Bakılı KƏŞFİYYATÇI – onun informatorları arasında Baş nazirin müşavirləri də var idi – FOTOLARbackend

Bakılı KƏŞFİYYATÇI - onun informatorları arasında Baş nazirin müşavirləri də var idi - FOTOLAR

Yaşamaqda olduğumuz 2020-ci il bir çox tarixi hadisələrlə yanaşı, ötən əsrin ən çox saylı insan fəlakəti ilə yaddaşalara yazılan II Dünya müharibəsinin tərkib hissəsi olan Böyük Vətən müharibəsində alman faşizmi üzərində qələbinin 75-ci ildönümünə təsadüf edir. Həmin qələbənin əldə edilməsində böyük zəhmət çəkmiş, saysız-hesabsız itkilərə yol vermis digər xalqlar kimi Azərbaycan xalqı da bu qələbəni böyük təmtəraqla qeyd edir. Alman faşizmi üzərində qələbənin əldə edilməsində Azərbaycan xalqının qəhrəman oğul və qızlarının böyük zəhəməti, həyatlarını qurban verərək bu günü yaxınlaşdırması yalnız yaşlı və orta nəslin deyil, gənclərimizin də yaddaşında daim yaşamalıdır.

Bu məqalə həmin qəhrəmanlardan biri, həyatını sülh və insanlığın yaşması naminə qurban vermis əslən bakılı əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin II Dünya müharibəsi ərəfəsində faşist Alamaniyasının yaxın tərəfdaşlarından biri olmuş militarist Yaponiyada fəaliyyətinə, onun bu ölkədə yaşadığı və hər gün qarşılaşdığı böyük təhlükələrə baxmayaraq lazımi məlumatları toplamaq üçün çalışdığı yerlərə həsr olunub.

Ötən il noyabrın 7-də bütün dünyada sülhün bərqərar olması, insanlığın xilası naminə apardığı mübarizə ilə yalnız anadan olduğu Azərbaycanda deyil, eyni zamanda, milli mənsubiyyəti ilə bağlı olduğu Almaniyada, fəaliyyəti ilə böyük yardım etdiyi Rusiyada və ömrünün son günlərini yaşadığı Yaponiyada xatirəsi hörmətlə anılan əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin edam edilməsinin 75 ili tamam oldu.

Alman faşizminə və yapon militarizminə qarşı apardığı mübarizə ilə tarixə qəhrəman kimi düşən Rixard Zorge XX əsrin əfsanəvi kəşfiyyatçısı hesab edilir. Atası alman, anası isə rus olan R.Zorge 1895-ci il oktyabrın 5-də Bakıda anadan olmuş və dünyanın hansı ölkəsində fəaliyyət göstərməsindən asılı olmayaraq həmişə özünü bakılı kimi təqdim etmişdi.

Məhz R.Zorgenin Moskvaya ötürdüyü məlumatlar II Dünya müharibəsinin gedişinə böyük təsir göstərmiş, sovet qoşunlarının almanların hücumunun qarşısını almasına və əks hücuma keçməsinə səbəb olmuşdu. Yaponiya hökumətinin iqtisadi siyasətini təhlil edən R.Zorge apardığı araşdırmalar nəticəsində yaponların böyük miqdarda yanacaq almasını və dəniz donanmasının gücləndirilməsi istiqamətində həyata keçirdiyi işləri, o cümlədən Yaponiya hökumətindəki mənbələrdən aldığı məlumatları əsas götürərək, onların keçmiş SSRİ-yə hücum etməyəcəyi qənaətinə gəlmişdi. Bu məlumatı əsas götürən sovet rəhbərliyi Uzaq Şərqdəki 22 diviziyanı Qərb cəbhəsinə gətirərək Moskva altında böyük əks hücum əməliyyatını reallaşdırmışdı.

