Dünyanı bürüyən sosial gərginliklər və dini qarşıdurmalar dövrün aktual anlayışı olan tolerantlıq mövzusunu gündəmə gətirir. Lakin dünyada gedən proseslərdən fərqli olaraq Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında mühüm rol oynadığından, bu mövzu indi də dövlətin siyasi xəttinin prioritetlərindən hesab olunur. İctimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, xalqımızın duyğularından, eləcə də müstəqil Azərbaycan dövlətinin siyasətindən irəli gələn bir məsələdir. Müasir Azərbaycanda da tolerantlıq daha da möhkəmlənən, təkcə bütünlükdə cəmiyyətdə deyil, hər bir vətəndaşın şüurunda, mövqeyində, münasibətində və həyat tərzində ehtiva olunan önəmli bir dəyərə çevrilib və milli sərvət olaraq qəbul edilir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan bu gün milli və dini tolerantlıq mövzusunda dünyaya örnək olan ən önəmli ölkələrdəndir: “Ölkəmizdə mədəni müxtəlifliyin qorunması, millətlərarası münasibətlərin yüksək səviyyədə inkişaf etməsi, həmçinin tolerant və multukultural dəyərlərə dövlət və cəmiyyət tərəfindən böyük rəğbət bəslənilməsi, Azərbaycanın nüfuzunu artırır. Eyni zamanda ölkəmizdə mədəni müxtəlifliyin qorunması nəticəsində bir çox dini dəyərlərin təşəkkül tapması, müxtəlif dini ənənələrə sahib insanların Azərbaycanda rahat yaşaması dünyanın önəmli beynəlxalq təşkilatları tərəfindən diqqətlə izlənilir. Buna görə də, İSESCO tərəfindən Naxçıvan 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunub. Şuşa işğaldan azad edildikdən sonra isə, şəhər həm Türk, həm də İslam dünyasının mədəniyyət paytaxtı kimi qəbul olunub. Bütövlükdə tarixi ənənələrdən bu günə qədər gələn tolerantlığın və dini müxtəlifliyin dövlət tərəfindən ən yüksək səviyyədə qorunması mühüm əhəmiyyətə malikdir”.
Tural ismayılov əlavə edib ki, dünyanın ən qədim məscidlərindən biri olan və 743-cü ildə tikilən ibadətgah Azərbaycanın Şamaxı şəhərində yerləşir. Eyni zamanda dünya tarixinin ən qədim kilsələrindən sayılan Qafqaz Alban kilsəsi də ölkəmizdədir: “Bundan başqa əhalinin 96 faizini müsəlmanlar təşkil etsə də, Azərbaycanda xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri də rahat şəkildə yaşayır. Həmçinin ölkəmizdə təxminən 550-dən artıq dini icma var ki, onların içərisində qeyri-müsəlman birliklərin sayı kifayət qədərdir. Dünyada İsraildən sonra bəlkə də ikinci ölkə Azərbaycandır ki, burada dağ yəhudilərinin kompakt halda yaşadığı qəsəbə mövcuddur. Hesab edirəm ki, Azərbaycanın bu formada həyata keçirdiyi siyasət, pülüralist və inanc rəngarəngliyinə hörmət etməsi, faşizm və radikal elementlərin gücləndiyi hazırkı dünyada mühüm əhəmiyyətə malikdir. Dünyada demokratiydan, insan azadlıqlarından, fikir pülüralizmindən danışan bir çox dövlətlər bu baxımdan Azərbaycandan örnək götürə bilər”.
Mövzu ilə bağlı fikirlərini saytımızla bölüşən politoloq İlyas Hüseynov isə Azərbaycanda dini və milli tolerantlıq məsələsələrinin hər zaman prioritet olduğunu diqqətə çatdırıb: “Bu tematika təbii olaraq yaranır. Çünki bizdə həm milli dözümlülük, həm də dini-milli harmoniya uzun əsrlər boyu formalaşıb və xalqımızın genetikasına həkk olunub. Azərbaycan multukulturalizm və dini tolerantlıq məkanı kimi bütün dünyaya nümunə göstərilir. Çox unikal bir məkanda yerləşən ölkəmizin multukultural ənənələri hər ötən gün daha da inkişaf etdirilir. Millətlərarası münasibətlərin daha da dərinləşməsi bu gün dünyada trend halına çevrilsə də, Azərbaycanda bu siyasət uzun illərdir həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi məhz bu ideyalara söykənir. Bütün millətlərin nümayəndələrinin vahid şəkildə Azərbaycanın uğur və mənafeyi naminə səfərbər olması ölkəmizin regional və qlobal miqyasda visionunu formalaşdırır”.
Politoloq hesab edir ki, xalq olaraq biz bu birliyi və həmrəyliyi 44 gün davam edən Vətən müharibəsində də gördük: “Uzun illər ərzində Azərbaycançılıq ideologiyasının təşviq edilməsinin faktiki nəticəsi bu müharibədə sübut olundu. Millətindən asılı olmayaraq hər kəs silaha sarılaraq vətəninin müdafiəsinə qalxdı və Ali baş Komandan İlham Əliyevin ətrafında səfərbər olundu. Bu, çox önəmli bir hadisə idi. Beləliklə Azərbaycan öz güc və qüdrətini həm də tolerantlıq və multukulturalizm siyasətinin təşviq olunmasına yönəldərək çoxşaxəli inkişaf yolunu tutdu. Ölkəmizdə keçirilən beynəlxalq humanitar forumlarda, BMT-nin Sivilizasiyalar Alyansının sammitlərində və digər mötəbər tədbirlərdə iştirak edən qonaqlar Azərbaycanda multukultural dəyərələrin çox yüksək səviyyədə olduğunu bildirirlər. Dövlətin və cəmiyyətin bu sahəyə verdiyi töhfələr sayəsində tolerantlıq ənənələri daha da inkişaf etdirilir”.
İlyas Hüseynov əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunduqdan sonra keçirilən Xarı Bülbül Beynəlxalq Musiqi festivalında məhz Vətən müharibəsində iştirak edən müxtəlif etnik qrupların folklor nümunələri səhnələşdirildi: “Bu, öz-özlüyündə tolerantlığın və mültukulturalizmin bariz nümunəsidir. Düşünürəm ki, tarixən formalaşan milli və dini tolerantlıq konsepsiyası müasir və çağdaş trendlərlə birləşdirilərək ölkəmizin inkişafı üçün daha da geniş vüsət alacaq və Azərbaycandakı bu siyasətin örnək olması dünyanın müxtəlif auditoriyalarda təsbit ediləcək”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.