Bayden nələr edəcək? – Ekspert DETALLARI AÇDIbackend

Bayden nələr edəcək? - Ekspert DETALLARI AÇDI

Bu gündən ABŞ prezidenti kürsüsünə Co Bayden əyləşir. Ən azı 4 il onu bu kürsüdə görəcəyik.

Sələfi Donald Trampı “taxtından” salan irland əslli lider Azərbaycan, Türkiyə, Cənubi Qafqaz, ümumilikdə region üçün nələr vəd edir? – Baydenin ermənipərəst olduğunu deyənlər və düşünənlər də az deyil. O, İran, Qarabağ, Əfqanıstan konteksində Azərbaycana qarşı siyasətində hansı fərqli baxış bucağı sərgiləyəcək? Türkiyə ilə “S-400-“İncirlik” çəkişməsi”nə Bayden nöqtəmi qoyacaq, yoxsa vergülmü?

Suallar çoxdur, bilirəm, siz də mənimlə eyni fikirdəsiniz. Sualları bu dəfə politoloq İlqar Vəlizadə cavabladı.

KONKRET.az xəbər verir ki, o, müsahibəsində bildirib ki, ABŞ Suriyaya yenidən qayıdacaq. Qarabağa isə… Çox uzatmadan, müsahibəyə keçək:

– Co Bayden bu gündən başlayaraq ən azı dörd il müddətində okeanın o tayında hökmranlıq edəcək. Yeni Birləşmiş Ştatlar Prezidentinin Cənubi Qafqaz və region müstəvisində Azərbaycana münasibəti hansı formada inkişaf edəcək?

– Co Bayden regionla tanış olan bir siyasətçidir. Cənubi Qafqazda gedən proseslərə bələd olan insandır. Çox güman ki, ənənəvi siyasət aparacaq. Amerika Birləşmiş Ştatları enerji sektoru ilə bağlı faktorlara daha böyük önəm verəcək. Təhlükəsizlik faktorlarını diqqətdə saxlayacaqlar. Ölkəmizlə münasibətlərdə Əfqanıstan mövzusu yenə də ABŞ üçün xüsusi və vacib yer tutacaq. Azərbaycana Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə münasibətlər prizmasından baxılacaq. Eyni zamanda, İran prizmasından baxılması da düşünüləndir. Yəni, Azərbaycan Birləşmiş Ştatlar üçün vacib, son dərəcə önəmli oyunçudur.

– Yəni, elə bir rakurs, baxış dəyişikliyi olmayacaq?

– Bilirsiniz, burada müəyyən sistem formalaşıb. Həmin sistem üzrə də Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətləri formalaşıb. Hər halda bu sistemə əl gəzdirilməyəcək. Bayden demokratiyadan çox danışır. Demokratik prinsiplərin tətbiqi məsələsinin üzərinə çox vurğu vurur. Düşünürəm ki, bu siyasətin reallaşması insan hüquqları, demokratiya aksentləri üzərindən olacaq. Yəni, bu da ənənəvi yanaşmadır. Fikrimcə, sələfi Donald Tramp dönəmində bu yanaşma arxa plana keçibsə, Bayden dönəmində ön plana çıxacaq.

– Bəs Türkiyə-ABŞ münasibətləri Bayden dönəmində necə inkişaf edəcək? S-400 problemi var, sanksiya məsələsi də həmçinin…

– Çox güman ki, Tramp dönəmindəki gərginliklər yenə də qalacaq. Başqa formada olacağı, amma qalacağı ehtimal olunur. Bilirsiniz, Bayden diplomatdır. Türkiyə ilə münasibətlərdə daha çox diplomatik təzyiq mexanizmlərindən istifadə ediləcək, nəinki, siyasi-populist ritorikadan. Bu siyasi-populist ritorika ola bilər ki, arxa plana keçsin. Vaşinqton da başa düşür ki, Ankara onun NATO üzrə müttəfiqidir. Ümumiyyətlə, NATO çərçivəsində Amerika öz fəaliyyətini dəyişdirəcək. Yenə də müttəfiqlərlə işləyəcək. O cümlədən, Türkiyə ilə də işləməyə davam edəcək. Yaddan çıxarmayaq ki, Türkiyədə Amerikanın İncirlik bazası var. Çox güman ki, Amerika bu bazanı saxlamaq niyyətindədir. Tramp administrasiyası dönəmində belə fikirlər var idi ki, ABŞ-ın Türkiyədəki mövcudluğunu azaltmaq lazımdır. Burada Bayden dəst-xətti olmayacaq. Əksinə, çalışacaqlar ki, regional məsələlərdə Türkiyənin rolundan daha çox istifadə etsinlər.

