Balaca uşağın ölümünü gözləyən leşyeyənin FOTOSU və ya VİCDANSIZLIĞIN HƏDDİbackend

Balaca uşağın ölümünü gözləyən leşyeyənin FOTOSU və ya VİCDANSIZLIĞIN HƏDDİ

147 yaşlı mediamızın bir sıra subyektlərinə xəbərdarlıq edilib. Bu, son dövrdə cəmiyyəti çox narahat edən intihar hadisələri ilə bağlıdır. Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı bəyanatda ictimai əhəmiyyətli informasiyalarla cəmiyyəti məlumatlandırmaq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirən KİV nümayəndələrinə peşəkar həssaslıq tövsiyə edilib.

Bu bəyanatın cəmiyyətə təsir edib-etməyəcəyini söyləmək çətindir. Çünki peşəkarlığa deyil, nəyin bahasına olursa-olsun, sensasiya axtarışına üstünlük verənlərin sayı gündən-günə artmaqdadır. Lakin medianın intiharların yolverilməzliyi, çarə olmadığı, doğmalarına yalnız dərd, kədər və sarsıntı gətirdiyi barədə ictimai rəy yaratması hansısa müsbət dəyişikliklərə gətirib çıxara bilər.

Doğrudur, təkcə media mənsubları, asayiş keşikçiləri deyil, cəmiyyətin hər bir fərdi böyük Yaradanın asilik kimi qiymətləndirdiyi intiharın qarşısının alınmasına çalışmalıdır. Çünki söhbət dünyanın əşrəfi olan insan həyatından gedir və istənilən şəraitdə ölümdən başqa hər şeyin çarəsi var.

Çox qəribədir ki, İctimai Şuraların bu istiqamətdə səmərəli fəaliyyətini görə bilmirik. Hesab edirik ki, bu istiqamətdə ictimai şuraların fəallığının artırılmasına da ciddi ehtiyac var.

Dəfələrlə şahidi olmuşuq ki, insan övladı heç tanımadığı şəxsin intihar etməyə hazırlaşdığını görərkən, bu ani hərəkətin qarşısını almağa çalışır. Odur ki, qazi Elvin Cəfərovun son videosunu çəkənlərin davranışına səssiz qalmaq olmaz. Onlar Elvinin intihar etməyə hazırlaşdığını bilə-bilə onu bu yolverilməz addımdan çəkindirməyiblər. Belə şəxslər indi Elvinin anasının fəryadını duyurlarmı?! Bu vicdanla necə yaşamaq və belə ağır yükü daşımaq olar?

Belə vicdansızların hərəkəti amerikalı fotojurnalist Kevin Karterin çəkdiyi “Leşyeyən və kiçik qız” fotosunun tarixçəsini xatırladır. Fotoqraf 1990-cı illərdə “New York Times” fotonu yayımladıqdan sonra Sudanın Ayod kəndində aclıqdan bir dəri-bir sümük qalan balaca uşağın ölümünü gözləyən leşyeyəni 20 dəqiqə izləmişdi. Onun qızğın müzakirələrə və haqlı iradlara səbəb olan məsuliyyətsizliyi özünə baha başa gəldi…

Həyatda şahidi olduğum bir hadisəni xatırlatmaq istərdim. Hörmətli və tərbiyəli bir ailənin övladı başqa ailənin qudurğan varisinə qoşulduğundan bir gün polis tərəfindən saxlanılır. Ertəsi gün polis məntəqəsinə anasının gəldiyini görəndə gənc əsəbiləşir. Onun qohum oğlanları nəzərdə tutaraq, “Sənin burada nə işin var? Yemək gətirmək üçün uşaqlar haradadır?” iradına müdrik ana belə cavab verir: “Elə bilirsən ki, bu cür davranışlı adamlarla “dostluğ”u davam etdirsən, ətrafında anandan başqa kimsə qalacaq? İndidən bura gəldim ki, bu gerçəyi anlayasan. Ətrafına bəlalar gətirən bir adamla birlikdə yürüməyə davam etsən, məhz anan həbsxana yollarında qalacaq”. Bu müdrik hərəkət həmin gəncin həyata baxışının tamamilə dəyişməsinə və gələcək bəlalardan qurtulmasına səbəb oldu.

Gəlin, vicdanımızı və “Mövlam nə edərsə, gözəl eylər” deyimini unutmayaq! O zaman yaşamaq asan olur. Sizi əsla müti olmağa, ədalətsizliklə barışmağa dəvət etmirik. Həyatınızın qədrini bilməyə, doğmalarınıza sarsıntı yaşatmamağa çağırırıq. Hamılıqla intihara YOX deyək!

Xatirə SADIQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*