Azərbaycanda Türkiyə HİSAR-ları yerləşdiriləcək – Şuşa Bəyannaməsinin açdığı daha bir fürsətbackend

Azərbaycanda Türkiyə HİSAR-ları yerləşdiriləcək - Şuşa Bəyannaməsinin açdığı daha bir fürsət

Hərbi ekspert: “Bu sistemlərin Azərbaycana gətirilməsi və qurulması orta perspektivdə mümkündür”

“Şuşa Bəyannaməsi ilə Azərbaycan zəmanət alır ki, KTMT heç bir halda ona hücum etməyə cəsarət etməyəcək. Hər necə olmasa, həmin sənədin sonunda NATO ölkəsinin imzası durur”.

KONKRET.az xəbər verir ki, bunu Minval.az-a açıqlamasında Türkiyəli tanınmış politoloq, Ankara-Moskva ekspert-analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer deyib.

Özerin sözlərinə görə, bundan əlavə, sənəd Azərbaycanın hərbi sənaye kompleksinin inkişafının sürətləndirilməsinə xidmət edəcək. “Proses artıq PUA-ların istehsalı ilə başlayıb. Bundan əlavə, Türkiyə Azərbaycanla hərbi hava kəşfiyyatı məlumatlarını paylaşır ki, bu da hər kəsə aydındır. Düşünürəm ki, Türkiyənin öz hava hücumundan müdafiə sistemlərini Azərbaycanda yerləşdirəcək zaman da gələcək. Bu, Türkiyə milli HİSAR hava hücumundan müdafiə sistemlərinin istehsalına başladıqda baş verəcək”, – deyə ekspert qeyd edib.

Engin Özer: “Rusiya və Türkiyə Zəngəzur dəhlizində maraqlıdırlar”

Engin Özer

Belə sistemlərin Azərbaycanda yerləşməsi ilə hava məkanımızın, strateji obyektlərimizin, o sırada neft-qaz kəmərlərinin mühafizəsi sözsüz ki, daha yüksək səviyyəyə qalxacaq. Bu həmçinin Türkiyənin ölkəmizdə ilk legitim hərbi baza qurması anlamına gələ bilər.

Vətən müharibəsi zamanı havada üstünlük qazanan Azərbaycan ordusu, 44 günə düşmənin dizini yerə vurdu. Bunun üçün düşmənin hava hücumundan müdafiə sistemləri, hava hücum vasitələri sıradan çıxarıldı. Azərbaycan Silahlı Qüvvələri müharibə zamanı düşmənin hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirmək üçün əsasən zərbə tipli pilotsuz uçuş aparatlarından istifadə etdi. Bunu təsdiqləyən çox sayda videokadrlar da mövcuddur. Düşmənin hava hücum vasitələrinin və ya raketlərinin məhv edilməsini qeydə almaq elə də asan məsələ deyil, çünki onun hansı vasitə ilə və hansı istiqamətdən nə zaman hücum edəcəyi məlum olmur. Bu hücumun qarşısını almaq üçün istifadə ediləcək zenit-raket komplekslərinin bəziləri görüntü əldə etmək imkanlarına ümumiyyətlə, malik deyillər. 44 günlük savaşda cənub istiqamətində “Buk-2MB” zenit raket kompleksi ilə düşmənin ən azı iki ədəd, 9K388 “İqla -S” daşınan zenit raket kompleksi ilə bir ədəd “Su-25″ hücum təyyarəsi məhv edilib. Mingəçevirə və Gəncəyə atılan ballistik raketlər isə ”S-300″ və “Buk-2MB” kompleksləri ilə zərərsizləşdirilib. Naftalan şəhərinə düşmənin atdığı kaset tipli “Smerç” raketləri də əsasən “Buk-2MB” kompleksləri tərəfindən Qaşaltı kəndinin üzərində aşağı yüksəklikdə zərərsizləşdirilib. İsraildən əldə edilən “Barak-8″ zenit raket komplekslərindən isə Xızıya atılan iki ədəd orta mənzilli ballistik raketin zərərsizləşdirilməsində istifadə edildiyi ehtimal olunur.

Ümumilikdə müharibə zamanı Azərbaycanın HHM qoşunları yaxşı nəticələr nümayiş etdirib və vəzifələrinin öhdəsindən gəlib. Mülki ərazilərimizə düşən raketlərə gəlincə, dünyanın heç bir HHM sistemi kütləvi hava hücumunun qarşısını tam almağa qadir deyil. Ballistik, taktiki və qanadlı raketlərin tək-tək tətbiq ediləndə belə, zərərsizləşdirilməsi çətin məsələdir. Yüksək hündürlüklü trayektoriya boyunca manevrlər edən raketlərin məhv olunması müasir HHM qoşunlarının zəmanətlə həll edə bilmədiyi vəzifələrdəndir. Burada HHM komplekslərinin izləmə və məhvetmə kanalının sayından hücum edən vasitənin radarlara görünmə əmsalına, kvaziballistik trayektoriyada uçuş yüksəkliyinə qədər müxtəlif faktorlar nəzərə alınmalıdır. Odur ki, hazırda HHM qoşunları Vətən Müharibəsinin müsbət və mənfi nəticələrini araşdırır, ehtiyac duyulan raketlərin və yeni komplekslərin alınması barədə tərəfdaşlarımızla müzakirələr aparır.

Aydındır ki, sərhədlərin demarkasiyasından sonra sülh sazişi imzalansa belə, Ermənistan ən azı yaxın perspektivdə düşmən ölkədən ehtimal olunan rəqib ölkəyə çevriləcək. Gələcəkdə yeni müharibəni və mülki əhalimizin bombalanmasını kimsə istisna edə bilməz. Bu baxımdan hava məkanımızın və sərhədlərimizin etibarlı şəkildə qorunmasını daim prioritet məsələ olaraq diqqətdə olmalıdır. Bu xüsusda Türkiyə ilə əməkdaşlığın yeni mərhələyə keçməsi, olduqca vacibdir.

Ədalət Verdiyev: Füzuli əməliyyatı ordumuzun İkinci Qarabağ müharibəsində həyata keçirdiyi ən əhəmiyyətli əməliyyatlardan biridir - AZƏRTAC

Ədalət Verdiyev 

Hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a deyib ki, “Şuşa bəyannaməsi” ilə Azərbaycanla Türkiyə arasında münasibətlər tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə qalxıb:

 “Türkiyə ilə Azərbaycan arasında təyyarə məsafəsi 1 saatlıqdır. Bu gün Azərbaycana qarşı real hava təhdidləri mövcud deyil. Digər tərəfdən Türkiyə təyyarələri Azərbaycan səmasında uça da bilər, Azərbaycan ərazisindəki aerodromlara eniş edib qala da bilər. Gələcəkdə belə zərurət olacaqsa, bu halda Türkiyənin Azərbaycanda hərbi bazası da olacaq. Yaxın gələcəkdə bu olmasa da, orta perspektivdə olacaq”.

Hərbi ekspert deyib ki, “Şuşa bəyannaməsi”ndə Azərbaycanda hərbi sənayenin inkişaf etdirilməsi ilə bağlı razılaşmalar yer alır:

“Bu gün ”Akınçı” PUA-larının istehsalı ilə bağlı müəyyən razılaşmalar var. HİSAR sistemlərinin ölkəmizdə istehsalına gəldikdə isə bu gələcəkdə mümkün olacaq. Azərbaycanın PUA-ların kiçik modellərinin istehsalı üçün texnoloji potensial mövcuddur. Bir neçə ildir ki, Azərbaycanda “İti qovan” PUA-ları istehsal olunur. Amma hava hücumundan müdafiə sistemlərinin istehsalı mövcud deyil. HİSAR-ın Azərbaycana gətirilməsi, qurulması orta perspektivdə mümkündür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*