Azərbaycanlılar niyə rus sektorunda oxumaq istəyirlər? – Guya səviyyə yüksəkdir…backend

Azərbaycanlılar niyə rus sektorunda oxumaq istəyirlər? – Guya səviyyə yüksəkdir…

Artıq orta məktəbləri 1-ci siniflərinə şagird qəbulu başa çatıb. Ötən il 165 511 uşaq təhsil ocaqlarına ilk qədəmlərini basıb. Builki statistika hələ açıqlanmayıb.

Amma müşahidə olunan bir tendensiya var: hər il orta məktəblərin rus bölmələrinə tələbat çoxalır.

Maraqlıdır, valideynlər niyə övladlarının daha çox rus bölməsində təhsil almasına can atırlar? Yoxsa bu istək uşaqların özündən gəlir?

KONKRET.az xəbər verir ki, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Etibar Əliyev yenisabah-a açıqlamasında uşaqlarını rus bölməsinə cəlb edən valideynlərin ibtidai təhsil pilləsində övladlarının çətinliklərlə üzləşdirdiyini bildirib: “Bakı şəhərində yerləşən 330 ümumtəhsil məktəblərinin 136-da rus bölmələri fəaliyyət göstərir. Bu kifayət qədər yüksək göstəricidir. Haqlısınız, rus bölməsinə tələbat çoxdur. Təbliğat elə qurulub ki, guya rus bölmələrinin müəllimləri daha hazırlıqlı olur, dərsliklərlə yanaşı, əlavə materialların tədrisinə daha çox üstünlük verirlər. Lakin uşaqlarını rus bölməsinə cəlb edənlər ibtidai təhsil pilləsindən sonra çətinliklərlə rastlaşır, yuxarı siniflərdə isə bir sıra fənlərdən müəllim çatışmazlığı müşahidə olunur. Müşahidələr göstərir ki, bir sıra fənlərdən, məsələn, riyaziyyat, fizika, kimya və biologiyadan rus dilində dərs deyən müəllimlərin sayı azdır”.

Deputat tələbə qəbulu zamanı da rus sektorunda nəticələrin aşağı olduğunu qeyd edib: “Tələbə qəbulunun nəticələrini təhlil etsəniz, görərsiniz ki, rus sektoruna müəllimlik peşəsinə imtahan verənlər aşağı ballarla daxil olurlar və bitirənlərin əksəriyyəti müəllim işləmirlər. Bu anlamda valideynlər yenidən uşaqlarını Azərbaycan bölməsinə qaytarmaq məcburiyyətində qalırlar.

Bu isə uşaqlar üçün həddindən artıq çətinliklər yaradır. Sadaladığım fənlərdən Azərbaycan sektorunu bitirənlər bu fənləri rus dilində tədris edə bilməzlər”.

Deputat sonda əlavə edib ki, hazırda dünyada ingilis dili hegemonluğunu qoruyub saxlayır: “İngilis dilində olan məktəblərin demək olar hamısı özəl məktəblərdir və təhsil haqları 7 min manatdan yuxarıdır. Bizim orta məktəblərdə xarici dillərin tədrisinin keyfiyyəti yüksəldilsə, rus bölmələrinə və özəl ingilisdilli məktəblərə tələbat azala bilər. Buna görə də, Azərbaycan bölməsində xarici dilləri tədris edən müəllimlər keçdikləri dərslərin keyfiyyətini artırmalı, kurikulumlar dövrün tələbinə uyğunlaşdırılmalıdır. Yeni nəsil dərs proqramları və vəsaitləri hazırlanmalıdır”.

  • Kiməsə görə xərclənən biri
    Avqust 4, 2021 - 17:58

    Məqalədə hərbirşey düzgün vurğulanıb , buradan valideynlərə səslənirəm 10dəfə düşünün kiminsə rəqabətinə uşağınızı qurban verməyin mənimdə valideynlərim vaxtında belə etdi və zülm çəkdim , müəllim yoxdur heçbir müəllim bu sektorda dərs demək istəmir çəkinir , əgər övladınız bu sektora gedərək rus dilini öyrənəcəyini sanırsınızsa çox böyük bir səhv edirsiniz , övladınızı bir kursa yazdırın 4-5 aya dil öyrənsin , Lütfən bu səhvə görə övladınızı qurban etməyin !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*