“Azərbaycanın dövlət başçısı Ukraynanın yanında olduğunu bir daha sübuta yetirdi” – Keçmiş səfir İlham Əliyevin Ukraynaya səfərini şərh etdibackend

"Azərbaycanın dövlət başçısı Ukraynanın yanında olduğunu bir daha sübuta yetirdi" - Keçmiş səfir İlham Əliyevin Ukraynaya səfərini şərh etdi

Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev İlham Əliyevin Ukraynaya səfərini şərh edib.

KONKRET.az xəbər verir ki, Ukraynanın maliyyə nazirinin müşaviri, Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev Prezident İlham Əliyevin bu ölkəyə səfəri ilə bağlı Demokrat.az-ın suallarını cavablandırıb.

Müsahibəsində keçmiş səfir Azər Xudiyev bildirib ki, Azərbaycan Ukrayna münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur.

Azər Xudiyevin müsahibəsini təqdim edirik:

— Azər müəllim, Prezident İlham Əliyevin Ukraynaya səfərinin əhəmiyyətini necə dəyərləndirirsiniz?

— Öncə onu qeyd etmək istəyirəm ki, Azərbaycanla Ukrayna arasındakı dostluq əlaqələrinin kökü zəngin tarixə söykənir. Tarixin bütün dönəmlərində istər ölkələrimiz, istərsə də xalqlarımız arasında sıx dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hətta belə deyərdim ki, xalqlarımız tarix boyu müstəqillik əldə etmək, öz talelərinə sahib çıxmaq üçün oxşar və məşəqqətli yollar keçiblər. Tarix boyu hər iki xalqın düşünən beyinləri, deyən dilləri imperiya dövlətləri tərəfindən kəsilib. Onların müstəqilliyə gedən yollarına daim daş, kəsək atılıb. Bütün bunlara baxmayaraq hər iki xalq müstəqilliklərinə qovuşmaq üçün ölüm-dirim savaşına qatılıb, nə qədər çətin də olsa öz istəklərinə qovuşublar. Bu baxımdan xalqlarımızın tale oxşarlıqları arasında tarixi paralellər mövcuddur. Baxın, istər 1918-ci ildə, istərsə də 1991-ci ildə ölkələrimiz bir-birinin dövlət müstəqilliklərini tanıyan ilk ölkələr sırasında olublar. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycanla Ukrayna beynəlxalq arenada strateji tərəfdaşlar kimi tanınırlar.

Əlbəttə, dünən gün Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Ukraynaya iş güzar səfəri ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrin daha da inkişaf etdirilməsinə dəyərli töhfələr verəcək. Bildiyimiz kimi, müstəqillik tarixini qoşa addımlayan iki ölkə arasında ötən 30 ildə iqtisadi, siyasi, elmi, hərbi texniki, energetika, kənd təsərrüfatı və bir çox sahələri özündə ehtiva edən sıx əməkdaşlıq münasibətləri qurulub. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 860 milyon dollar dəyərindədir. Təbii ki, bu qane edən rəqəm deyil. Hesab edirəm ki, ölkə başçısının bu səfərindən sonra ikitərəfli iqtisadi əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

Səfər çərçivəsində bu dəfə əsas hədəflərdən biri də kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına fokslanıb. Bu gün Ukrayna dünyada ən böyük aqrar ölkələrdən biri hesab olunur. Bu baxımdan Ukrayna gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinin təmin olunmasında ən etibarlı tərəfdaş ölkəyə çevrilə bilər. Hesab edirəm ki, budəfəki səfər yaxın gələcəkdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmini əsaslı şəkildə yüksəldəcək.

— Sizcə, keçmiş postsovet məkanında cərəyan edən geosiyasi hadisələr fonunda bu səfər Azərbaycan Ukrayna münasibətlərinə necə təsir edəcək?

— Bildiyiniz kimi, bu gün Ukrayna müstəqillik tarixinin ən gərgin geosiyasi anlarını yaşayır. Qonşu Rusiya ilə münasibətlər pik həddinə çatıb. Hər an iki ölkə arasında aparılan informasiya savaşı real müharibəyə transfer oluna bilər. Təbii ki, belə bir həssas məqamda Azərbaycanın dövlət başçısının Ukraynaya səfər etməsi ölkəmizin etibarlı tərəfdaş kimi, nəinki sözdə, o cümlədən praktik əməldə də Ukraynanın yanında olduğunu bir daha sübuta yetirdi. Bu, həm də dünya ölkələrinə bir mesajdır ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və tarixin doğru tərəfindədir.

Bildiyimiz kimi, Azərbaycan region ölkələrlə qarşılıqlı əməkdaşlığın inkişafına böyük maraq göstərir. Bu baxımdan ölkəmiz Qara dəniz və Xəzər hövzəsi ölkələri ilə iqtisadi əlaqələrin inkişafına real layihələrlə təkan verir. Regionda sabitliyin və dayanıqlı sülhün təmin olunmasına böyük töhfələr veririk. Bu gün bölgədə dost Ukraynanın qayğısı və problemləri kifayət qədərdir. Belə həssas məqamda Azərbaycanın Ukraynanın yanında olması, geosiyasi zərurətdən yox, xalqlarımız və dövlətlərimiz arasında təşəkkül tapmış dostluq və qardaşlıq münasibətlərindən qaynaqlanır. Və bu münasibətlərdən çıxış edərək demək olar ki, ölkələrimiz dünyada hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq bundan sonrada bir birinin yanında olacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*