Bakıda 30 il əvvəl qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin barəsindəki cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 26 noyabr 1993-cü il tarixdə Fikrət İbrahimovun yaşadığı mənzildə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı üzrə ötən illərdən bağlı qalmış cinayət işinin açılması təmin edilib.
Toplanmış sübutlar əsasında Nazim Bayramova 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi ilə (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
“Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnmişdir.