Bakının tıxac problemi necə aradan qaldırıla bilər? – AÇIQLAMAbackend

Bakının tıxac problemi necə aradan qaldırıla bilər? - AÇIQLAMA

Yeni tədris ilinin başlaması ilə əlaqədar tələbələrin paytaxt Bakıya axını başlayıb. Bu isə onsuz da nəqliyyat sıxlığı yaşayan Bakıda tıxac problemin daha qabarıq hiss olunacağını şərtləndirir.

Yol infrastukturunun qaydaya salınması, sıxlığın azaldılması istiqamətində müəyyən işlər görülür. Lakin görünən odur ki, bütün bu tədbirlər gözlənilən effekti vermir.

Maraqlıdır, Bakıdakı sıxlığın qarşısını almaq üçün daha hansı işlər görülməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sosioloq Elçin Bayramlı Bakıdakı tıxacların səbəbləri barədə danışıb:

“Şəhərdə heç bir qaydaya əsaslanmadan çoxsaylı yeni çoxmərtəbəli binaların tikilməsi, bir çox binalarda parklama meydançalarının olmaması və yaxud az tutumlu olması səbəbindən nəqliyyat vasitələrinin yolun kənarında parklaması, davamlı təmir-tikinti işlərinin aparılması, nəqliyyat axınının və küçə ötürmələrinin düzgün təşkil edilməməsi, sürücülər tərəfindən yol qaydalarına riayət edilməməsi tıxacların əsas səbəbləridir”.

O qeyd edib ki, problem qlobal və lokal tədbirlərlə həll edilə bilər:

“Təmir-tikinti işlərinin bitirilməsi, nəqliyyatın intellektual idarəetmə sisteminin tətbiq olunması, mərkəzi hissələrdə bina tikintisinə qadağa qoyulması kimi məsələlərin həlli daydalı ola bilər.

Yeni metrostansiyaların ləng tikilməsi, digər nəqliyyat növlərinin ləğv edilməsi (tramvay, trolleybus, elektrik qatarları və s.) da tıxacların yaranmasının səbəbləri kimi çıxış edir. Bunlar həllini tapmalıdır. Dəniz üzərindən sürətli marşrut katerlərinin hərəkəti mərkəzdə tıxacları azalda bilər.

Təkliflərdən biri də iş saatlarının tənzimlənməsidir ki, bu da müəyyən effekt verə bilər.

Qlobal tədbirlərə isə aşağıdakılar aiddir:

Regionların inkişafı təmin olunsa, paytaxtda gərginlik azalar. Avtomatik olaraq bölgələrə qayıdanlar çoxalar, şəhərdə avtomobil sayı da azalar. Digər çıxış yolu Abşeron yarımadasında yerləşən ali təhsil müəssisələrinin heç olmasa yarısının və bəzi zavod-fabriklərin, bəzi dövlət idarələrinin regionlara köçürülməsidir. Bu eyni zamanda regionların inkişafına da ciddi dəstək ola bilər.

Regionlarda perspektivli sahələrin inkişafına böyük investisiyalar qoyulmalı, əhalinin ölkə üzrə bərabər balansda yerləşdirilməsi üçün proqram həyata keçirilməlidir.

Bakı və Abşeron yarımadası onsuz da həddən artıq yüklənib, həm ekoloji, həm sosial, həm iqtisadi cəhətdən burada böyük yüklənmə var. Bu yükü ölkə üzrə paylaşdırmaq mümkündür. Bunun üçün xarici fondlarda saxladığımız strateji rezervlərdən bir hissəni cəlb etmək olar. Həmin vəsaitlər 0,5-1 faiz gəlirliklə saxlanır, halbuki ölkə iqtisadiyyatına invest edilsə, dəfələrlə çox gəlir verər. Nəticədə, ölkənin tarazlı və davamlı inkişafı təmin olunar.

Bundan başqa, kənd həyatının təbliğ edilməsi, kəndə köçüb təsərrüfatla məşğul olanlara xüsusi imtiyazlar və dəstək verilməlidir. Regionlarda işləyən sahibkarlara vergi güzəştləri edilməlidir. Əgər bu addımlar atılsa, həm ümumidaxili məhsul daha sürətlə artar, həm dövlət büdcəsinin gəlirləri çoxalar, həm də işsizlik aradan qalxar və sosial rifah yaxşılaşar”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*