Tikinti materialları bazarında ciddi durğunluq müşahidə olunur. Sahibkarların və satıcıların əksəriyyəti gündəlik satışların xeyli azalmasından gileylənirlər. Onlar bunu daha çox material qiymətlərində özünü göstərən qiymət artımı ilə əlaqələndirirlər.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, tikinti məmulatlarının bahalaşması xaricdəki qiymət artımı ilə bağlıdır:
“Tikinti materiallarının böyük bir hissəsi, əsasən də taxta-şalban məmulatları Azərbaycana Rusiyadan gətirilir. Daxili istehsalımız yalnız sement, çınqıl, armatur və bu tipli materiallarda özünü göstərir. Yerdə qalan bir çox tikinti materialını xaricdən asılıyıq. Bu asılılığa görə Rusiyadakı qiymət dəyişiklikləri Azərbaycana da təsir edir.
Ekspert qeyd edib ki, Qarabağda davam edən təmir-tikinti işlərinin bazara təsiri o qədər də çox deyil:
“Çünki Qarabağda tikinti işlərini aparan şirkətlər böyük şirkətlərdir. Onlar topdan satış müqavilələri bağlayaraq, materialları özləri gətirirlər. Doğrudur, daxili bazardan da müəyyən materialların alışı təmin olunur, amma bu çox cüzidir.
Durğunluğun bir başqa səbəbi mövsümlə də əlaqədardır. Ölkədə, adətən, qış aylarında tikinti bazarında durğunluq yaranır”.