Azərbaycanla Türkiyə arasında gözlənilməz problembackend

Azərbaycanla Türkiyə arasında gözlənilməz problem

Nə gözəl aydır, nə gözəl maydır!

Bu ay içində “Azərbaycanın Mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi iki ardıcıl oxunuşda Milli Məclisdə qəbul gördü; üçüncü oxunuşda da qəbul görəcəyinə şübhə yoxdur;

Şuşanın, Laçının sıfırlanmış işğal günləri bu il keçirlmədi;

“Xarı bülbül” musiqi festivalı –uzun fasilədən sonra bu il 12–13 mayda Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirildi;

28 may – Respublika Günü münasibəti ilə dünyanın dörd tərəfindən dövlət başçımıza təbriklər yağmur kimi gəldi;

Dövlət başçımızın qardaş ölkənin Cümhurbaşqanı ilə birgə Şuşaya səfər edəcəyi elan olundu, səfərin ilkin proqramı bəlli oldu;

Dövlət başçımız Ağdama səfər edərək, şəhərin bərpasının təməl daşının qoyulması mərasimində iştirak etdi, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü,

Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin yaradılacağı duyuruldu;

ardınca, dövlət başçımız Bakıda “8 noyabr” metrostansiyasında yaradılan şəraitlə tanış oldu;

Qaragölə səmtində sınırlarımız öz həqiqi yerinə çəkildi;

Kəlbəcərdə, Yuxarı Ayrım səmtində başıpozuq Ermənistanın minadöşəyən kəşfiyyat-diversiya qrupu isti izlərlə ələ keçirildi, tutuldu…

Fikir verin: iki üçtəfəli Bəyanatdan aylar keçib, hələ də “mina xəritələri”ni bizə verməyən Ermənistan, üstəlik, Ordumuzun təminat yoluna mina döşəyir. “Uğursuz dövlət”, “məğlub dövlət” deyirik amma görünür sifət, təyin işlətmədən, “Ermənistan” coğrafi termininin yanıbaşından ümumən dövlət qavramını qaldırmalıyıq. Belə dövlətmi olar? Elan olunduğu gündən yıxılmağa yer gəzir. – Ağdamın azad olunması ilə bağlı Azərbaycan Prezidentinin Xalqa Müraciətində (20.11.2020) Ermənistanın ünvanına dediyi o məşhur sözləri xatırlatmaq istərdim: “Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”. Özünü dəxi bir il ayaq üstə saxlaya bilməyən, özünü bir ay dəxi müdafiə edə bilməyən bir “dövlət” 30 ilə yaxın “qalib ədası” ilə ərkələndirildi. – Yəni “Ermənistan dövlət”inin himayədarları olmasaydı, bizim beynəlxalq sülh arayışlarına sayğımız, dözümümüz olmasaydı, Ermənistan Ermənistan ola bilərdimi? Və Ermənistdanda elə zənn etdilər ki elə beləcə də gəlib-gedəcək. Ay hay! Ermənistan saydığını saysın! Budur, bir il öncəsinin mayı ilə bu ilin bu gözəl mayını müqayisə edib, “Dəmir Yumruğ”un yaratdığı yeni gerçəklikləri də nəzərə alaraq, qarşı illərdə, İrəvanla, Göyçə ilə bağlı alınacaq qərarları xəyal edirik. – Mən “xəyal edirik” deyirəm, sizsə xəyallıqdan çıxarma haqqına sahibsiz: “Azərbaycanın İntibah Paytaxtı – İrəvan şəhəri haqqında”, “Azərbaycanın Ozan-Aşıq (Epos) Paytaxtı – Göyçə haqqında” (o vaxtadək Vardenis (Basarkeçər) rayonunun adını Göyçə olaraq dəyişərik bəlkə. Bəlkə böyüyən Azərbaycan mahallara bölünər və onlardan biri də Göyçə şəhər mərkəzli Göyçə mahalı olar)…

Zəngəzur haqqında niyə danışmıram? – Çün Zəngəzur indi o qədər dildə-ağızdadır, maşallah, Ermənistanda da, bizdə də hər kəs Zəngəzur deyir, Zəngəzur eşidir.

