Bayden Ərdoğanla qarşıdurmadan yayınır: Türkiyədən asılılıq başqa yol qoymurbackend

Bayden Ərdoğanla qarşıdurmadan yayınır: Türkiyədən asılılıq başqa yol qoymur

Rəcəb Tayyib Ərdoğanın siyasətindən bütün narazılıqlara baxmayaraq, Ağ Ev Suriyada Türkiyə ilə əməkdaşlığı davam etdirəcək. Bu nəticə Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Ned Praysın açıqlamasından irəli gəlir. Həm də ABŞ konqresmenlərinin Türkiyəyə qarşı daha sərt bir kurs tələb edərək dövlət katibi Enthoni Blinkenə göndərdikləri məktubdan sonra.

Praysın sözlərinə görə, Bayden rəhbərliyi Ərdoğanla qarşıdurma ab-havasında deyil, ən azı indi. Dövlət Departamentinin sözçüsü bildirib: “Suriyadakı türk ortaqlarımızla birgə maraqlarımız var. Gələcəkdə bu maraqlara yetişmək üçün Türkiyə ilə konstruktiv əsnada çalışmağa davam edəcəyik”.

Ağ Evdən əksi gözlənildiyi halda, Türkiyəni tənqid etməkdən çəkinmə qərarı verilib.

Birincisi, Türkiyə səlahiyyətlilərinin özləri qarşı tərəfi təxribata çəkirlər. Məsələn, Müdafiə Sənayesi Katibliyinin rəhbəri İsmayıl Dəmir martın 3-də, ABŞ-ın təzyiqlərinə baxmayaraq, ölkəsinin Rusiya Federasiyası ilə “S-400” hava hücumundan müdafiə sisteminin ikinci alışı ilə bağlı danışıqları dayandırmaq niyyətində olmadığını söyləyib. Hərgah məhz bu modern rus sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi bir böhrana və ABŞ-ın sanksiya tətbiq etməsinə səbəb olub.

Bundan əlavə, Suriyada türklər kürd “Xalq Özünümüdafiə Birlikləri” qrupuna qarşı fəaliyyətlərini artırıb. Vaşinqtonda YPG – müttəfiq, Ankarada – düşmən “Kürdüstan Fəhlə Partiyası”nın (PKK) Suriyadakı qolu sayılır.

Türkiyənin “Anadolu” agentliyindən bildirildiyi kimi, fevral ayında Türkiyədə və xaricdə bu təşkilatın 126 nümayəndəsi zərərsizləşdirilib. Eyni dövrdə Türkiyə ərazisində PKK ilə əlaqələrdə şübhəli bilinərək 487 nəfər nəzarətə alınıb, onlardan 80-i həbs olunub.

İkincisi, Konqres Bayden rəhbərliyindən Ərdoğana qarşı fəal hərəkət tələb edir. Həm respublikaçılar, həm də demokratlar, 170-dən çox millət vəkili, Blinkenə Türkiyədə insan haqlarının pozulmasına diqqət yetirməsini istəyən bir məktub imzalayıb.

Məktubda deyilir: “Prezident Ərdoğan və Ədalət və İnkişaf Partiyası təxminən 20 illik hakimiyyətdən istifadə edərək Türkiyənin məhkəmə sistemini zəiflədib, əsas hərbi və kəşfiyyat postlarına siyasi müttəfiqlərini yerləşdirib, söz və mətbuat azadlığını boğub, siyasi rəqibləri, jurnalistləri və azlıq nümayəndələrini qanunsuz olaraq həbs edib”.

Konqresmenlərin istinad etdikləri məlumatlara görə, Türkiyədə çevriliş cəhdinin yatırıldığı andan, 2016-cı ildən bəri repressiyanın geniş vüsət aldığı ortaya çıxıb. 80 mindən çox insanın nəzarətə alındığı deyilir. Üstəlik, Dövlət Departamentinin işçiləri olan 3 türk də tutulub.

Protestant keşiş, Amerika vətəndaşı Endrü Bransonun işi ABŞ-da xüsusilə böyük təpki doğurub. Bir neçə il əvvəl o, Türkiyədə PKK ilə əlaqələr də daxil olmaqla, bir çox ittihamla həbs edilmişdi. Ərdoğan, Bransonu, həqiqətən, mübadilə obyekti olaraq gördüyünü gizlətmirdi. Türk liderin dediyinə görə, vaiz Fəthullah Gülən pastorun sərbəst buraxılması əvəzinə təhvil verilməli idi. ABŞ-da siyasi sığınacaq almış Gülən Türkiyə hakimiyyəti tərəfindən 2016-cı il çevriliş cəhdinin təşəbbüskarı və təşkilatçısı sayılır.

Mübadilə baş tutmayıb. 2018-ci ildə uzun sürən danışıqlardan və ABŞ-ın bir sıra türk rəsmilərinə qarşı sanksiyalar tətbiq etməsindən sonra Branson sərbəst buraxılıb.

Bununla birlikdə, Konqresdə Ərdoğanın çulunu sudan asanlıqla çıxarması barədə fikirlər var. Blinkenə hazırkı məktubun təşəbbüskarları arasında Bransonu dəstəkləyən konqresmen Set Multon xüsusi fəallıq göstərir.

Praysın açıqlaması Amerika millət vəkillərinə, bir növ, cavab kimi görünür; bu, Türkiyə ilə mübahisənin Bayden üçün arzuolunmaz olduğuna dəlildir.

“İki ölkə arasındakı münasibətlərin radikal şəkildə yenidən nəzərdən keçirilməsi ehtimalı azdır. Münasibətlərin müəyyən, daha çox şifahi şəkildə düzəldilməsi mümkündür”, – deyə Rusiya Elmlər Akademiyası Avropa İnstitutunun Avropa-Yaxın Şərq Mərkəzinin rəhbəri Aleksandr Şumilin “NG”-yə verdiyi müsahibədə təxmin edib.

Ekspert ABŞ-ın Türkiyə siyasətinin Avropa İttifaqının Ərdoğanla əlaqəli davranışı ilə sıx bağlı olacağına inanır. İndiyə qədər Brüsselin Aİ üçün bir çox problemin təcili həllində asılı olduğu ölkə ilə ciddi şəkildə mübahisə etmək qərarına gəldiyinə dair heç bir əlamət yoxdur. Məsələn, Yaxın Şərqdən qanunsuz miqrasiya problemində, bu günə qədər Türkiyədəki qaçqın düşərgələri çəkindirici amil olub.

Ərdoğanı uzun müddətdir tənqid edən Fransa prezidenti Emmanuel Makronla onlayn danışıqları da Aİ-nin rəsmi Ankara ilə qarşı-qarşıya gəlməməyə və qərarlı olduğuna dair açıq sübutdur.

Yeri gəlmişkən, Türkiyə lideri bu danışıqları “uğurlu” adlandırıb.

Gennadi Petrov

“Nezavisimaya qazeta”, 03.03.2021

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*