“Azəriqaz”ın 17 MANATLIQ XƏTASI: Bu pulu camaat niyə ödəməlidir? – İZAHSIZ PROBLEMbackend

"Azəriqaz"ın 17 MANATLIQ XƏTASI: Bu pulu camaat niyə ödəməlidir? - İZAHSIZ PROBLEM

“Hormetli abonent.
Dovlet yoxlamasinin reyine esasen 10………..70 abonent kodu uzre qaz saygacinizin xetalari AIBNDX-nin teyin etdiyi normadan yuxari oldugu sebebinden ucotu qeyde alinmayan qaz hecmi mueyyen edilmisdir. Bu haqda yerli qaz xidmeti sahesinden elave melumat ala bilersiniz”.

KONKRET.az olaraq sms-in orijinalını təqdim etmişik. Yəni mesajdakı hərf səhvləri bizlik deyil. Bizim işimiz sadə vətəndaşları hərifləmək istəyənlərin hiyləgər planlarının üstün açmaq, oxucuları dünyada və ölkədə baş verənlərdən xəbərdar etməkdir. Bu dəfə “Azəriqaz”dan gələn mesajdan, yaxud hesablanan qalıq borcdan bəhs edəcəyik.

Oxşar mesaj iş yoldaşım İqbala gələndə “Azəriqaz” İstehsalat Birliyinin qaynar xətti ilə əlaqə saxladı. Məlumatı dəqiqləşdirmək üçün rayon üzrə qaz idarələrinə zəng vurmaq tövsiyə olundu. Əlqərəz, yəqin rayon idarələrinin başı sayğac xətalarından əldə olunacaq pulun hesablanmasına qarışmışdı. Çünki zəngə cavab verən olmadı. İqbal məcbur qalıb Abşeron rayon idarəsinə yollanıb və ona bildiriblər ki, xətalara, qəzalara, fəzalara, bilmirəm nə mənalara görə 17 AZN ödəməlisiniz. Halbuki borc yox, nə də “Azəriqaz”dan kreditə sayğac alınmayıb. Yuxarıdakı mesaj mənə də gəlmişdi, amma istirahət günümü “mavi yanacağa” sərf eləmədim. Hərçənd qorxdum ki, borc olmaya-olmaya birdən mənə də 17 AZN qalıq yazarlar, ödəmərəm üstünə faiz gələr, nə bilim akt tərtib edərlər və s. Nə desən, ola bilər. “Şoççik” kimi bəzən bunlardan da baş açmaq olmur.

Daxil oldum https://azeriqaz.az/az saytına. Qaynar xətdə mahnıya qulaq asıb yatmayım deyə elektron müraciətə cəhd etdim. Alınmadı. Borcu öyrən bölümünə abonent kodunu daxil edəndə İqbalın 17-ci anını mən də yaşadım. Söhbət – 17.04 AZN qalıq borcdan gedir. Düzü, ondan əlavə məndə -13.32 nəsi də var idi.

Kiminsə haqqına girmək düz olmaz. Sadəcə, kasıbların da haqqına girilməməlidir. Məsələn restoranlarda əlavə xidmət haqqı tətbiq olunur və müştərilər bunun hesaba daxil olduğunu, ödənəcəyini bilirlər. Sayğac dəyişdiklərinə görə, 17 manatı əməkdaşlarınıza qanorar yazırsınızsa, anlayış göstərmək olar. İstehsalat Birliyinin özünə lazımdırsa, “əl tutmaq Əlidən qalıb”. Ya da “lənət şeytana”,-deyə köks ötürərik.

– 17 manat 26 günün 65 qəpiklik çörəyidir.
– Aylıq internet və telefon haqqını ödəyir.
– 28 günün gediş-gəlişli yolpulusu edir.

Bilirəm ki, manat dəyərdən düşür. Sadəcə, kasıb camaat qəpiyinin də qədrin biləcək durumdadır. Xəta adı ilə millətdən alınan 17 AZN stress yaşada biləcək məbləğdir. O ki qaldı sayğaca:

Qaz sayğaclarının quraşdırılması.

2.1        Sayğac, ona xidmət edilməsi və göstəricilərinin qeydə alınması mümkün olan, zədələnməsini istisna edən yerlərdə quraşdırılmalıdır. Sayğac şaquli vəziyyətdə qaz kəmərinə sərbəst, yəni hər hansı bir əlavə fiziki qüvvə istifadə edilmədən və yer səthindən sayğacın alt hissəsinə qədər 1,8-1,6 metr hündürlükdə quraşdırılmalıdır (Sayğacın zədələnmədən istisna hallarında quraşdırılma hündürlüyü nəzərə alınmalıdır).

2.2     Vibrasiyadan, titrəyişdən əmələ gələ bilən təsirdən və korroziyadan mühafizə məqsədi ilə sayğacın quraşdırılması divarlara toxunmamaq şərti ilə aparılmalıdır (Quraşdırılan sayğacın divarla ara məsafəsi 3-5 sm olmalıdır).

2.3       Günəş şüalarının birbaşa düşdüyü yerlərdə, açıq havada və ya kənar şəxslərin müdaxilə edə biləcəyi yerlərdə quraşdırılan qaz sayğacları xüsusi mühafizə qutusuna yerləşdirilməli və qutunun açarı abonentə təhvil verilməlidir.

2.4    Qaz sayğacları hündür mərtəbəli binalarda mənzillərin çıxışında (pilləkən qəfəsində) və açıq şəraitdəki eyvanlarda, fərdi evlərdə isə həyətdən kənarda mənzilin qaz xəttinin başlanğıcında (həyətə giriş qapısının yaxınlığında) quraşdırılmalıdır.

Xətalara gəlincə:

Məsələn, məndə bina evidir və qaz sayğacı qapıdan çöldədir. Mən gözü “qlazok”da, yaxud döşək salıb “blok”da yatmalıyam ki, sayğacın təhlükəsizliyini qoruya bilim? Qapıya elan paylayanlar, dilənənlər, su, işıq, qazpulu yığanlar gəlir. Heç birini də görmürük. Çünki 19:00-20:00-a kimi hamı işdə olur. Biz nə bilək ki, sayğaca kim və nə barmaq edib? Camaatın içinə necə şübhə düşməsin ki, sayğacdakı xətalar buna görə əlavə pul ödənilən “Azəriqaz”ın işi deyil? 2020-nin məlumatına görə sözügedən istehsalat birliyinin 2 milyondan çox abunəçisi var. Abunəçilərin yarısına eyni sms gəlibsə, bu, 17 milyon 40 min AZN edir.

Abunəçilərin cavabını gözlədiyi suallar var. Bunun üçün isə nə “səyyar qəbul otağı”nız, nə də “açıq mikrofon”unuz lazımdır. Sadəcə, 17 manatın sırf nəyə görə yazıldığını açıqlayın, yetər. Cavabınızı saytda yerləşdirməyə hazırıq.

Anar Rəhimov,

KONKRET.az

  • Aninim
    Noyabr 22, 2022 - 00:29

    Qardas xix haqqlisiz, azeriqaz barmaq etmese olmurde siz yene 17 manatla yaxsi qurtarirsiz kecen ilin sonunda berde rayinunda bezilere 90azn bize 110 azn eleve pul yazmisdilar rayin qaz idaresine gedib muraciet etdiyimizde dedilerki limite dusub hal buki her gun aylarla eyni veziyyetde qazdan istifade etmisik nece 11 aydi limite dusmedi 12 ci ayin son gunlerinde limite dusdu bu nece olur? Bir sozle boyunlarina qoymaq mumkun deyil sonda odetdiler qonsulara da bizede haramlari olsun

  • Namiq
    Noyabr 22, 2022 - 12:28

    salam.qardaş işıq da bu gündədi.bizdə təzə sayğacdı.yəni nə qədər pul ödəyirsən onu da işlədirsən.1 ildi 21 man borc yazıblar.qonşuları məcbur ödətdilər.soruşanda da deyir- budur….

Aninim üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*