– Məhz bu konteksdə Suriya məsələsində hər hansı bir dəyişiklik olacaqmı?

– Çox güman ki, Amerika Suriyaya qayıdacaq. ABŞ-ın Suriyaya qayıdışı məhz bu məsələdə Türkiyə amilindən istifadədən keçir.

– Belə bir fikir də səsləndirilir ki, Bayden ermənipərəstdir. Bu fondan baxsaq, Baydenin Qarabağ münaqişəsinə baxışı, təsiri necə olacaq?

– Barak Obamanı da deyirdilər ki, ermənipərəstdir. Bayden də Obamanın dəstəsindən çıxmış bir siyasətçidir. Amma “soyqırımı” qətnaməsi ilə bağlı məsələ Obamanın deyil, Trampın vaxtında baş verdi. Baxmayaraq ki, Trampı heç kəs ermənipərəstlikdə ittiham eləməmişdi. Yəni, burada birmənalı nəsə demək düzgün deyil. Çünki bunlar real siyasətçilərdir. Faktiki olaraq erməni faktoru regionda zəifləyib. Heç kəs bu faktordan indiyə qədər faydalı şəkildə istifadə etməyib. Düzdür, erməni faktoru daxili siyasətdə müəyyən rol oynayır. Misal üçün, diaspor məsələsini buraya aid etmək mümkündür. Amma ABŞ liderləri daha çox real siyasətə üstünlük verən insanlardır. Ona görə də düşünürəm ki, erməni faktoru Bayden dönəmində qabardılmayacaq. Ən azından yaxın illərdə…

– Gərginləşən Rusiya-Birləşmiş Ştatlar münasibətləri fonunda Baydenin hansı addımlar atacağını proqnozlaşdırırsınız?

– Co Bayden Rusiya ilə siyasətdə sərt dəst-xətt aparacaq. Onun komandasında elə insanlar təmsil olunur ki, vaxtilə Barak Obama dönəmində bu sərt siyasəti həyata keçirirdilər. Çox güman ki, yenə də Ukrayna məsələsi gündəmə gələcək. Tramp çalışırdı ki, Ukrayna məsələsini çox qabartmasın. Fikrimcə, Bayden dönəmində bu məsələ Rusiya ilə münasibətlər fonunda diqqətdə saxlanılacaq. Hətta qabardılacaq. Burada da nəyisə birmənalı demək mümkün deyil. Çünki Tramp zamanında ABŞ bir çox sazişdən çıxıb. Strateji hücum silahlarından imtina sazişi var idi, o sazişdən Birləşmiş Ştatlar imtina etdi. Bundan başqa, Vaşinqton açıq hava məkanı sazişindən də çıxdığını bildirib. Bunlar Rusiya ilə imzalanan sazişlərdir. Amerikanın çıxdığı və beynəlxalq təhlükəsizliyə təsirini göstərən sazişlərlə bağlı ABŞ yenidən Rusiya ilə danışıqlara gedəcək. Üzümüzə gələn dönəmlərdə bunun baş verməsi gözlənilir. Hətta yeni çərçivə sənədinin imzalanmasını da gözləmək olar.

– İlqar müəllim, 44 günlük müharibədə ABŞ-ın başı özünə, daxildəki ab-havaya, seçkilərə qarışmışdı. Müharibənin gedişində və post-müharibə dövründə münaqişənin həlli ilə bağlı daha çox Kreml fəallıq göstərdi. Necə düşünürsünüz, Bayden dönəmində Vaşinqton Qarabağ məsələsi ilə bağlı hansı addımlar ata bilər?

– Müəyyən aktivlik olacaq. Baxın, illər keçib, 30 ilin təcrübəsi göstərir ki, ABŞ-ın bu məsələdə aktivliyi siyasi-diplomatik müstəvidə olub. Real olaraq Birləşmiş Ştatlarının və Avropanın digər oyunçularının bu məsələyə müdaxilə etmək imkanları azdır. Ona görə də düşünmürəm ki, Qarabağ məsələsinin həlli prizmasında Amerikanın rolu dəyişəcək. Bu, real görünmür. /publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*