edilməsinin hüquqi tənzimlənməsini nəzərdə tutur. Təklif olunan dəyişikliklər qəbul olunacağı təqdirdə iş yerlərində işçilərin peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi, habelə ixtisasının artırılması stimullaşdırılacaq. Bu dəyişiklik həmçinin ölkə üzrə qadınların orta əmək haqlarının kişilərin orta əmək haqqına yaxınlaşmasını da təmin edəcək”.

Sevinc Paşayeva,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*