Azərbaycanda restoranlarda ketçup, mayonez verilməsi qadağan oluna bilər — AÇIQLAMAbackend

Azərbaycanda restoranlarda ketçup, mayonez verilməsi qadağan oluna bilər — AÇIQLAMA

Avropa İttifaqı 2026-cı ilin 12 avqustundan etibarən restoran, kafe və digər ictimai iaşə obyektlərində tək istifadəlik ketçup, mayonez və digər sous paketlərinin istifadəsini qadağan edən yeni qaydalar tətbiq edəcək. Bu qərar Avropa İttifaqının yeni Qablaşdırma və Qablaşdırma Tullantıları haqqında Qaydasının bir hissəsi olaraq qəbul edilib və məqsəd plastik tullantıların azalması və daha davamlı qablaşdırma sistemlərinin təşviqidir.

Bu qərar Azərbaycanda da tətbiqi oluna bilər?

KONKRET.az xəbər verir ki, qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu barədə Demokrat.az-a açıqlamasında deyib ki, keçup və mayonez gündəlik qida rasionunun əsas elementi kimi istifadə olunmamalıdır:

“Çünki onların tərkibində yüksək miqdarda duz, şəkər və müxtəlif konservantlar mövcuddur. Eyni zamanda, istehsal prosesində müxtəlif mənşəli bitki yağlarından, eləcə də ədviyyat və dadlandırıcılardan istifadə olunur. Bu cür tərkib xüsusilə azyaşlı uşaqlar üçün müəyyən risklər yarada bilər. Dad reseptorları tam formalaşmadığı dövrdə əlavə dadlandırıcılarla zəngin qidaların qəbulu uşaqlarda təbii və neytral dadlara qarşı həssaslığın azalmasına səbəb ola bilər. Nəticədə onlar adi qidaları qəbul etməkdə çətinlik çəkə bilərlər. Bundan başqa, orqanizmə daxil olan “gizli” şəkər və duz miqdarı artıq çəki, arterial təzyiq problemləri və digər metabolik pozuntuların yaranmasına zəmin yarada bilər. Bu səbəbdən keçup və mayonezin gündəlik deyil, məhdud və nəzarətli şəkildə istifadəsi tövsiyə olunur”.

O bildirib ki, Avropada isə tək istifadəlik keçup və mayonez paketlərinin qadağan olunması məsələsi daha çox sağlamlıqla deyil, ekoloji amillərlə bağlıdır:

“Xüsusilə Avropa İttifaqı çərçivəsində qəbul edilən qərarlar plastik tullantıların azaldılması, ətraf mühitin qorunması və iqlim dəyişikliklərinin təsirinin minimuma endirilməsi məqsədi daşıyır. Kiçik həcmli plastik sos paketləri tullantı həcminin artmasına və ətraf mühitin çirklənməsinə səbəb olduğundan onların mərhələli şəkildə məhdudlaşdırılması nəzərdə tutulur. Məlumata görə, bu prosesin 2026-cı ilin avqust ayından etibarən daha geniş tətbiqinə başlanılması və 2030-cu ilə qədər bir sıra ölkələrdə tam miqyasda həyata keçirilməsi planlaşdırılır. Bununla belə, bazarlarda və satış nöqtələrində keçup və mayonezin ümumi satışı davam edəcək. Məhdudiyyət əsasən birdəfəlik kiçik plastik paketlərə şamil olunacaq. Çatdırılma xidmətlərində isə alternativ qablaşdırma formalarından istifadə nəzərdə tutulur. Beləliklə, həm sağlam qidalanma baxımından, həm də ətraf mühitin qorunması istiqamətində atılan bu addımlar daha dayanıqlı və məsuliyyətli istehlak vərdişlərinin formalaşdırılmasına xidmət edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*