Azərbaycanla Ukraynanın bənzər taleyi… – Soyqırımlar dünyanı hara aparır?backend

Azərbaycanla Ukraynanın bənzər taleyi... - Soyqırımlar dünyanı hara aparır?

Dünyanın sanki məhvəri qopub. Bir “dəli” quyuya daş atıb, min “ağıllı” onu çıxara bilmir.

Ölkəsi Avropa Şurasının, BMT-nin İnsan Hüquqları Şurasının üzvlüyündən kənarlaşdırılıb… Ağır sanksiyalara məruz qalıb… Diplomatları bütün dövlətlərdən məşhur deyimdə olduğu kimi qovulur… Xaricdə yaşayan ruslar öz dillərində danışmağa qorxur… Bütün dünyaya rəzil və rüsvay olub… Amma “Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm” iddiası və “həmvətənlərimi müdafiə edirəm” bəhanəsi ilə azğıncasına ətrafındakı kiçik ölkələrdən ərazi qoparmağa çalışır. Zəiflərin dadına yetişmək istəyən iri dövlətləri nüvə silahı ilə təhdid edir. Və mənəviyyatsız hərifin cinayətkar əməllərini durduran tapılmır.

Bu “heyrətamiz” və “anlaşılmaz” acizlik Ukraynadakı günahsız insanların həyatının darmadağın edilməsinə səbəb olub. Təsəvvür edin, insanlar illərlə çalışıb, özlərinə ev və güzəran qurublar. Pis-yaxşı, sakit və ya əyləncəli həyat sürür, övladlarını böyüdür, yaşlı valideynlərinin qayğısına qalırlar. Birdən qonşu ölkə deyir ki, sənin seçdiyin dövlət başçısı, həyat tərzin, gedəcəyin yol, danışdığın dilin xoşuma gəlmir, ümumiyyətlə sənin tarixin də yoxdur, dövlətin də olmayıb, özün də nasistsən. Mənim dilimi dövlət dili elan edəcəksən, mənim istədiyim adam sizə rəhbərlik edəcək, ordunuz da olmamalıdır, zəbt etdiyim ərazilərdəki qondarma rejimləri müstəqil dövlət kimi tanıyacaqsan və sair və ilaxır.

Beləliklə, yaşadığın şəhər, kənd raket atəşinə tutulur, evin dağılır, zirzəmilərdə gizlənməyə və ya ölkədən mühacirət etməyə məcbur olursan. Artıq iki aya yaxındır ki, çoxmillətli və çoxkonfessiyalı Ukrayna xalqı belə faciə ilə üzləşib. Amma bütün çətinliklərə rəğmən, Rusiya kimi təcavüzkar, qəsbkar dövlətə böyük dirəniş göstərir. Maraqlısı odur ki, Ukraynada yaşayan ruslar belə Rusiyanın tələblərini ədalətsiz və haqsız sayırlar. Çünki yəhudi əsilli siyasətçinin dövlət başçısı seçildiyi bir ölkədə hansısa nasizmin mövcudluğundan danışmaq əbləhlikdir.

Baş verənləri artıq faşizm sözü ilə də izah etmək olmur. Mariupol, Buça, İrpen, Melitopol, Nikolayev, Xarkov və digər gözəl şəhərlərin görüntüləri qarşısında SÖZ aciz qalıb. Uydurma imperialist xülyaları ilə yaşayan birinin müstəqillik, azadlıq sevən ukraynalılara nifrəti o qədər böyükdür ki, çirkli çəkməli murdar əsgərlərini təkcə qonşu millətə deyil, həm də şəhərlərə, qəsəbələrə, kəndlərə, hətta torpaqlara qarşı soyqırımı törətməyə vadar edir. Ukraynada torpaqlar, ağaclar belə yandırılır.

Doğrudur, mənəviyyatı, ruhu yüksək olan ukraynalılar təkcə hərb meydanında deyil, həm də informasiya mücadiləsində işğalçılara misli-görünməmiş mənəviyyat dərsi verirlər. Mariupol, Buça, İrpen və digər dağıdılmış şəhərlərin müharibədən öncəki və sonrakı görüntüləri təsirli, bəzən hətta Prezident Zelenskinin səsi ilə yazılmış məlumatlarla sosial şəbəkələrdə fasiləsiz olaraq yayılır. Görüntülər iblisə meydan verməyin nə qədər qorxunc və təhlükəli olduğunu dünyaya göstərir.

Bizim üçün bu, yenilik deyil. Rusların himayə etdikləri erməni faşizminin dərin izləri Ağdam, Füzuli, Cəbrayıl, Gəncə, Tərtər, Bərdə, Mingəçevir və başqa şəhər və kəndlərimizdə qalıb. Mənfur düşmən hətta məzarlıqlarımızı dağıtmağa, insan meyitlərinin qalıqlarını ətrafa səpələməyə və ya yandırmağa qadir olduğunu da nümayiş etdirib. Bu yaxınlarda Xocalı rayonunun Fərrux kəndində insan meyitlərinin qalıqlarının aşkarlanması xalqımızın hansı əzabları yaşamasının daha bir sübutudur. Birinci Qarabağ müharibəsində 4 min azərbaycanlının itkin düşməsi 4 min ailənin faciəsi deməkdir.

Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova kimi ölkələrin xalqları dərindən anlayır ki, müstəqilliyimizin qorunması naminə güvənmək istədiyimiz Qərbdə sabitlik şəraitində yaşayan siyasətçilər rahatlıqla Ukrayna səmasının bağlanıb-bağlanmayacağını, bu gözəl ölkənin müdafiə olunması naminə silahların verilib-verilməyəcəyini uzun-uzadı müzakirə edərkən işğalçıların nəzarəti və ya bombardman altında olan ərazilərdəki dinc insanlar zirzəmilərdə qorxudan, soyuqdan, aclıqdan, susuzluqdan hansı əzabı çəkirlər. Üstəlik, onların arasında uşaqlar, yaşlılar və xəstələr də var. Onların zirzəmilərdən çıxışları güllələnmə, əsirlik və işgəncəli ölümlə sonuclanır. 2 min ukraynalı uşağın əsir götürülərək Rusiyaya aparılması isə Hitler Almaniyasının tərzini xatırladır.

Bu gün Ukraynanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda azərbaycanlıların vuruşması təsadüfi deyil. Bu, həm də bizim ukraynalılara qardaşlıq borcumuzdur. Qarabağ müharibəsində ukraynalıların Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşması, torpaqlarımızda qəhrəmancasına canlarından keçdikləri hər kəsə məlumdur.

1988-ci ildə sovet kommunistlərin bədnam rəhbəri Mixail Qorbaçovun faşist və sağalmaz xəstə təxəyyüllü erməni separatçılarını üstümüzə qısqırtması ilə başlayan dəhşətli fəlakət xalqımızın işğal, etnik təmizləmə, deportasiya, soyqırımı, terror və hərbi cinayətlərə məruz qalması ilə nəticələndi. Quqark qırğını, 20 Yanvar, Malıbəyli və Quşçular qətliamı, Qaradağlı soyqırımı, 20 Noyabr, Xocalı soyqırımı, Ağdaban soyqırımı, Ballıqaya soyqırımı, Başlıbel faciəsi…

Həmin ağır illərdə biz tamamilə yalnızdıq. Yanımızda təkcə vəfalı Türkiyəmiz vardı. Amma NATO üzvü olsa da, o zaman Türkiyənin bizə hərbi yardım etmək imkanı məhduddu. Dünya birliyi sükutla prosesləri izləyirdi, beynəlxalq ictimaiyyətin isə heç nə vecinə deyildi. Qarabağın həllinin Moskvanın əlində olduğunu deyir, torpaqlarımızı güzəştə getmək kimi qəbuledilməz, alçaldıcı şərtlər səsləndirirdilər. Həmin dönəmdə bəzi başbilənlər bunu dini amillərlə əlaqələndirirdilər. Lakin Gürcüstan və Ukrayna hadisələri göstərdi ki, ölkələrin taleyinin dinlə əlaqəsi yoxdur. Bu, Mixel Saakaşvilinin Fransa prezidenti Sarkozini ifşa etməsi zamanı bəlli oldu. Sən demə, Sarkozi gürcü həmkarını yolverilməz şərtlərin əks olunduğu kapitulyasiya sənədini imzalamağa məcbur etmək istəyib. Tbilisinin işğal təhlükəsinə baxmayaraq, Saakaşvili həmin sənədi imzalamaqdan imtina edib.

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski daha böyük fədakarlıq və qəhrəmanlıq edir. Kiyevin işğal təhlükəsinə baxmayaraq, Zelenski ABŞ, Britaniyanın təxliyə təklifini rədd etdi. İndi dünya birliyinə, BMT-yə, NATO-ya meydan oxuyur, onların üzlərinə qorxaqlıq və acizliklə bağlı ittihamlar yağdırır. Rus işğalçılarının törətdikləri cinayətlər, sadə ukraynalıların çəkdikləri əzablar barədə ətraflı məlumatlar verir. Hər bir dövlətin başa düşəcəyi tərzdə danışmağa çalışır. Ən əsası, Rusiyanın dövlət başçısı kimi bunkerdə gizlənmir. Xəstəxanalarda yaralıları ziyarət edir, onları ruhlandırır. Ukrayna ordusunun azad etdiyi şəhərləri, qəsəbələri gəzir, rus işğalçılarının törətdikləri soyqırımların, hərbi cinayətlərin canlı şahidlərini dinləyir, xalqının qorxmaz və yenilməz lideri təsirini bağışlayır. Məhz belə davranışın nəticəsidir ki, Kiyev vilayəti işğalçılardan azad edilən kimi, paytaxt sakinlərinin çoxu evlərinə qayıtmağa başlayıb. Vəzifəsindən asılı olmayaraq, hər kəs qələbəni yaxınlaşdırmaq naminə əlindən gələni edir.

Nəhayət, indi bütün dünya ictimaiyyəti işğalçını lənətləyir, Ukrayna xalqı ilə birlik və həmrəylik nümayiş etdirir. Çox təəssüf ki, erməni faşistləri Qarabağı işğal edəndə belə davranış sərgilənmədi. Əgər həmin dövrdə beynəlxalq ictimaiyyət qətiyyətli addımlar atsaydı, Azərbaycan torpaqlarının işğalı 30 il sürməzdi. Üstəlik, Gürcüstan, Moldova və Ukraynanın başına bənzər fəlakətlər gəlməzdi.

Azərbaycanın Vətən müharibəsindəki qələbəsi və Ukraynada baş verənlər göstərir ki, hər bir ölkənin güclü iqtisadiyyatı və döyüşən ordusu olmalıdır. Çünki kənardan heç kim gəlib Vətənimizi qorumayacaq. Son illərdə hərbi gücü və müdafiə sənayesi çox güclənən Türkiyəmizin, bizimlə strateji tərəfdaşlıq edib, Ermənistanla hərbi sahədə əməkdaşlıqdan qətiyyətlə imtina edən İsrail dövləti kimi dostumuzun və qardaşımızın olması bizim böyük üstünlüyümüzdür. Dost və qardaş Ukraynaya da belə müttəfiqlər və tezliklə böyük qələbə qazanmağı arzulayırıq.

Xatirə SADİQ,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*