Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb.
TƏBİB-dən KONKRET.az-a bildirilib ki, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.
Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.
Bildirilib ki, hazırda onlara zəruri tibbi xidmət göstərilir.
Qeyd edək ki, bir nəfər hadisə yerində dünyasını dəyişib.
***
13:03
Bu gün Bakı şəhər Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketlərin birində silahlı insident baş verib.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər güllələnib. Onlardan biri hadisə yerində vəfat edib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb.
Ölən şəxsin banklardan birinin inkassatoru olduğu bildirilir.
Məlumata görə, hadisəni törədən şəxs supermarketin qarşısına quraşdırılmış bankomata inkassator heyətinin yaxınlaşmasını gözləyib.
Beynəlxalq Bankın inkassatorları bankomata yaxınlaşarkən həmin şəxs onlara tərəf gələrək atəş açıb. Baş nahiyəsindən güllə yarası alan inkassator hadisə yerində ölüb. Digər şəxs isə döş qəfəsi nahiyəsindən xəsarət alıb.
İnsidenti törədən şəxs ərazidan qaçaraq uzaqlaşıb.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib, araşdırma aparılır.
Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
***
12:50
Bu gün Bakı şəhər Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketlərin birində silahlı insident baş verib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonundakı “Bravo” Əhmədli Hipermarketində qeydə alınıb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.