Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli bildirib ki, region ölkələrinin vergi siyasətinə baxdıqda fərqli yanaşma və prioritetlər aydın şəkildə görünür. Onun sözlərinə görə, Gürcüstan kiçik və orta biznes üçün daha çevik vergi rejimi tətbiq edir, dövriyyə limitlərini yüksək müəyyənləşdirir və minimal vergi dərəcəsinə əsaslanan modeli üstün tutur.
NOCOMMENT.az xəbər verir ki, iqtisadçı Gürcüstanda illik dövriyyəsi 300 min lariyə qədər olan kiçik biznesin ümumiyyətlə vergi ödəmədiyini, dövriyyəsi 500 min lariyə qədər olanların isə cəmi 1% vergi ödədiyini qeyd edib. Aqrar sektor, eləcə də şərabçılıq və onunla bağlı turizm sahəsində bu limit 700 min lari təşkil edir və burada da vergi öhdəliyi sadəcə 1% səviyyəsindədir.
Cəfərlinin sözlərinə görə, Azərbaycanda isə ƏDV qeydiyyatı üzrə limit formal olaraq artırılsa da, tətbiq mexanizmləri və əlavə şərtlər bu artımın real təsirini ciddi şəkildə məhdudlaşdırır. O xatırladıb ki, devalvasiyadan əvvəl dolların məzənnəsi 78 qəpik olarkən ƏDV-yə cəlb olunmayan dövriyyə həddi 200 min manat (təxminən 256 min dollar) idi. Mövcud məzənnə ilə bu məbləğ təxminən 435 min manata bərabərdir.
“Devalvasiyadan sonra bu limitin ən azı iki dəfə artırılaraq 400 min manata çatdırılması məntiqli olardı. Lakin bu baş vermədi”, – deyə o, sosial şəbəkə hesabında yazıb.
İqtisadçı bildirib ki, hazırda limit guya 400 min manata qaldırılsa da, bir sıra əsas məhdudiyyətlər mövcuddur:
▪️ limit artımı əsasən pərakəndə ticarət və əhaliyə xidmət göstərən sadələşdirilmiş vergi ödəyicilərinə şamil olunur;
▪️ ƏDV qeydiyyatı üçün illik dövriyyə limitinin 200 mindən 400 min manata yüksəldilməsi yalnız nağdsız əməliyyatlar üzrə xüsusi hesablaşma qaydası tətbiq edildikdə mümkündür;
▪️ ƏDV məqsədləri üçün dövriyyə hesablanarkən POS-terminal vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin məbləği 0,5 əmsalı ilə vurulur. Məsələn, sahibkarın illik dövriyyəsi 400 min manatdırsa və bunun hamısı nağdsız qaydada (POS-terminal vasitəsilə) həyata keçirilirsə, bu məbləğ 0,5-ə vurulur (400 000 × 0,5 = 200 000). Beləliklə, hesablanan dövriyyə 200 min manatı keçmir və sahibkar ƏDV qeydiyyatından azad edilir;
▪️ nağd satışlar isə dövriyyəyə tam şəkildə (1,0 əmsalı ilə) daxil edilir. Əgər nağd dövriyyə ilə güzəştli nağdsız dövriyyənin cəmi 200 min manatı aşarsa, ƏDV üzrə qeydiyyat məcburi olur.
“Faktiki olaraq hökumət ƏDV-dən azadolma limitini real şəkildə 400 min manata qaldırmayıb. O qədər əlavə və formal şərtlər müəyyən edilib ki, bu, elan olunan artımı demək olar ki, sıfıra endirir. Açıq şəkildə demək olardı ki, real güzəştlər yoxdur. Aktiv vergi ödəyicilərinin sayı ümumi sayın təxminən 87%-ni təşkil etsə də, fiziki şəxslərin büdcənin formalaşmasındakı payı cəmi 5%-dən bir qədər çoxdur. Bu, iqtisadi sistemdə struktur problemlərin göstəricisidir. Gürcüstanda isə fiziki şəxslərin büdcədə payı 26%-ə çatır”, – deyə Cəfərli əlavə edib.
Natiq Səlim,
KONKRET.az
