Son günlər Bakıdakı bəzi iaşə obyektlərində donuz kababı kimi qeyri-ənənəvi məhsulların satışına dair iddialar yayılmaqdadır. Ölkəmizdə müsəlmanların çoxluq təşkil etməsi səbəbindən belə məhsulların təqdimatı birmənalı qarşılanmayıb.
KONKRET.az-ın xəbərinə görə, məsələ ilə bağlı demokrat.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, donuz əti digər ətlərlə müqayisədə daha çox bakteriya yığmaq xüsusiyyətinə malikdir və xüsusilə Salmonella və digər patogen mikroorqanizmləri özündə saxlayır:
“Restoran və iaşə müəssisələrində bu cür ətlərdən kabablar hazırlanıb təqdim edilirsə, məhsulun üzərində mütləq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sertifikatı və baytarlıq şəhadətnaməsi olmalıdır”.
Ekspert əlavə edib ki, dini-mədəni normalar da nəzərə alınmalıdır:
“Biz müsəlmanların çoxluq təşkil etdiyi ölkəyik. Donuz ətinin digər ətlərlə eyni qabda saxlanmasına yol vermək olmaz. Məhsul mütləq sanitar-gigiyenik tələblərə uyğun saxlanmalı, qeyd olunmalı və müştəri məlumatlandırılmalıdır”.
İlkin Şirinov vurğulayıb ki, müştərinin xəbəri olmadan quzu əti əvəzinə donuz əti təqdim olunması qanun pozuntusudur və məsuliyyət birbaşa iaşə müəssisəsinin rəhbərliyinə aiddir:
“Əgər donuz əti digər ətlərlə bir yerdə hazırlanır və eyni qab və alətlərdən istifadə olunursa, bu, müsəlman müştərilərə qarşı hörmətsizlikdir. Donuz əti yalnız müəyyən dar çərçivədə istifadə olunmalı və müsəlmanlara qarşı qaydalara riayət edilməlidir”.
Ekspertin sözlərinə görə, ümumiyyətlə, donuz əti ilə bağlı saxlama şəraiti normativlərə uyğun olmalı, məhsul qonşuluğuna diqqət yetirilməli və baytarlıq şəhadətnaməsi olmalıdır:
“Yalnız bu şəkildə həm sanitar-gigiyenik tələblər, həm də dini-mədəni normalar qorunmuş olar”.
Yəni, siz hər hansı bir restoranda kabab sifariş edərkən yediyiniz ətin növü və keyfiyyəti barədə məlumat almaq hüququna maliksiniz. Əgər müəssisə donuz əti satırsa, bunu menyuda aydın şəkildə qeyd etməli və onu digər qidalarla təmasda olmayacaq şəkildə hazırlamalıdır. Sizin icazəniz və məlumatınız olmadan ətin dəyişdirilməsi həm sağlamlığınızın riskə atılması, həm də aldadılmağınız mənasına gəlir
