Bakıda klinikalardan birində ölüm hadisəsi baş verib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Ceyhun Akif oğlu Süleymanov yanvarın 21-də müalicə aldığı “Medilife” klinikasında dünyasını dəyişib.
C.Süleymanov yanvarın 21-də ilk olaraq Bakıxanov qəsəbəsində yerləşən “Stimul” klinikasına hidrokolonoterapiya (bağırsaq yuyulması) üçün müraciət edib. Müraciətinin səbəbi mədə-bağırsağında olan problemlə bağlı olub.
“Stimul” klinikasında narkoz həkimi olmadığı üçün onu “Medilife” klinikasına yönləndiriblər.
“Medilife” klinikasında həkim Ləman Xasıyeva tərəfindən bağırsağı yuyulan C.Süleymanov bir neçə saat sonra dünyasını dəyişib. Mərhumun ölümü ilə bağlı ailəsinə dəqiq məlumat verilmir. İlkin məlumat olaraq bildirilib ki, mərhumun təzyiqi qalxıb. Mərhum ailəli olub, 2 övladı var idi.
Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb.