“Azəriqaz”da yoxlamalar – Sayğac maxinasiyaları nə ilə bitəcək?backend

Azəriqaz”da yoxlamalar – Sayğac maxinasiyaları nə ilə bitəcək?

“Bir ilə yaxın bir zamanda apardığım gərgin mübarizədən sonra xəbərdarlıq edilmədən dəyişdirilmiş elektron, kartla, müasir sayğacın təzəsini gətirib quraşdırdılar”.

KONKRET.az “AFN.az”ə istinadən xəbər verir ki, bunu şəhid qardaşı, ictimai fəal Elyar Vəliyev bildirib. O qeyd edib ki, çoxsaylı zənglər, müraciətlər, “Azəriqaz” İB-in Baş direktoru Ruslan Əliyevə şəxsən müraciətdən 6 ay sonra nəhayət ki, problem həllini tapıb: “Haqqınızı sonadək müdafiə edin. Geri çəkilməyin. Qalib gələcəksiniz”.

Təbii ki, ilk baxışdan bu, bir fəalın öz hüquqları uğrunda mübarizəsinin məntiqi nəticəsi kimi qəbul oluna bilər. Amma düşünəndə ki, bu cür hallarla üzləşən minlərlə vətəndaş var, onların əksəriyyəti öz hüquqlarını heç də sonadək müdafiə edə bilmirlər, çox ciddi proseslərin getdiyi və ciddi problemlərin olduğu, ölkədə qaz üsyanının yetişdiyi qənaətinə gəlirik. Əvvəla, ortaya sual çıxır: əgər mexaniki sayğac vətəndaşın tələbatına cavab vermirsə, niyə qoyulur? Kartla işləyən, bir zamanlar elə “Azəriqaz” İB-nin bəh-bəhlə quraşdırdığı smart sayğaclarda nə kimi problemlər var ki, kütləvi surətdə mexaniki ilə əvəzləşdirilir? Bu sualın cavabını əslində hər kəs bilir, həm biz media mənsubları, həm İB rəhbərliyi, həm də və ən əsası vətəndaşlar, abonentlər. Son aylarda mexaniki sayğaclara kütləvi surətdə artıq qaz sərfiyyatının yazılması bu sualın açıq-aşkar cavabıdır. Saytımızın sosial şəbəkə hesabında paylaşdığımız məqalənin şərh bölməsində vətəndaşlar artıq yazılmalarla bağlı fəryad edirlər desək, yanılmarıq.

Gələn şərhlərdən bəzilərini təqdim edirik:

Nəzakət Quliyeva: Kartla olan sayğacları çıxardıb apardılar, özlərinə sərf eləyən sayğacları qoydular. İstismar müddəti də keçməmişdi, təzə qoymuşdular. Kartla 5 man vururduq xeyli işlədirdik. İndi aya 25-30 man yazır guya. Erməni öz xalqına bunu eləmir. Bunlar bu xalqın düşmənidi. Qanına susayıblar bu yazıq camaatın.

Ramin Aliyev: Bizə dəyən ziyanı kim ödəyəcək? Yəqin bölə bilməyiblər.

Elşən Babayev: Sayğac dəyişmə əməliyyatında millətin başına oyun açırlar. Mənə də yalandan 518 manat cərimə yazmışdılar. Gedib müdir müavininə deyirəm ki, əgər müdaxilə etmişəmsə, yoxla, bax gör hər ay 150-160 manat pul ödəmişəm. Deyir ki, mən bilmərəm.

Faik Aliev: Əvvəlki sayğac ayda 30 manat yazırdı, sonrakı sayğac ayda 70-80 manat yazırdı, indi lap təzə sayğac qoyublar, ayda 170-180 manat yazır. Danışanda deyirlər ki, sızma var. Camaatı gic yerinə qoyublar, bunların özlərinə ad tapmaq çox çətindir.

Raul Memmedov: Plomb üstündə olan sayğacı sökürlər aparırlar daş düşmüş laboratoriyalarına, guya orda araşdırılır. 3 ay keçir, sonra vətəndaşlara 200, 220, 270 manat məbləğində cərimə borcu tətbiq edilir. Necə olur e bu? Hardan tətbiq edirsiz? Məndə də var bu cərimə. Vermirəm! İnşallah araşdırılacaq fırıldaqçıların cəzası veriləcək!

Alim Tagi: Sayğacdəyişmə əməliyyatı adı altında dövlətin küllü miqdarda vəsaitini talayıblar, çox ciddi araşdırılmalıdır…

Araşdırma aparan qurumlar susur…

Sonuncu oxucumuzun təklifi ilə davam etdiririk yazımızı. Vətəndaş deyir ki, araşdırılsın. Araşdırma isə başlamışdı, sonucu hələ ki, yoxdur. Daha doğrusu, sonucu “həll ediblər”. “Azəriqaz” rəsmilərinin özlərinin dediyi kimi, “sağ olsun böyüklər, məsələni yoluna qoyublar”. Araşdırmadan söz düşmüşkən, qeyd edək ki, qurumda yoxlamaların İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparıldığı deyilsə də, bu barədə hər hansı açıqlama verilmədi. Hətta ilk iki quruma sorğu da ünvanladıq, suallarımız cavabsız qaldı. Əvəzində “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bizim guya şayiə yaydığımızı iddia etdi. Özü də yazıdan iki gün sonra. Sual yaranır: əgər biz şayiə yaymışdıqsa, niyə qanunla tədbir görülmədi? Ən azından, “Media haqqında” Azərbaycan Respublikasının qanunu ilə qurum təkzib verməyimizi tələb edə bilərdi. Yaxud məlumat yalan idisə və şayiə idisə, niyə iki gündən sonra açıqlama verildi? Qurumun mətbuat xidmətinin rəhbəri nədən yazılanlara aydınlıq gətirmək əvəzinə bizə “gedin nə istəyirsiz yazın” dedi?
Ruslan Əliyev demişkən, bu, həmin Ruslan Əliyevdir ki, 2015–2019-cu illər — Azəriqaz İstehsalat Birliyinin Baş direktorun satış və istismar üzrə müavini vəzifəsində çalışıb. Sayğaclaşma ilə bağlı baş verən bütün fırıldaqlar onun adı ilə bağlıdır. Sektorla yaxından əlaqəsi olan, adının çəkilməsini istəməyən ekspert deyir ki, “Azəriqaz” İB-nin əvvəlki baş direktoru Əkbər Hacıyevin vəzifədən getməsi heç də məmur kimi pis olması ilə bağlı deyildi: “O vaxt Ruslan Əliyev “yuxarılara” “sərfəli layihələr” hazırlayıb təqdim etmişdi. Bu gün baş verən neqativlərin hamısının müəllifi məhz Ruslan Əliyevdir. Baş direktor olacağı təqdirdə sayğaclarla nə oyun oynayacağını, vətəndaşlara necə artıq qaz sərfiyyatı yükləyəcəyini “proqramlaşdırmışdı”.

250 manatlıq sayğac niyə 65 manatlıqla əvəzlənir?

Göründüyü kimi, 2019-cu ildə basdırılan “meynənin” meyvəsini dərir artıq “yuxarılar”. Nə hikmətdirsə, smart tipli sayğaclardan istifadənin dayandırılması da məhz R.Əliyevin İB-yə baş direktor gəldiyi dövrə təsadüf edib. Məhz o bu vəzifəyə təyinat aldığı dövrdə Bakıdakı 1 milyona yaxın abonentin smart tipli sayğacları tədricən mexaniki qaz sayğacları (“Zenner G-4”, və “Natek G-4”,) ilə əvəz olunmasına başlanıb. Həmin zaman mütəxəssislər qeyd olunan mexaniki sayğacların keyfiyyətsiz olması ilə bağlı dəfərlərlə məsələ qaldırdılar, mediada bu proses müzakirə edildi, etirazlar oldu. Lakin heç bir nəticə əldə etmək mümkün olmadı. 10 il bundan öncə çox baha qiymətə – 220-250 manata – alınan smart tipli sayğaclar yenidən çox ucuz qiymətə – 60-65 manata – alınan mexaniki sayğaclarla əvəzləndi. Sayğac dəyişmə davam edir. Lakin yazının girişində qeyd etdiyimiz Ə.Vəliyevin də təcrübəsindən göründüyü kimi, vətəndaş istəmədiyi təqdirdə onun sayğacı mexaniki ilə əvəzlənmir. Deməli, ortada heç bir hüquqi sənəd yoxdur, sadəcə “Azərqaz” İB rəhbərliyinin kefi istədiyi üçün “qazlaya” bildikləri vətəndaşların qaz sərfiyyatı ilə oynayırlar. Prezident İlham Əliyevin sərt tənqid etdiyi qaz itkilərini belə “itirirlər”. Təsadüfi deyil ki, bu ilin ilk 4 ayında qaz itkilərinin azalma həcmi 88 milyon kubmetr olub. Bu rəqəmi İB baş direktoru Ruslan Əliyev açıqlayıb. Soruşardıq ki, bu itkilər nəyin hesabına azaldı? Amma cavabları artıq bəllidir: “Gedin nə istəyirsiz yazın!”

Davamı olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*