Qusar Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Nürəddin Bayramov və Vaqif Qəmbərovun (adları, soyadları şərtidir) cinayət işi üzrə məhkəmə araşdırmaları başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Anar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Məhkəmənin hökmü ilə hər iki şəxsə şərti cəza verilib.
İttiham aktına əsasən, təqsirləndirilən şəxslər işlərinə laqeyd yanaşaraq vəzifə öhdəliklərini düzgün yerinə yetirməməkdə ittiham olunublar.
Belə ki, Qusar şəhər sakini,1956-cı il təvəllüdlü, zərərçəkmiş Mahmud Bəkirov, 10 iyun 2024-cü il tarixdə, təxminən saat 13:00 radələrində balıq tutmaq məqsədi ilə Qusarçay çayına gedərkən çay yatağının Qusar şəhəri istiqamətində keçən hissəsində təhlükəli vəziyyət yaratmış 6 saylı, 10 kV-luq şəhər hava elektrik veriliş xəttinin yer səthindən yerdə 1,55 metr hündürlükdə sallanmış elektrik naqilinə toxunub. Nəticədə zərərçəkmiş elektrik cərəyanına məruz qalaraq aldığı xəsarətlərdən həyatını itirib.
Hadisədən sonra “Azərişıq” ASC-nin Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinə rəisi vəzifəsində işləmiş Nürəddin Bayramov və həmin İdarənin baş mühəndisi Vaqif Qənbərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.