Bakıdan Tehrana MESAJ – Azərbaycan istədiyinə nail olacaq – MÜSAHİBƏbackend

Bakıdan Tehrana MESAJ - Azərbaycan istədiyinə nail olacaq - MÜSAHİBƏ 

Azərbaycan İsraildə səfirlik açır. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib. Müsavat Partiyasının başqanı Arif Hacılı mövzu ilə bağlı KONKRET.az-a eksklüziv müsahibə verib.

– Arif bəy, Azərbaycan İsraildə səfirlik açır. Bu diplomatik addımın hansı siyasi-hərbi üstünlükləri var?

– Azərbaycanla İsrailin normal qarşılıqlı münasibətləri var və tarixən heç vaxt bu iki ölkə arasında hansısa düşmənçilik münasibətləri olmayıb. Əksinə, zaman-zaman hətta uzaq tarixdə Azərbaycanla İsrail arasında əlaqələr normal inkişaf edib. Müstəqillik qazandıqdan sonra İsrailin Azərbaycanla bağlı yürütdüyü siyasət Azərbaycanın maraqlarına zidd deyil və 44 günlük müharibə ərzində də İsrail Qarabağ məsələsi ilə əlaqədar obyektiv mövqe tutan azsaylı ölkələrdən biri oldu. Eyni zamanda, İsraillə iqtisadi əməkdaşlığımız mövcuddur. İsrail Azərbaycan Ordusunun təchiz olunması üçün Azərbaycana silah satmaqdan da imtina etmir. Son dövrlərdə Türkiyə ilə də İsrail arasında münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atılıb. Bu baxımdan, Azərbaycanın İsraildə səfirliyinin açılması, diplomatik münasibətlərin qurulmasına müsbət yanaşıram, hətta bunu gecikmiş addım hesab edirəm.

– Bəs İsraildə səfirliyimizin açılması niyə bu qədər gecikib?

– Azərbaycan təəssüf ki, bir çox hallarda öz siyasətini bəzi qonşularımızın – Rusiyanın xarici siyasətinə uzlaşdırıb. Bunun nəticəsidir ki, Birləşmiş Millətlər Təşkilatında, eləcə də bir çox başqa beynəlxaq qurumlarda keçirilən səsvermələrdə Azərbaycan ya iştirak etmir, ya da Rusiyanın mənafelərinə uyğun olan layihələrə səs verir, onun maraqlarına uyğun mövqe tutur. İsraillə münasibətlərin də indiyə qədər qurulmamasının səbəblərindən biri İran və İsrail münasibətləri ilə bağlı olub. Ancaq bizim həmişə dediyimiz kimi, İran heç də belə məsələləri nəzərə alan və Azərbaycanın İsraillə diplomatik münasibətlər qurmamasına görə Azərbaycana hansısa xoşməramlı münasibət sərgiləyən dövlət deyil. Bu baxımdan, zaman da təsdiq etdi ki, İranın Azərbaycanla bağlı siyasəti İsrail-Azərbaycan münasibətinin hansısa formada dəyişməyinə səbəb olmadı.

– O zaman, səfirliyin açılmasını həm də İrana cavab kimi qiymətləndirmək olar?

– İranla İsrail müharibə vəziyyətində deyil. Ancaq Azərbaycanla Ermənistan müharibə vəziyyətindədir. İranın Ermənistanda nəinki səfirliyi var, hətta onlar bu yaxınlarda tarixi Azərbaycan torpaqları olan ərazidə konsulluq da açdılar. İndi Təbrizdə Ermənistan konsulluğunu da açmağa çalışırlar. Belə olan şəraitdə, Azərbaycan heç bir halda İranla olan münasibətlərə görə başqa dövlətlə, həmçinin İsraillə korlamamalıdır. Düşünürəm ki, bu günə qədər İsraildə Azərbaycan səfirliyinin açılmaması səbəblərindən biri məhz Azərbaycanın İrana xoşməramlı münasibət bəsləməsi ilə bağlı idi. Amma İran adekvat mövqe sərgiləmir və faktiki olaraq Azərbaycanla müharibə vəziyyətində olan dövlətə hər cür yardım edir. O cümlədən, Azərbaycan ərazilərini işğal altında saxlayan separatçı rejimlə daim əməkdaşlıq edib və o ərazidə iqtisadi fəaliyyət göstərib, orada soydaşlarımızın dədə-baba yurdlarının dağıdılmasında, sökülməsində iştirak edib. 44 günlük müharibə ərzində Ermənistana öz ərazisi üzərindən silah verilməsinə şərait yaradıb. Ermənistan tərəfi müxtəlif resurslarla, o cümlədən müharibədə xüsusi əhəmiyyət kəsb edən yanacaqla təmin edib. Təbii ki, bütün bu münasibətlərə görə İran Azərbaycanla dost dövlət sayıla bilməz. Ona görə Azərbaycanın İranla münasibətlərini qorumaq naminə İranla əks mövqedə olan dövlətlərlə münasibət qurmaması təbii ki, absurd olardı.

– Sizcə, İran səfirliyin açılmasına necə reaksiya verəcək?

– Necə reaksiya verəcəyi bizi maraqlandırmamalıdır. İran Ermənistanda səfirlik açanda, Ermənistana yanacaq verəndə Azərbaycanın tarixi ərazilərində konsulluq açanda bu məsələlər barədə düşünməyibsə, niyə biz bu məsələlər barədə düşünməliyik?

– Belə olan halda, gələcək perspektivdə yeni gedişatı necə dəyərləndirmək olar?

– Hazırda bütövlükdə Avarasiya məkanında ciddi gərginlik yaranıb. İstər Rusiya-Ukrayna müharibəsi, Rusiyanın Ukrayna ərazilərini işğal etmək cəhdləri, istərsə də İranın regionda aktivləşməsi, daxilində gedən inqilabi proseslər bir çox dəyişikliklərə səbəb olacaq. Azərbaycan dövlətinin və Azərbaycan xalqının qarşısında duran vəzifə bu çaxnaşmadan, qarşıdurmadan itkilərlə yox, uğurla çıxmaqdır. Bu istiqamətdə mövqeyimizi dəfələrlə çıxışlarımızda bildirmişik. Hesab edirəm ki, hazırda hər kəsi düşündürən başlıca məsələ regionda gedən proseslərdən Azərbaycanın uğurla çıxmasına nail olmağına töhfə verməkdən ibarət olmalıdır.

Mərahim Nəsib,

KONKRET.az

  • Tahir Qasımov
    Noyabr 18, 2022 - 19:16

    Əslində indiyədək İsraildə səfirliyimiz olmasa da onlarla münasibətlərimiz ən yüksək səviyyədə olub və İsraildə səfirlik açsaq da bu münasibətlərdə ciddi dəyişiklik olmayacaq. Amma İranın belə açıq-aşkar qeyri dost münasibət sərgiləməsindən, hətta bəzən bizə meydan oxumasından sonra bunu etməmək dogru olmaz. İrandakı 42 milyon türk soydaşımız bu dövlətin altındakı bombaya çevrilə biləcəyini hamı kimi İran da yaxşı bilir. İran Putinsayağı blef edir. Və qələt edir. Heç nə edə bilməyəcək…

  • Tahir
    Noyabr 18, 2022 - 19:19

    Deyəsən Arif Hacılı yavaş-yavaş “dinə-imana” gəlir haaaaa. Ay bərəkallah! Sükanı belə saxla….

Tahir Qasımov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*