Azərbaycanda yaxın günlərdə buğda ucuzlaşa bilərmi? – AÇIQLAMAbackend

Azərbaycanda yaxın günlərdə buğda ucuzlaşa bilərmi? - AÇIQLAMA

Bir neçə gündür dünya bazarında buğdanın qiymətinin ucuzlaşması ilə bağlı fikirlər səsləndirilir. Buğdanın qiymətinin ucuzlaşması və ya bahalaşması un və çörəyin qiymətinə təsir edirmi? Azərbaycanda yaxın günlərdə buğda ucuzlaşa bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycan buğda idxal edən ölkədir, buğda ixrac etmir:

“Qiymətlər dünya bazarı çərçivəsində dəyişir. Belə bir məsələni Azərbaycanın gücü çərçivəsində müəyyən etmək olmur. Azərbaycan buğda idxal edən ölkədir, buğda ixrac etmir. Azərbaycan buğdaya olan tələbatının 57-58%-ni özü ödəyir,  2%-ni xaricdən, əsasən də Rusiyadan alır. Azərbaycanda yığılan buğdanın çox hissəsi keyfiyyətsizdir.  Ərzaqlıq buğdaya olan tələbatımızın isə yalnız 25%-ni özümüz ödəyir, 75%-ni xaricdən alırıq”.

İqtisadçı ölkəmizdə buğdanın qiymətinin ucuzlaşmağacağını vurğulayıb:

“Azərbaycan buğda qiymətini ucuzlaşdıra bilməz. Necə ki neftin, qızılın qiyməti dünya bazarında formalaşır, eyni qaydada buğdanın qiyməti də dünya bazarında formalaşır.

Birjada qiymətlər hər gün, hər həftə dəyişir. Martın 6-da 1 ton buğda 155 funta düşmüşdüsə, mayın 28-i 1 tonun qiyməti 203 funta qalxdı, iyunun 25-i yenidən 165 funta endi, iyulun əvvəli isə yenidən 199 funt oldu. Son 5 ilin statistikasına baxdıqda görürük ki, indiki qiymətlər hardasa 2020-2023-cü ilin ikinci yarısında formalaşan qiymətə uyğundur, çox baha deyil”.

Onun sözlərinə görə, dünya birjasında formalaşan qiymətin bazara dərhal təsir edəcəyini demək doğru deyil:

“Dəyirmanlar buğdanı hansısa formada alırlar, o buğda 2 -3 aya gəlib çatır. Bağlanmış müqavilə dərhal icra olunmur. Müqavilənin bağlanması, məhsulun tədarükü, yolda onun anbara gəlməsi, anbardan çörək zavodlarına göndərilməsi, satılması zaman tələb edir. Ona görə də, qiymətlərin dünya birjasında düşüb qalxması, dərhal bazarda qiymətin dəyişməsinə gətirib çıxarmır”.

Kərimli unun qiymətinin 30-31 manata qalxmasını normal hesab edib:

“Unun qiymətinin 25-26 manatdan 30-31 manata yüksəlməsi normaldır. Bu çörəyin qiymətinə hələ ki, təsir eləmir. Buğdanın qiyməti unun qiymətinin 85-90%-ni təşkil edir.  Unun qiyməti isə çörəyin qiymətinin 45-50 %-ni təşkil edir. Amma qiymət təbii ki, yüksək olanda çörəyin qiymət də bahalaşacaq”.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*