Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı videoçarx hazırlayıb.
Qurumdan KONKRET.az-a daxil olan məlumatda qeyd edilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı rayonunu işğal edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törədib.
Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.
Xocalı soyqırımı epizodu üzrə Azərbaycan Hərbi Prokurorluğunda aparılan istintaq zamanı 7000-ə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 1771 şahid və 2699 zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilib, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, digər istintaq hərəkətləri icra edilib.
Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı hərbi güc tətbiq etməsini və təcavüz zamanı beynəlxalq humanitar hüququ ciddi şəkildə pozmasını BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələri başda olmaqla çoxsaylı beynəlxalq təşkilatların qərar və qətnamələrində qəti şəkildə pisləyib.
Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı Baş Prokurorluq tərəfindən hazırlanmış videoçarxı təqdim edirik: