Yağış yağan kimi Bakıda sürət həddi endirilir və yollarda ucu-bucağı görülməyən tıxaclar yaranır.
Bəziləri iddia edir ki, Azərbaycanda sürücülərin çoxu qeyri peşəkardır və bu havada sürət həddi eyni qalsa, bu, böyük risk yarada bilər.
KONKRET.az xəbər verir ki, meteroloqlar isə payız boyunca yağışın davam edəcəyini indidən deyirlər. Nəticə etibarilə paytaxtda bütün payız boyunca tıxacların olması qaçılmazdır.
Bəs bu problemi aradan qaldırmağın yolları varmı? Məsələni dövlət qurumları tənzimləməlidir, yoxsa hər şey sürücülərin özündən asılıdır?
Məsələ ilə bağlı danışan hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, yağmurlu havada ucu görünməyən tıxacların yaranmasına bir neçə səbəb var:
“Yağışlı havada tıxacların yaranmasın üç əsas səbəb var. Bunlardan birincisi obyektiv təbii səbəbdir. Yağış, qar yağırsa, duman varsa, avtomatik olaraq sürət aşağı endirilməlidir, ara məsafəni çox götürmək lazımdır.Belə hava şəraitində asta sürətlə hərəkət etmək lazımdır.
Digər səbəb isə infrastrukturla bağlıdır. Yağış yağan zaman yollarda gölməçələr əmələ gəlir, su yığıntıları qalır. Sürücülər həmin gölməçələri ehtiyyatla keçməli olur.
Üçüncü səbəb odur ki, qeyri-sabit hava şəraitində insanlar maksimum dərəcədə fərdi avtomobildən və taksidən istifadə edirlər”.
Ekspert qeyd edib ki, belə şəraitdə dövlət qurumlarının üzərinə də böyük məsuliyyət düşür:
“Belə vəziyyətdə əlaqədar qurumların üzərinə də böyük məsuliyyət düşür. Onlar ictimai nəqliyyatı təkmilləşdirməli, mükəməlləşdirməlidirlər. İctimai nəqliyyat havadan asılı olmamalıdır. Elə yerlər var ki, orada dayanacaq belə yoxdur, vətəndaşlar məcbur olub yağışın altında dayanaraq avtobus gözləməli olurlar. Dayandıqları səki də adətən ensiz olur, yoldan keçən maşınlar suyu onların üzərinə sıçradır. Vətəndaş yağışda bu vəziyyətdə gözləyir, amma avtobusun gəlib-gəlməyəcəyi belə bəlli deyil. Çünki avtobusların qrafiki yoxdur. Belə vəziyyətdə insanlar məcbur qalıb büdcəsinə zərər vuraraq taksi sifariş verir və ya fərdi avtomobili ilə gedəcəyi yerə yollanır. Belə olan halda keçələrdə avtomobillərin sayı artır. Bu, tıxacla bağlı problemi daha da dərinləşdirir. Məhz bu səbəbdən dövlət qurumları ictimai nəqliyyatı təkmilləşdirməlidir. Xüsusən Bakıətrafı qəsəbələrdə dayanacaq problemi həll olunmalıdır, insanların daldalanacaq yeri olmalıdır.
İnfrastruktur güclü olmalıdır ki, yağıntı olduqda səkilərdə, yollarda dərin gölməçələr yaranmasın. Yaponiyada və dünyanın bir çox inkişaf etmiş ölkələrində yağış yağdıqda yollarda insanların ayağına su belə bulaşmır. Çünki infrastruktur elə qurulub ki, yollarda su yığılıb qalmır, insanlar çətirini götürüb rahat hərəkət edir, bilir ki, dayanacağa çatdıqda göstərilən dəqiqədə avtobus gələcək. Bizdə də bu istiqamətdə işlər getməlidir.
Digər vacib məsələlərdən biri də küçələrin işıqlandırılmasıdır. Çünki yağıntılı havada gündüz vaxtı belə avtomobillə hərəkət çətinləşir, qaranlıqda isə risk ikiqatdır. Küçələri işıqlandırmaq lazımdır ki, hərəkət daha da çətinləşməsin”./ Yenisabah.az