Ermənistanda Zəngəzur danışıqlarına dəxi niyə “maşallah!” deyirəm – onlar Zəngəzur üzərindən bizim əleyhimizə danışsalar belə, söhbət məhz Zəngəzurdan gedir də, ona görə! – Onlar 27 sentyabradək bunu təsəvvür belə etməzdilər. Biz Zəngəzur desək, gülərdilər bizə. Gülərdilər ki, “Əşşi, nə Zəngəzur, biz sizin dünya birliyi tərəfindən tanınmış ərazilərinizin dərinliklərindəyik, e”… Tonoyanın Ağdamda Azərbaycanlı tərəfmüqabilinə dediklərini unutmuş deyilik. “Həsənov, mən burda – Ağdamdayam. Sən hardasan?” – bu həyasız, həddinibilməz söz onundu. Göydə Tanrıya, yerdə dövlətimizə şükür, bugün tonoyan-monoyan yoxdu, ortalıqda; ortalıqda olanlar da Zəngəzuru necə əldən verməmək barədə gəvşəyib durur…

Bu arada, Ermənistan hökumətinin mayın 27-də keçirilən iclasında Qafan, Mehri və Gorus rayonunun Tex kəndində bəzi torpaq sahələrinin ödənişsiz əsaslarda istifadə üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinə verilməsinə dair qərar qəbul edilib. Bu, bilirsiz nə deməkdir? – Bapbalaca Ermənistan ilmə-ilmə sökülür. Bu söküntü işinin qarşısını almaq mümkün deyil! Bizim şəhərləri, şəhərlərimizdəki mədəniyyət obyektlərini, abidələri, hətta qəbirstanlıqları (!) sökən, vandalca dağıdan Ermənistan indi qərarlı-qanunlu sökülür və daha söküləcək də! Dostlarla söhbətdə yarızarafat-yarıgerçək deyirəm: Ermənistan Azərbaycanla Türkiyəni həm birləşdirən həm də ayıran səbəbdir. İkimizə qarşı da torpaq iddiası ilə çıxış edən Ermənistan – ikimizi də düşmən bilən, özünü bizlərə (Türk dünyasına) tay tutan bapbalaca Ermənistan, 2020-ci ildə bütün himəyadarlarını arxasına alsa da, Azərbaycanın qələbəsini, bu qələbəyə Türkiyənin mənəvi, siyasi dəstəyini önləyə bilmədi. İndi sürətli zaman tuneli bizi Ermənistanın sabah-birisgün bölünəcəyi günə yaxınlaşdırır. Biz o torpaqların tamamını tarixi Azərbaycan torpağı olaraq qəbul edirik. Türkiyəmizin də öz haqq bildikləri var, Rusiyanın, İranın da iddiası ortaya çıxarmı? – çıxar. Bax, o gün digərlərinin haqsız iddialarını bərtəraf edən Azərbaycanla Türkiyə Ermənistan torpaqlarının adil bölgüsünü necə həyata keçirəcək? Bilirəm, bəziləri “bu xəyalpərəst nə deyir?” düşünə bilər – düşünsün; bu sətirlərin müəllifi Vətən Müharibəsindən həftələr öncə, “Ermənistanın qeyd-şərtsiz Təslim Aktı”nın layihəsini yazıb, KİV-də yayınlarkən (və vurğulayarkən ki, “bu Akt 2020-ci ildə Şuşada imzalanıb”!) mənə xəyalpərəst demədilərmi? – Dedilər, yenə desinlər. Böyük xəyalı olmaynın böyük gələcəyi olmaz. Bəs mənim böyük xəyallarımda Azərbaycanla Türkiyə qarşı duran tərəflər ola bilərmi? – Əsla! Ermənistanın bölünməsi Azərbaycanla Türkiyə arasında problem olmayacaq; tam tərsinə, elə unikal çözüm modeli tapılacaq – qardaşlıq nədir, əsl qardaşlar necə olur, tarixdən dərs çıxarmaq nə təhər olur? – bütün dünya görəcək. Dünya görəcək ki, Azərbaycanla Türkiyənin birgə çözə bilməyəcəyi heç bir məsələ yoxdur. Yoxdur, bizi ayıran səbəblər, bizi birləşdirən səbəblər vardır və də çoxdur, sonsuz saydadır. Örnəyi, “Kəpəz” – “Sərdar” neft-qaz yatağı ilə bağlı Azərbaycanla Türkmənistan arasındakı anlaşmazlıq yadınızdamı? – İndi hanı o problem? – İndi “Dostluq” var, qardaşların dostluğu var! “Ermənistan”ın bölünməsinə münasibətdə də qardaşlığın dostluğu, dostluğun qardaşlığı qalib gələcək! Məsələn, ərazi bizim olacaq, Türkiyə o ərazilərdə ödənişsiz tranzit keçidi hüququna malik olacaq. Ermənistan ərazisindəki təbii ehtiyatların istismarında Azərbaycan məhz Türkiyə şirkətlərinə öncüllük tanıyacaq və s. Türkiyə ilə Azərbaycanın indiki Ermənistan ərazisi üzərindəki yeni sınırları boyu “neytral ərazi” birgə istifadəyə, iki ölkənin sınıryanı əhalisi üçün yaylaq-qışlaq rejimində köçlərə açıq olacaq və s.

