Bakını “tıxac” adlı xəstəlikdən necə sağaltmaq olar? – Əgər bu deyilənlərə əməl etsək…. – AÇIQLAMAbackend

Bakını "tıxac" adlı xəstəlikdən necə sağaltmaq olar? - Əgər bu deyilənlərə əməl etsək.... - AÇIQLAMA

“Bakının dərdi var, Bakı xəstədir!” Bir vaxtlar bu deyim şeirdən bir misra kimi dilimizdə əzbər idi. Amma indi paytaxtımız həqiqətən ağır xəstəliyə düçar olub. Bunun adı isə “tıxac”dır.

Dərmanı tapılmayan bu xəstəlik artıq Bakıda yaşayan insanların özünü də “nevroz” adlı digər bəlaya mübtəla edib. Səhər işə, axşam isə evinə vaxtında çata bilməyən, saatlarla tıxacda qalan, ömrünü yollarda keçirən insanlar artıq bakıda yaşaya bilmədiklərini etiraf edirlər. Bu problemin həll olunmaması isə insanların əsəblərini daha da tarıma çəkir. Bəs görəsən, Bakını “tıxac” adlı bu xəstəlikdən necə sağaltmaq olar?

Mövzunu KONKRET.az-a şərh edən sosioloq Əfqan Vəliyev bildirib ki, Bakıda tıxac probleminin müxtəlif səbəbləri mövcuddur:

“Avtomobillərin sayının çoxalması, infrastrukturun keçmiş dövrdən qalması, Sovet vaxtı tikilən yolların dar olması, hətta ondan əvvəl şəhərin bəzi istiqamətlərində yolların avtomobillər üçün yox, faytonlar üçün salınması hazırkı tıxacların səsbəbləri kimi göstərilə bilər. Azərbaycan müstəqillik qazandıqdan sonra yeni yolların çəkilməsi, körpülərin tikilməsi ilə problemin həllinə doğru addımlar atıldı. Ancaq ölkənin sürətlə böyüməsi, universitetlərin, təhsil müəssisələrin, şirkətlərin, istehsal sahələrinin sayının artması, yeni avtomobil modellərinə tələbatın çoxalması Bakının nəqliyyat sektorunun iflic vəziyyətə düşməsinə gətirib çıxardı. Bu vəziyyət insanların işə gedib-gəlməsinə, rahat hərəkətinə çətinliklər yaradır. Bu, günümüzdə mühüm narahatçılıqlardan birinə çevrilib”.

Ekspert problemin həlli yollarından da danışıb:

“Problemin həlli üçün əlavə metrostansiyaların çəkilməsi, ictimai nəqliyyatın dayanacaqlarının sayının artırılması, şəhərdaxili istehsal sahələrinin kənara daşınması çox vacibdir. Dünyada universitetlər şəhər daxilində yox, kənarda, böyük kampuslar formasında fəaliyyət göstərir. Bakıda da bu yeniliyi tətbiq etməyin vaxtı çoxdan çatıb. Bütün bunlar tıxac probleminin həllinə müsbət təsir göstərə bilər. Eyni zamanda bəzi böyük şirkətlərin istehsal sahələrinin şəhərdən kənara daşıması, MTK-ların Bakıdan daha çox digər iri şəhərlərə yönəlməsi, rayonlarda sosial rifahın yüksəldilməsi və əhalinin Bakıya axınının qarşısının alınması tıxac probleminin həllinə böyük töhfə verə bilər. Bundan başqa alternativ yolların və körpülərin tikintisi də nəqliyyat infrastrukturunun mövcud vəziyyətdən xilas olunması ilə nəticələnəcək. İstanbulda olduğu kimi Bakıda da metrobus xəttlərinin çəkilməsi, qatarların hərəkət zolağının genişləndirilməsi, onların hərəkətinin şəhər kənarındakı ərazilərdə təmin edilməsi, “20 yanvar” dairəsindən üzü Masazır və Xırdalan kimi qəsəbə və şəhərlərə gedən istiqamətlərə metro xəttinin çəkilməsi, bəzi iş yerlərinin, iri market və “Mall”ların şəhər kənarına daşınması paytaxtdakı tıxacın qarşısını almaq üçün çox vacib addım ola bilər”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*