İstər orta məktəbdə oxuduğum illərdə, istərsə də jurnalist kimi Bakıda fəaliyyət göstərdiyim dövrdə tale məni dəfələrlə bu məşhur kəşfiyyatçı ilə bağlı hadisələrlə qarşılaşdırıb. Xüsusən AZƏRTAC-da fəaliyyət göstərdiyim dövrdə, daha dəqiq desək, 2008-ci ildə Bakıda keçirilən və əfsanəvi kəşfiyyatçıya həsr olunan “Dünya tarixində Rixard Zorgenin rolu” adlı beynəlxalq simpoziumu işıqlandırarkən onun rəhbərlik etdiyi “Ramzay” adlı qrupun tarixi xidmətlərinə müxtəlif xalqlar tərəfindən verilən yüksək qiymətin şahidi olmuşdum. Həmin tədbirlərə qatılmaq üçün həm Rusiyadan, həm Almaniyadan, həm də Yaponiyadan gələn tədqiqatçıların onun insanlıq naminə göstərdiyi fəaliyyətinə heyranlığını öz gözlərimlə görmüşdüm.

Doğrusunu deyim ki, 2010-cu ildə agentliyimizin rəhbərliyi tərəfindən mənə xaricdə işləmək təklif edilərkən Misir və Yaponiya arasında seçim zamanı Gündoğar ölkəni seçməyimin səbəbləri sırasında orada vaxtilə Rixard Zorgenin çalışması faktının da az rolu olmamışdı. Bir tərəfdə bütün dünyanın möcüzələr ölkəsi adlandırdığı Yaponiyanı daha yaxından tanımaq istəyi dayanırdısa, digər tərəfdə məşhur həmyerlimizi daha yaxından öyrənmək və araşdırmaq niyyəti dururdu.

Azərbaycanın Yaponiyadakı səfirliyinin xahişi ilə yapon şirkətinin mənim üçün hazırladığı kirayə evlərlə tanış olarkən hansı hissin Minato rayonu üzərində dayanmağıma səbəb olduğunu hələ indi də başa düşə bilmirəm. Yaponiya paytaxtının rəmzlərindən biri hesab edilən “Tokio qülləsi”ndən cəmi 5 dəqiqəlik məsafədə yerləşən həmin mənzil həm də metronun “Azabu-juban” stansiyasının yaxınlığında idi. Bu rayon inzibati binaların – İmperator sarayının, parlamentin, Baş Nazirin ofisinin, Xarici İşlər Nazirliyi daxil olmaqla bir sıra nazirliklərin, hakim siyasi partiyanın, eyni zamanda, bir çox iri dövlətlərin səfirliklərinin yaxınlığında yerləşir.

Təbii ki, ilkin olaraq yaşadığım rayonun özəl xüsusiyyətləri ilə maraqlanmağa başladım və bir müddətdən sonra öyrəndim ki, mənim qaldığım məhəllə vaxtilə Rixard Zorgenin yaşadığı evin çox yaxınlığında imiş. Təbii ki, ötən illər öz işini görmüş, aparılan yenidənqurma işləri zamanı Rixard Zorgenin yaşadığı ev də digər tikililərlə birlikdə sökülmüşdü. Hazırda həmin ərazidən sürətli yol körpüsü keçir. Maraqlıdır ki, bu gün Azərbaycan Televiziyasında Yaponiya ilə bağlı materiallar zamanı efirə verilən sürətli yol görüntüsündə məhz Rixard Zorgenin yaşadığı ərazi əks olunub. Tokionun video görüntülərini lentə alarkən özüm də bilmədən məhz həmin ərazini çəkərək Bakıya göndərmişdim. Lakin təəssüf ki, böyük insan kütləsinin hər gün hərəkət etdiyi həmin küçədə bu əfsanəvi kəşfiyyatçının burada yaşadığını xatırladan nə bir lövhə, nə də başqa bir işarə yoxdur.

Bu gün istər anadan olduğu Bakı şəhərində, istərsə uğrunda mübarizə apardığı Rusiyanın müxtəlif şəhərlərində müasir tariximizin bu qəhrəman oğlunun adı əbədiləşdirilsə də, Yaponiyada buna kifayət qədər diqqət yetirilməyib. Lakin onun haqqında yazılan kitablar, çəkilən filmlər, çoxsaylı məqalələr deməyə əsas verir ki, Rixard Zorgenin adı yapon xalqı üçün də əzizdir və onun insanlıq naminə apardığı mübarizə bu ölkədə böyük hörmətlə xatırlanır.