Mən düşüncəmizi gələcəyə kökləməyin, yeni hədəflərə sazlamağın tərəfdarı olan qardaşlarınızdanam. Kahin deyiləm, amma illa kahinlik gərəkirsə, bizim gələcək haqqında duyğu, düşüncə və fikirlərimiz, gələcəkqurmalarımız miskinlik, fəlakət, yenilgi iqlimində ola bilməz.
Xalq şairi Zəlimxan Yaqub nə deyirdi?

Doğan Günəşidir sökülən danın,

Alar qisasını tökülən qanın.

Ucaldar başını Azərbaycanın,

QƏLƏBƏ!

QƏLƏBƏ!

Yalnız QƏLƏBƏ!

P.S. Deyilə bilər ki, bəs Ermənistanın BMT tərəfindən tanınmış ərazisi üzərində belə bölüb-parçalama yazıları yazmaq düzgün deyil. – Belə düşünən arkadaşlara həmən deyim: bu “düzgün deyil”in özü düzgün deyil.

Əgər Ermənistan:

“mina xəritələri”ni vermirsə;

bizim təminat yollarımıza yeni minalar döşəyirsə;

Dağlıq Qarabağda yuvalanmış terrorçuları tam tərkibdə çəkib çıxarmır və cəzalandırmırsa;

bizim istintaqa cəlb etdiyimiz terrorçuları tələb edirsə (bununçün beynəlxalq dəstək arayışı içindəsə);

Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımırsa;

separatizmə dəstəyini dayandırmaq haqqında öz üzərinə öhdəlik götürmürsə;

Azərbaycana 30 il içində vurdğu böyük maddi ziyanı etiraf edib, təzminat ödəmirsə;

Xocalı soyqırımına görə üzr istəmirsə;

I Qarabağ müharibəsi itkin, əsir və girovları ilə bağlı bizə doğru-dürüst bilgi vermirsə;

bizimlə hələ də ultimautm dilində danışmağa general-meneralı, nazir-maziri, siyasətçi-miyasətçisi bulunursa… biz niyə onların ərazi bütövlüyünü tanımalıyıq? Hələ-hələ o ərazilər, özəlliklə Zəngəzur, İrəvan bizdən haqsızca qoparılıb onlara verilibsə?..

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!//Müsavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*