Özünü buraxdığını elan edən qondarma “Dağlıq Qarabağ respublikası”nda müxtəlif postlar tutmuş separatçı-terrorçu başçıların adı gündəm mövzusudur.
KONKRET.az xəbər verir ki, Azərbaycan ictimaiyyəti Qarabağda saysız-hesabsız qətliamlar, zorakılıqlar törətmiş, əlləri minlərlə insanın qanına batmış separatçı-terrorçuların həbs xəbərlərini intizarla gözləyir.
Hələ ki separatçı-terrorçu başçılardan 4 nəfərin həbsi rəsmən təsdiqlənib: Ruben Vardanyan, David Babayan, Levon Mnasatkanyan və David Manukyan…
Bu siyahının genişlənəcəyi istisna deyil. Qarabağda erməni terrorundan zərər çəkmiş azərbaycanlılar Arayik Arutyunyan, Arşavir Qaramyan, Arkadi Qukasyan, Bako Saakyan, Ararat Melkumyan, Vitali Balasanyanın də həbsinə şahidlik etmək istəyir.
Bu şəxslər arasında yer alan qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan erməni terrorçular arasında xüsusi qəddarlığı ilə ad çıxarıb.
Bir neçə gün öncə Qarabağda olduğunu deyən Vitali Balasanyanın nə zaman saxlanılacağı və ədalət məhkəməsinə təhvil veriləcəyi Xocalı sakinlərinin də ən çox verdiyi suallardandır.
Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrinin rəhbərlərindən biri olub, Azərbaycan torpaqlarının işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun “müdafiə nazirinin müavini” olub. O, separatçı qurumun “prezident seçkiləri”ndə də iştirak edib.
Balasanyan “Daşnaksütyun” partiyasının üzvü olub. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb. Xocalı soyqırımının törədilməsində yaxından iştirak edib.
Vitali Balasanyan 1992-ci ildə girov götürülən Xocalı sakinlərini pulla Azərbaycana satan cəlladdır.
Birinci Qarabağ müharibəsinin iştirakçısı, əslən şuşalı, ehtiyatda olan polkovnik Azay Kərimov deyir ki, Vitali Balasanyan heç də sıradan biri deyil və separatçılar arasında böyük nüfuzu olub.
Onun sözlərinə görə, Əsgərandə anadan olmuş Balasanyan terroru sevən, türklərin düşməni olan və həddindən artıq qəddar bir ermənidir.
“Balasanyan Xocalı camaatını qırıb, hətta şəhid komandirlərimiz Şirin Mirzəyevin və Allahverdi Bağırovun xidməti maşınlarının keçdiyi yollara mina da yerləşdirə bilib və onların öldürülməsinə nail olub”.
Azay Kərimov deyir ki, Vitali Balasanyan öz millətinə qarşı da qəddarlıq edib.
“O zamanlar Qarabağdakı mülki erməni əhaliyə qarşı qəddarlığa Vitali Balasanyan və Emənistanın keçmiş prezidenti Serj Sarkisyan başçılıq edirdi. Belə ki, onlar kəndlərə, rayonlara gedərək, azərbaycanlılara qarşı muharibəyə qoşulmayan dinc ermənilərin arvadlarını, qızlarını, gəlinlərini elə öz gözlərinin qarşısında zorlayırdılar. Ya da oğurlayıb özlərilə aparırdılar. Bu cür yollarla məcbur edirdilər ki, mülki ermənilərin hamısı müharibəyə yazılsın, halbuki, o zaman onların çoxu döyuşmək istəmirdi. Qarabağın dinc erməni əhalisi azərbaycanlılarla birgə yaşamaq istəyirdilər”.
Vitali Balasanyan bayrağı təhvil verməyib təslim olan cəsur döyüşçü Natiq Qasımovu əsir alan, dindirən, işgəncə verən erməni quldurudur.
N.Qasımov 12 mart 1992-ci ildə Ağdam rayonunun Pirlər (keçmiş adı Xramort) kəndi istiqamətində gedən döyüşlərdə əsir götürülüb. Natiq kənd yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi istiqamətində gedən döyüş zamanı 6 yoldaşı həlak olduqdan sonra 5 gün orada ac-susuz qalıb. Gülləsi qurtarandan sonra 6-cı gün əsir alınıb. Əsir götürüləndə Azərbaycan bayrağını əlindən yerə qoymayıb.
İstisna deyil ki, Vitali Balasanyan Natiq Qasımovun sonrakı aqibəti barədə məlumatı olan şəxslərdəndir.
İndi Qasımovlar ailəsinin ən böyük arzularından biri Balasanyanın həbs olunmasıdır…
Modern.az