Rixard Zorge Yaponiyaya 1933-cü ildə, Hitlerin Almaniyada hakimiyyəti ələ keçirdiyi zaman gəlmişdi. Həmin dövrün gərgin hadisələri dünyanı böyük dəyişikliklərin gözləməsindən xəbər verirdi. R.Zorge özünün qorxmazlığı və cəsarəti ilə seçilirdi. Bunu onun Azabuda seçdiyi evin coğrafi mövqeyi də təsdiq edirdi. Həmin ev agentlərin birinci düşməni olan Gizli Polis İdarəsinin cəmi bir neçə metrlik məsafəsində yerləşirdi.

Yaşadığı evi kəşfiyyat fəaliyyəti üçün dayaq məntəqəsinə çevirən R.Zorge heç bir qorxu hiss etmədən yaratdığı agentura şəbəkəsinin üzvləri ilə burada görüşürdü. Rəsmi olaraq o, Alamniyanın “Frankfurt Tsaytunq” qəzetinin müxbiri hesab edilirdi. Onun qarşısında duran əsas vəzifə isə Yaponiya imperiyasının atacağı addımların istiqamətini müəyyənləşdirməkdən ibarət idi. R.Zorgenin informatorları arasında həmin vaxt Yaponiyanın Baş Naziri olmuş Konoe Fumimaronun müşavirləri də var idi. Bu, ona gizli informasiyaya çıxış əldə etmək imkanı yaratmışdı.

Qəhrəman kəşfiyyatçının yaşadığı evin təsviri, gündəlik iş rejimi onun yapon həyat yoldaşı İşii Hanakonun “Zorge bir insan kimi” kitabında öz əksini tapıb. Avropa üslubunda inşa edilmiş ikimərtəbəli evdə yaşayan R.Zorgenin hər gün səhər saat 6-da yuxudan durduğu, idman hərəkətlərindən və səhər yeməyindən sonra mütaliə və ya məqalə hazırlamaqla məşğul olduğu, nahardan sonra xarici kütləvi informasiya vasitələri nümayəndələrinin ofislərinin yerləşdiyi Qinza rayonuna və ya alman səfirliyinə getdiyi burada qeyd edilib.

İ.Hanako yazır ki, hələ Yaponiyaya gəlməzdən əvvəl bu ölkəni geniş tədqiq edən R.Zorge onun haqqında kifayət qədər məlumata malik idi. Onun Azabudakı kabinetində yaponşünaslıq üzrə 1000-dək kitab var idi.

“Əgər mən sülh şəraitində yaşaya bilsəydim, yəqin ki, alim olardım” , – deyə R.Zorge sonralar bildirmişdi. Lakin II Dünya müharibəsi ərəfəsində dövrün gərgin məqamları onu kəşfiyyatçı olmağa məcbur etmişdi.

Yaponiyada yaşadığı dövrdə R.Zorge heç vaxt rus dilində danışmamış və hətta buradakı sovet səfirliyinə ayaq belə basmamışdı.

Səkkiz illik kəşfiyyatçı fəaliyyətindən sonra R.Zorge yaşadığı evdə həbs olunmuşdu. Bu, Pörl-Harbor əməliyyatından cəmi iki ay əvvəl, 1941-ci ilin oktyabrında baş vermişdi.

Əgər bir gün yolunuz Yaponiyaya düşərsə və siz əfsanəvi həmyerlimizin yaşadığı evin ərazisi ilə tanış olmaq istəyərsinizsə, Tokio metrosunun Namboku və ya Oeodo xətti ilə Azabu-juban stansiyana gəlməli və altıncı çıxışdan istifadə etməlisiniz. Şyutoko sürətli avtomobil yoluna paralel şəkildə üzüyuxarı Şiniçi körpüsünə doğru hərəkət edərək həmin yerə çata bilərsiniz. Lakin burada avtomobillərin intensiv hərəkətinə görə həmin evin olduğu yerə yaxınlaşa bilməyəcəksiniz.

Tokioda əfsanəvi kəşfiyyatçının adı ilə bağlı olan digər yerlər isə Qinza, Naqaça-çyo, İkebukuro və Tama rayonlarıdır.

Vüqar Kəngərli,

KONKRET.az

Ardı var…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*