Bakı Apellyasiya Məhkəməsində on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Cəfər Turabovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən Baş Prokurorun müavini Heydər Məmmədov tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası yekunlaşıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, Suraxanı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin Sabunçu Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq 1 il 3 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub. Həmçinin, Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinin tələblərinə əsasən. bu cəza daha ciddi cəza ilə əhatə edilərək, Suraxanı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilib. Nəticədə, Cəfər Turabova ümumilikdə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib, hökmün digər hissələri dəyişdirilmədən saxlanılıb.
İttihama görə, Cəfər Turabov on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan – 2008-ci il təvəllüdlü, zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) ilə 2023-cü ilin aprel ayının axırlarında qızın kirayədə yaşadığı evində qeyri-təbii yolla cinsi əlaqədə olub. 2023-cü ilin may ayının əvvəllərində günorta saatlarında isə həmin ünvanda cinsi əlaqədə olub. Onun bu əməli 11 yanvar 2024-cü il tarixədək, yəni zərərçəkmiş şəxsin 16 yaşına çatdığı dövrədək olan müddət ərzində mütəmadi olaraq davam etdirib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Cəfər Turabova şərti cəza verilmişdi.