Bakıda ard-arda yaşanan yanğın hadisələri ciddi narahatlıq yaradıb. Bu fonda noyabrın 27-də Honkonqda yaşayış kompklesində güclü yanğının baş verməsi, ölənlərin sayının 36-ya çatması xüsusilə diqqət çəkib. Bildirilir ki, xəstəxanalarda, dövlət idarələrinin yerləşdiyi binalarda və iaşə obyektlərində təxliyə üçün ayrıca pilləkənlər və çıxışlar olur.
Bəs yaşayış binalarında vəziyyət necədir?
KONKRET.az bildirir ki, globalinfo.az-a danışan tanınmış memar, professor Cahid Həsənov deyib ki, çoxmərtəbəli binalarda yanğın zamanı əsas təhlükə tüstünün yaratdığı fəsadlardır.
Onun sözlərinə görə, mövcud tikinti qaydalarına əsasən, belə binalarda təxliyə üçün köməkçi pilləkən qəfəsləri olmalıdır:
“Təkcə yanğının olduğu mərtəbədən söhbət getmir. Bir yerdən pilləkən qəfəsinə enərkən tüstü zolağını keçmək mümkün olmur, onun yaratdığı fəsad isə daha dəhşətlidir. Buna görə də yeni model formatları hazırlanmalıdır. Sovet dövründə hündür binalarda, hətta 3-5 mərtəbəli yaşayış evlərində belə əlavə nərdivanlar olub və bu, sakinlərin tüstü çoxaldıqda dama çıxmasına, ordan isə binanın yan və ya arxa fasadında olan açıq enişlər vasitəsilə təxliyə olunmasına imkan verirdi. Ümumi görüntüdə primitiv görünsə də, belə hallarda çox effektiv üsuldur. Ona görə də hesab edirəm ki, binalarda əlavə eniş və təxliyə pilləkənləri mütləq olmalıdır. Fasad tərəfdə estetik baxımdan mümkün olmasa da, bunun həyət və ya binanın orta hissəsində yerləşdirilməsi daha məqsədəuyğundur. Beləcə, bir blokdan digərinə keçid və axın rahat şəkildə təmin edilər”.
Memar sakinlərin maarifləndirilməsinin vacibliyini də vurğulayıb:
“Əlaqədar qurumlar mütəmadi olaraq məhəllələrdə insanlarla söhbətlər aparmalıdır. Hər mərtəbədə iri həcmli xəbərdarlıq və təxliyə planları olmalıdır ki, hamı fövqəladə vəziyyətdə hansı istiqamətə hərəkət edəcəyini bilsin. İnsan otaqdan çıxanda ilk gördüyü lift olur, amma lift yanğın zamanı işləmir. O, nəinki bunu unudur, həm də aşağı mərtəbələrdə tüstünün artdığından xəbərsiz olur. Təxliyə planları həm mərtəbələrdə, həm də sakinlərin mənzillərində olmalı, MTK-lar binanı təqdim edərkən bu planları sakinlərə izah etməli və müqaviləyə əlavə etməlidirlər. Bu, həm hüquqi, həm də təhlükəsizlik baxımından vacibdir. İnsanlar fövqəladə vəziyyətdə hansı addımı atacağını bilməlidir. Həyəcan, panika, yaş məhdudiyyəti və sağlamlıq problemləri nəzərə alınmalıdır. Buna görə maarifləndirici sosial reklamlar, təlimatlar və məlumat lövhələri mütləqdir”.
