AzTV-nin hər sədri bu sevgini qazanmayıb – Unudulmaz Elşad Quliyevbackend

AzTV-nin hər sədri bu sevgini qazanmayıb - Unudulmaz Elşad Quliyev

Xalqımızın ləyaqətli övladlarının və əvəzolunmaz ziyalılarının sırasında onun da ismi var. Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin sədri, Azərbaycanın əməkdar incəsənət xadimi, tarix elmləri namizədi, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü, professor və unudulmaz şəxsiyyət Elşad Quliyevin anadan olmasının 80 illiyidir. Azərbaycan Televiziyasının və Radiosunun tarixinə adı baş hərflərlə yazılmış sədrlərindən biri idi. AzTV-nın qızıl dövrünün onunla bitdiyini desək, yanılmarıq.

Tərcüməçi kimi qədəm qoyduğu, amma sədr vəzifəsinə kimi böyük yaradıcılıq və idarəetmə yolu keçən Elşad Quliyev Azərbaycan Televiziyasını öz övladı kimi çox sevirdi. Əsl televiziya heyranı idi, televiziyasız qaldığı 17 illik dönəmdə belə onunla nəfəs alırdı.

Azərbaycan və rus dillərində sərbəst danışırdı, Azərbaycan və dünya ədəbiyyatına, tariximizə dərindən bələd idi, TV sahəsini əla bilirdi, böyük, incə zövq sahibiydi. Moskvadan gələn yüksək vəzifəli məmurları öz biliyi, savadı, zəngin dünyagörüşü və səlis danışığı ilə mat vəziyyətinə salmağı bacarırdı. Cəmiyyətin həyatında baş verən bütün mühüm və əlamətdar hadisələr televiziyanın ekran-efirində əks olunurdu və səslənirdi. Onun rəhbərliyi dönəmində çəkilən verilişlər, proqramlar və teletamaşalar, təşkil edilən telefestivallar böyük əks-səda doğururdu. Təsadüfi deyildi ki, Azərbaycan Televiziyası texniki və yaradıcılıq parametrlərinə görə ölkəmizdən qat-qat böyük və inkişaf etmiş respublikaları qabaqlayaraq SSRİ teleməkanında 4-cü yerə çıxmışdı.

Televiziya və radio əməkdaşlarının hər birinin istedadına, fantaziyasına, bacarıq və qabiliyyətinə yaxşı bələd idi. Kiminsə insani keyfiyyətlərindən bəlkə də xoşu gəlmirdi, amma yaradıcılıq məsələlərinə görə həmin qüsurlara göz yumurdu. Milli kadrların axtarışı, onların meydana çıxmaları, televiziya və radioda çalışmaları üçün maarifpərvər babalarımıza məxsus keyfiyyətlərə malik idi. Müsabiqədən keçən diktorun televiziyada çalışması üçün onun valideyninin, hətta nişanlısının ayağına gedə biləcək, onları yola gətirmək üçün bütün diplomatik bacarığını işə salan rəhbər idi. İndi belə televiziya rəhbəri tanıyırsınızmı?

  • “Həvəskar bəstəkar” termini onun təşəbbüsü ilə yaradılmışdı. Uzun illər Əlibaba Məmmədov, Ələkbər Tağıyev və digərlərinin mahnılarının anonum şəkildə efirə getməsi və müəlliflərin qonorardan məhrum olmaları ilə barışmayaraq, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Qara Qarayevlə görüşmüşdü. Üç saat davam edən danışıqdan sonra Qara Qarayevi həmin mahnı müəlliflərinin həvəskar bəstəkar adlandırılmasına razı sala bilmişdi.

Vicdan və mənəviyyat sahibi idi. 1988-ci ildə Vəzirovun hədələrinə, söyuşlərinə baxmayaraq, Azadlıq meydanından mitinqin canlı yayımlanmasına göstəriş verdi, riskə gedərək Heydər Əliyevin əleyhinə olan bəzi materialların efirdən yayımlanmasının qarşısını aldı, 20 Yanvar hadisələrindən dəhşətə gələrək vəzifəsindən istefaya getdi. Kollektivin bu istefanı, onun yerinə gələn yeni sədri qəbul etmədiyinə baxmayaraq, fikrindən dönmədi. İndi belə istefa mədəniyyətinə malik dövlət məmurunu (o zaman AzTV sədri dövlət qulluqçusu hesab edilirdi) və ya televiziya rəhbərini təsəvvür etmək belə çətindir.

1992-ci ildə AzTV sədrliyinə qayıdandan sonra onun təkidilə xalqa söylənilən yalanlara görə efirdən üzr istənildi. Bu qayıdışdan sonra qısa müddətlik sədrliyi dönəmində efirdə demokratik ab-hava hökm sürdü. Ölkədə baş verənlərə çevik reaksiya verilirdi, hər kəs efirdə idi… AXC–Müsavat hakimiyyətinin ən böyük səhvlərindən biri məhz Elşad Quliyevi AzTV sədrliyindən uzaqlaşdırması və onu şair Məmməd İsmayıl kimi qeyri-peşəkarla əvəz etməsi oldu.

Ölkəmizdə ilk özəl kanalı da Elşad Quliyev yaratmışdı. Söhbət BMTİ-dən gedir. Bir il fəaliyyət göstərdi, fərqli proqram siyasəti nümayiş etdirdi, sözün əsl mənasında cəmiyyətdə səs saldı, amma qurumun sahibi TV siyasətinə kobud müdaxilə edən kimi işinə son verdi…

  • 17 il sevimli televiya məkanından ayrı yaşadı. Bu dönəmdə cəmiyyət onu peşəkar televiziya tənqidçisi kimi tanıdı. Televiziyanın ictimai-siyasi və mədəni həyatımızdakı rolunun zəifləməsinə gətirib çıxaran amilləri cəsarətlə, qərəzsiz şəkildə tənqid edirdi, əldə olunan hər uğura isə sevinirdi. Mədəniyyət və incəsənət sahəsində baş alıb gedən ucuz, bayağı, cəmiyyəti deqradasiyaya aparan proseslərin qarşısının alınması üçün “Mədəniyyət” telekanalının yaradılması təklifi ilə çıxış etdi. Çox təəssüf ki, Prezident İlham Əliyevin bu təklifin gerçəkləşdirilməsi ilə bağlı atdığı addımı görmədi. Amma AzTV sədri Arif Alışanovun təqdimatı ilə “Mədəniyyət” telekanalının ilk direktoru vəzifəsinə məhz Elşad Quliyevin oğlu, tanınmış rejissor, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev təyin olundu.

Böyük vətənpərvər idi. Heyf, Azərbaycanın parlaq Zəfər Gününü görmədi. Bilirəm, sevinərdi. Bəlkə də kövrəlib ağlayardı…

Bu gün Elşad Quliyevi ehtiramla yad edirik!

Nur içində yatın, əziz Ustad! Ruhunuz şad olsun!

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*