Yeni il süfrələrinin zənginliyi bayramdan sonra da davam edir. Lakin axşamdan qalan yeməklərin səhər yeməyində istehlakı bəzən ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə, düzgün saxlanmayan və tez xarab olan qidalar zəhərlənməyə səbəb ola bilər. Bəs hansı yeməklər daha təhlükəlidir və nələrə diqqət etmək lazımdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, bəzi qidalar var ki, saxlanma şəraiti düzgün olsa belə tez xarab olma ehtimalı yüksəkdir. Onun sözlərinə görə, xüsusilə göbələk və balıqdan hazırlanan yeməklər risk qrupuna daxildir:
“Bəzi qidalar var ki, saxlanma şəraiti düzgün olduqda belə xarab olma ehtimalı daha yüksəkdir. Məsələn, göbələk və balıq qidaları bu kateqoriyaya aiddir. Göbələk tərkibli yeməklər mümkün qədər elə bişirildiyi gün istehlak edilməlidir.”
Həkim vurğulayıb ki, digər yeməklər də axşamdan mütləq soyuducuya yerləşdirilməlidir. Əks halda qida zəhərlənməsi riski xeyli artır:
“Əgər saxlanma şəraiti düzgün olmazsa, qida zəhərlənməsi baş verəcək. Qoxusunda hər hansı dəyişiklik hiss edilərsə, həmin yemək qətiyyən istifadə olunmamalıdır. Bu, kütləvi zəhərlənməyə gətirib çıxara bilər.”
Günay Lətifova əlavə edib ki, bişmiş göyərti məhsulları da uzun müddət saxlanıldıqda təhlükəli ola bilər. Onun sözlərinə görə, ürəkbulanma, mədə ağrısı, halsızlıq kimi əlamətlər müşahidə olunarsa, dərhal həkimə müraciət etmək vacibdir.
Mütəxəssislər bayram süfrəsindən qalan yeməklərin istehlakı zamanı diqqətli olmağı, xüsusilə riskli qidaları yenidən istifadə etməməyi məsləhət görürlər.
Aynurə İsmayıl
KONKRET.az

