Fransanın Baş naziri Sebastian Lekornunun istefası Avropa bazarlarında qeyri-sabitlik yaradıb. Siyasi dəyişiklik fonunda avro ABŞ dolları qarşısında dəyər itirib.
Hazırda dünyada baş verən hadisələr hansı valyutaları gücləndirə və ya zəiflədə bilər? Azərbaycan manatı bu təsirlərdən sığortalanıb, yoxsa risk altındadır?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Turab Rzayev deyib ki, Fransadakı qeyri-sabitlik Avropa bazarlarına təsirsiz ötüşmür:
“Çünki Fransa Avropa İttifaqının (Aİ) iki əsas qurucu dövlətindən və siyasi-hərbi baxımdan ən mühüm mərkəzlərindən biridir. Əgər Almaniya iqtisadi mühərrik sayılırsa, Fransa daha çox siyasi və strateji rol oynayır. Orada baş verən siyasi dəyişikliklər, təbii olaraq bazarlarda müəyyən dalğalanma yaradır. Lakin bunun Avropa birjalarında ciddi böhrana səbəb olacağı gözlənilmir. Hazırkı vəziyyətdə Fransa hakimiyyəti ölkədə sabitliyi qorumağı bacarır. Bununla belə, siyasi rəhbərliyə inamın azalması, xüsusilə Prezident Emmanuel Makrona etimadın cəmi 15 faiz olması və baş nazirlərlə bağlı istefalar müəyyən siyasi qeyri-sabitlik təəssüratı yaradır. Bu faktorlar qısamüddətli bazar reaksiyalarına səbəb olsa da, onların avro üçün uzunmüddətli təhlükə yaratması ehtimalı azdır. Avroya qarşı dolların müvəqqəti güclənməsi müşahidə olunur, lakin perspektivdə avronun yenidən möhkəmlənməsi gözlənilir. Son illərdə avro-dollar məzənnəsi 1.2 səviyyəsinə qədər yüksəlib və bu tendensiyanın davam edəcəyi ehtimal olunur”.
Ekspert bildirib ki, baş verənlərin Azərbaycan manatına birbaşa təsiri gözlənilmir:
“Çünki manat faktiki olaraq dollara indeksləşib. Avro dəyər qazandıqda manat bu valyutaya qarşı zəifləyir, dəyər itirdikdə isə əksinə, möhkəmlənir. Lakin dollara qarşı manatın məzənnəsinin yaxın gələcəkdə dəyişməsi ehtimalı azdır. Nəticə etibarilə, Fransadakı seçkilər və avronun qısamüddətli dalğalanmaları manata təsir göstərəcək qədər ciddi amil hesab olunmur”.
Qeyd edək ki, oktyabrın 6-da Yelisey Sarayı Fransanın baş naziri Sebastian Lekornunun istefa ərizəsini təqdim etdiyini və prezident Emmanuel Makronun da qəbul etdiyini açıqlayıb.