Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 15 mininci konteyner daşınıb.
“Azərbaycan Dəmir Yolları” QSC nəzdindəki “ADY Konteyner” MMC-nin məlumatına əsasən, 15 mininci konteyner Türkmənistan-Türkiyə marşrutu ilə hərəkət edən qatarın tərkibində olub.
Belə ki, 40 futluq konteyner Türkmənbaşı limanından operatoru “ADY Konteyner” olan “Silver Star” fider gəmisi vasitəsilə Bakı limanına çatdırılıb. Daha sonra ölkəmizin ərazisindən keçərək Gürcüstanın Axalkalaki stansiyasına, oradan isə Türkiyəyə yola salınıb. 15 mininci konteynerlə Türkiyəyə polipropilen daşınıb.
Qeyd edək ki, 2017-ci il oktyabrın 30-da istifadəyə verilən BTQ ilə yükdaşımaların həcmi indiyədək ümumilikdə 21 260 TEU konteyner olub. Bu ilin əvvəlindən isə bu rəqəm 10 779 TEU-dur.